15 Avqust 2014 12:09
7 201
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bizimkilər və əcnəbilər ondan necə istifadə edir?

Əgər əvvəllər tək-tük döyməli insanlar və sənət adamları ilə rastlaşırdıqsa, bu gün o insanların sayı durmadan artır. Bədənin müxtəlif yerlərinə vurulan döymələr həmin insanların cəmiyyətə ötürdükləri mesaj, yaxud özünüifadə vasitəsidir. Əgər əvvəllər "Filan sənətçi döymə etdirdi" kimi başlıqlı xəbərlər şok effekti yaradırdısa, bu gün bunlar adi qarşılanır və daha çox döymələrin mahiyyətinə diqqət yetirilir.

Teleqraf.com xarici və Azərbaycanda döymələri sevən sənət adamları ilə bağlı kiçik araşdırma aparıb. Nəticələri sizə təqdim edirik.

"Könlün dəyişərsə, dünya da dəyişər"

Azərbaycanda döyməli müğənnilərin adı çəkiləndə mənim kimi çoxlarının yadına öncə əməkdar artist Tünzalə Ağayeva gəlir. Qalıcı döymələri xoşlamayan müğənni tez-tez onları dəyişməyi və "İnstaqram" hesabından bunu bəyan etməyi çox sevir. Bir qayda olaraq da həmin döymələr səs-küyə səbəb ola bilir. Bununla bağlı sualımıza cavab verən əməkdar artist qoluna çəkilən şəkillərin döymə deyil, naxış olduğunu bildirib: "Yenə deyirəm, bu, tatu deyil, ömürlük qolumda qalmayacaq. Çünki "body-art" uzağı bir həftə yaşayır. Bu, bir naxışdır, bəzəkdir və mən belə şeyləri sevirəm. Bu gün dünyada çox qadın xına, "body-art"la bədənlərində, üzlərində müxtəlif rəsmlər çəkirlər. İlk dəfə qoluma xına ilə böyük Şəms Təbrizinin bir kəlməsini yazdırmışdım: "Könlün dəyişərsə, dünya da dəyişər". Sonra elə alınmışdı ki, "Könlün dəyişərsə" sözü silinmişdi və çox gülməli vəziyyət yaranmışdı. Bu dəfə sözdən vaz keçdim, çünki söz uzun olur və hər an silinmək təhlükəsi var". O bildirib ki, qolundakı naxışlar bəzən yaradıcılıq uğurlarından da çox müzakirə olunur.

Üç döyməli Dilarə

Döyməni vaz keçilməz dərəcədə bəyənən müğənnilərdən biri də Dilarə Kazımovadır. Qəzetimizə müsahibəsində Dilarə bədənində üç tatusu olduğunu açıqlayıb: "Bədənimdə üç tatum var. Sağ pəncəmdəki tatu heç nədən qorxmaq lazım deyil anlamındadır. Həqiqətən, həyatda, əslində, heç nədən qorxmaq lazım deyil. Sol qolumdakı tatu "on" və "of"-lara işarədir. Yəni hər zaman "on" rejimində olmaq lazımdır. Boynumun arxasındakı tatu isə açardır. Düşünürəm ki, hər bir insanın öz sirləri var. Və o açarı tapan, qapını açan, sirlərdən xəbərdar olan birisi də var bu dünyada. Bu anlamlar mənim üçün çox vacibdir, onlar mənə çox şeyləri xatırladır. Çünki o tatuları hansısa hissin təsiri altında etdirmişəm. Tezliklə yeni, dördüncü tatum olacaq. Bu "Start a fire" kəlməsi və yaxud onunla bağlı döymə olmayacaq. Düşünürəm ki, o tatu "Hər şey keçir" anlamını özündə əks etdirməlidir".

Ramalın ulduzu

Ötən il müğənni Ramal İsrafilov boğazına ulduz şəklində döymə etdirib. O, mətbuata açıqlamasında döyməsinin yeni klipi ilə bağlı olduğunu bildirmişdi.

