Son günlər efirlərdə qeyri-etik ifadələr işlədən məşhurların qalmaqalı səngimək bilmir.
Teleqraf.com xəbər verir ki, əməkdar artist Rəşad İlyasov və müğənni Rüfət Axundovdan sonra daha bir məşhurun qeyri-etik ifadə işlətdiyi kadrlar yayılıb.
Əməkdar artist Röya Ayxan “Zaurla Günaydın” proqramında qonaq olan zaman onun aparıcı Günay Baxşəliyevanın qulağına dediyi sözlər efirə gedib. Sənətçi bunu pıçıltı ilə desə də, mikrofonunun səsi yüksəldilib və tamaşaçılar tərəfindən eşidilib.
Hadisə aylar əvvəl yaşansa da onun videosu son günlər yayılıb. Bir çoxları isə videonu paylaşaraq, “Bəs, Röya niyə cəza almadı” şərhini yazıblar.
Qeyd edək ki, “Space”in “Hər səhər” verilişində Rüfət mahnı oxuyarkən Rəşadla birlikdə söyüş işlətməsi səs rejissorunun günahı ucbatından efirə getmişdi. Həmin hadisəyə görə MTRŞ-ı kanal rəhbərliyini, ifaçıları, aparıcını və səs rejissorunu cəzalandırmışdı.