Mayın 11-də opera sənətinin tanınmış nümayəndələri Anna Netrebko, Yusif Eyvazov və Elçin Əzizovun iştirakı ilə Heydər Əliyev Mərkəzində “Azərbaycana sevgi ilə” konsert proqramı təqdim ediləcək.
Bu barədə Teleqraf.com-a Heydər Əliyev Mərkəzindən məlumat verilib.
Müxtəlif operalardan ariyaların daxil olduğu konsert proqramında ifaçıları Xalq artist Rauf Abdullayevin dirijorluğu ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edəcək.
Qeyd edək ki, Anna Netrebko (soprano) Rusiyanın XXI əsrdə ən görkəmli opera ifaçılarından biridir.
O, 2007-ci ildə ABŞ-ın məşhur “Time” jurnalının dünyanın ən nüfuzlu 100 şəxsinin siyahısına daxil olub. Rusiya Federasiyasının Xalq artisti və Dövlət mükafatı laureatı olan Netrebko müxtəlif ölkələrdə bir çox mükafatlarla, o cümlədən, Rusiya ilə Azərbaycan arasında musiqi sənəti sahəsində əməkdaşlığın möhkəmləndirilməsində səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikasının “Dostluq” ordeni ilə təltif edilib.
Anna Netrebkonun həyat yoldaşı Yusif Eyvazov (tenor) Azərbaycanın Xalq artistidir. İfaçının repertuarına dramatik istedad və vokal bacarıqlarını göstərməyə imkan verən opera partiyaları daxildir. Onun adı “Dünyanın ən yaxşı tenorları” kitabına daxil edilib.
Elçin Əzizov (bariton) Azərbaycanın Xalq artistidir. “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun üzvü olub.
2017-ci ildə Anna Netrebko və Yusif Eyvazovla birlikdə opera ulduzlarının “Half Way Around The World” konsert turunda iştirak edib. Tur çərçivəsində altı ölkənin səkkiz şəhərində konsertlər verilib.