Yeni gələn gitara ifaçıları ilə məni müqayisə etmək düzgün deyil.
Bu sözləri Teleqraf.com-a xalq artisti, gitara ifaçısı Rəmiş (Rafiq Hüseynov) deyib.
74 yaşlı musiqiçi bildirib ki, ondan yaşca kiçik həmkarları ilə müqayisə olunmaq istəmir: “Təzələr hələ muğamı öyrənməli, məktəb keçməlidirlər. Mən 25 il oxumuşam. Muğam elə bir dəryadır ki, onu oxumaqla bitmir.
Məndən sonra sənətə gələn həmkarlarım yanımda uşaqdırlar. Mənim 74 yaşım var, onların 30-40 yaşları. Məni dahi sənətkarlara müqayisə etmək olar. Mən Yaqub Məmmədov, Xan əmi ilə işləmişəm. Özünü mənimlə müqayisə edən oğlan gəlsin duelə çıxaq, görək kim birincidir?”
Gitara ifaçısı iddia edib ki, bütün həmkarları ondan bəhrələnərək sənətə gəliblər: “İndi nə qədər əlinə gitara alan varsa, hamısı mənim tələbəmdir. Mənim tələbəm olmayanı da kim öyrədibsə, onun müəllimi mənəm.
Bu sözlərim qalmaqala səbəb ola bilər. Amma hər bir insana cavab verəcək sözümüz və gücümüz var”.