Xalq artisti Leyla Şıxlinskaya İTV-də yayımlanan "Gəl, qonaq ol" verilişində virtual qonaq olub.
Teleqraf.com xəbər verir ki, Leyla Şıxlinskaya koronavirusa görə insanlara evdə oturmağı tövsiyə edib:
"Həyat elə gətirdi ki, böyük bir xəstəxananın rəhbəri oldum. Hazırda insanların bu çətin vəziyyətdən necə çıxması haqqında düşünürəm. Evdə oturmaq lazımdırsa, buna riayət edilməlidir. Başqa cür düşünmək lazım deyil. Bu günlərdə hərə bir söz deyir, kimi inanır, kimi yox.
Süni yaradılmış xəstəlik olduğunu deyənlər də var. Amma ən əsası bu, mikrobdur, necə yaranmasının fərqi yoxdur. Mənim xaricdə dostlarım çoxdur və bu xəstəlikdən yarım milyon adam ölüb. Qızım Sinqapurda yaşayır. Evdən çıxmayın və özünüzü qoruyun".
Xalq artisti karantin rejimində insanları bir-birinə diqqətli olmağa çağırıb: "Hamilə qadınlarla 20 il bir yerdə olmuşam. Onlar gələcək anadırlar. Onları xüsusi ilə bu mərhələdə qorumaq lazımdır.
Kişilər də işləmirlər, həyat yoldaşları onlara əsəbləşirlər. Bu vəziyyət çətindir. Yazıq kişilər neynəsinlər?"
73 yaşlı xalq artisti gözəllik sirrindən də danışıb: "Ağılasığmaz dərəcədə çox işləmişəm. Hər zaman özümə baxmağa çalışıram. Arada kiçik plastik əməliyyat elətdirmişəm. Bununla yanaşı artıq çəkidən xilas olmaq üçün əməliyyatda oldum və 11-12 kq çəki atdım.
Gözaltında yırtıq (qrija) əmələ gəlib, bunu götürmək lazımdır. Əgər səhhətim əl versə əməliyyat elətdirəcəm. Hələ ki, pis deyil. Plastik əməliyyata pis baxmıram və özünə qulluq lazımdır".