Xarici ölkələrdə yaşayan azərbaycanlı modellərin həyat və fəaliyyəti ilə bağlı məlumatımız o qədər də sistemli və yetərli deyil.
Teleqraf.com bu istiqamətdə apardığı kiçik araşdırmanı təqdim edir:
Model Günay Musayeva karyerasını Türkiyədə davam etdirir. O, aktyor Tolqa Karel ilə evli olub, birgə nikahdan cütlüyün Cahangir adlı oğlu var. Model keçmiş həyat yoldaşı haqqında mediada bir çox ittihamlar səsləndirib. O, Tolqanın oğluyla görüşmədiyini və aliment ödəmədiyini deyib.
Tolqadan ayrıldıqdan sonra Günayın adı iş adamı Öncü Sönmez və stilist Fuad Hacıyevlə hallanıb. Model hazırda Türkiyədə tanınmış brendlərin siması kimi podiuma çıxır. O, eyni zamanda "Cəsur və gözəl" serialında da rol alıb.
Model Nigar Talıbova da Türkiyədə yaşayır. 2013-cü ildə türk işadamı, milyonçu Ekim Alptekin ilə rəsmi nikaha girib. Modelin rəsmi nikaha qədər əkiz uşaq gözlədiyi xəbərləri yayılmışdı. Əkizlər dünyaya gəldikdən sonra Nigar uşaqlarının atası Ekim Alptekinlə sadə nikah mərasimi ilə evlənib. Cütlüyün üç övladı var.
Model Validə Abbasova qızı Kamillanın təhsilinə görə İsveçrədə yaşayır. Özündən yaşca kiçik gənclərlə sevgili olan model sosial şəbəkədə tez-tez fotolarını paylaşır. O, 1998-ci ildə “Miss press Azerbaijan”, 2000-ci ildə “Miss Millenium” seçilib. 2004 və 2010-cu illərdə “Best Model of Azerbaijan”, “Best model of the World” yarışmalarının prezidenti olub.
Model Könül Əzizova da Türkiyədə fəaliyyət göstərən modellər sırasındadır. O, müsahibələrində eyni ölkədə yaşadığı həmkarları Nigar Talıbova və Günay Musayeva ilə münasibətinin olmadığını deyib.
Model Laçın Cəbrayılov da fəaliyyətini Türkiyədə davam edir. O, 2015-ci ildə Hindistanın məşhur "6th Avenue Models" agentliyi ilə müqavilə bağlayıb. "Balmedor" şirkətinin xarici simalarından biri olub. Türkiyənin model şirkəti ilə iş birliyində olan Laçın Cəbrayılov podium çıxır və reklam çarxlarına çəkilir.
Model Kamilla Babayeva xarici ölkələrə tez-tez səfər edir. O, Rusiyanın "Pyatnitsa" telekanalında yayımlanan "Barışnya-krestyanka" realiti-şousunun iştirakçısı, Azərbaycanda “Lider” TV-də yayımlanan “Qaraj Pro” verilişinin aparıcısı olub.
Model Gülsarə Rzayeva ABŞ-da məskunlaşıb. O, "Miss Azərbaycan 1997" müsabiqəsinin qalibidir. Aktrisa kimi də fəaliyyət göstərib. Bundan başqa, Türkiyənin tanınmış müğənnisi Ziynet Sali ilə "Follow me" layihəsi çərçivəsində eyni adda mahnı dueti oxuyub.
Model Rüstəm Cəbrayılov bir müddət əvvələcən ABŞ-da fəaliyyət göstərib. Hazırda Azərbaycanda yaşayan model “Best Model of the World-2006” müsabiqəsinin qalibidir. O, şəxsi həyatı haqqında danışmağı sevmir. Bir dəfə evli olub. övladı yoxdur.
Rəqsanə