Rəqsanə İsmayılova qol döymələrinə çox həssasdır. Ara-sıra yeni döymələri olan fotolarını sosial şəbəkələrdə paylaşan müğənninin döymələri içərisində qızları Aysun və Yağmurun baş hərfləri də var.
Sol qoluna gül şəkli döydürən aktrisa Məleykə Əsədova da bununla bir xeyli gündəm mövzusu olmuşdu. Gül şəkli ilə yanaşı, ingilis dilində "gözəl" mənasını verən "Dotey" sözünə də rast gəlmək olar.

Brilliant Dadaşovanın xərçəngi

Ötən il qolundakı xərçəng şəkli ilə diqqətlərinə özünə çəkən Brilliant Dadaşova onun ömürlük deyil, bir müddətlik olduğu bildirib.

Göründüyü kimi, bizim sənətçilərin əksəriyyəti daha çox qol nahiyələrini "body-art"la bəzəməklə yadda qalıblar. Bəs döyməli dünya ulduzlarında vəziyyət necədir? Bəziləri buna qarşı, bəziləri isə ona qarşı olanlara qarşıdır.

Döyməsi dəfələrlə tənqid olundu

Türkiyənin tanınmış müğənnisi Gökhan Özoğuz döyməsinə görə, çox tənqidlərə məruz qalıb. Döyməsi səbəbindən onun dəstəmazının batil olması barədə mübahisələrə günlərini sərf edən müğənni ən sonda tanınmış ilahiyyatçı Nihat Hatipoğlunun bu məsələ barədə çıxışını əks etdirən video və başında namaz papağı olan fotosunu "İnstaqram" səhifəsində yayıb.

"Aktrisa döyməsiz olmalıdır"

Türkiyəli aktrisa Doğa Rutkay "Twitter"də döyməli aktrisaları hədəfə alan status paylaşmışdı: "Aktrisa döyməsiz olmalıdır. Yox əgər bunu çox istəyirsə, o zaman münasib yerində olmalıdır. Çünki aktrisa özünə aid deyil. Onun hətta saçı, saqqalı belə oynadığı rola aiddir".

Kıvançın incə mesajı

Döymələri olan məşhurlardan biri də Kıvanç Tatlıtuğdur. "Kuzey Güney" serialına çəkilən zaman aktyorun döymələri rol gərəyi tez-tez ekranda nümayiş olunub. Onun sol qolunda "Only Allah can judge me" (Ancaq Allah məni tənbeh edə bilər), sağ qolunda isə əjdaha döyməsi var.

Döyməli cütlüklər və o gecə

Bred Pitt də döyməyə düşkün məşhurlardandır. Bədəninin əksər hissəsində döyməsi olan aktyorun sağ qolunun içindəki döymə isə xeyli maraqlıdır. Bu, Mövlananın "Yanlış və doğru haqqındakı fikirlərimizin kənarında bir yer var. Sizinlə orada görüşəcəyik" fikri əksini tapıb. Pitin həyat yoldaşı aktrisa Anjelina Colinin döymələri çox uzun və dərin anlamları ilə seçilir.

Döyməli ailələr siyahısında Devid və Viktoriya Bekhemlər də yer alır. Viktoriyanın ən diqqəti cəlb edən tatusu yəhudi kitabından toylarda tez-tez oxunan və həyat yoldaşı David Bekhama həsr etdiyi "Mən eşqimin, eşqim mənim" kəlməsidir. Onun sağ biləyindəki rum rəqəmləri isə 8 May 1997-ci il həyat yoldaşı Devid Bekhamla ilk yaxınlaşdığı gecənin tarixini izah edir.

Ailəli ikən bir-birilərinin şərəfinə döymə etdirənlər isə ayrıldıqdan sonra onları silmək məcburiyyətində qalırlar. Məşhur müğənni Mark Entoninin başına gələn kimi...O Cennifer Lopeslə evli ikən onun adını sağ biləyinə yazmışdı, ayrılandan sonra onu "Statue of Liberty" (Azadlıq heykəli) kəlməsi ilə əvəz edib.

Qeyd edək ki, aktrisa Megan Foksun 7 , başı qalmaqallardan əskik olmayan kanadalı gənc müğənni Castin Biberin 23, Hadisənin isə 10 döyməsi var.


Müəllif:

Oxşar xəbərlər