Əməkdar artist Elza Seyidcahan meyxanaçı Vüqar Əbdülov və əməkdar artist Tahir İmanovun ünvanına səsləndirdikləri tənqidi cavabsız qoymayıb.
Teleqraf.com xəbər verir ki, Elza Seyidcahan MTV Azərbaycan kanalında meyxana ifaçısı Vüqar Əbdülovu qeyri-səmimilikdə ittiham edib:
"Vüqar təklikdə mənə deyir ki, sənin sözlərini başa düşürəm, amma onlar başa düşmür. Bəs efirdə o nə deməkdir?
Gelli dodaqlı kişilər, yalandan alnımdan öpməyin! Hər zaman mənə deyirsiniz ki, Elza Seyidcahan, sən kişilər kişisisən. Biz bunu deyə bilmədik, amma sən dedin! Efirdə isə çıxıb başqa söz deyirsiniz. Efir yalanı sevmir. Məni yalandan tərifləməyə nə məcbursan? Həyatda mənə düzünü deyirsən, efirdə yalan danışırsan.
Efirə dünya baxır. Özünü savadsız, yaltaq, qorxaq göstərirsən. Səmimi olmaq lazımdır".
Müğənni onun şeirlərini başa düşməyənlərə də səslənib:
"Bir əlim qabağımda, bir əlim dalımda" şeirimə gülürlərsə, onda “Daldan atılan daş topuğa dəyər”, “Qabaqdan gəlmişlik etmə" və s. bunlar məgər eyibdir? Mənim şeirimə ağızlarını tutub, gülürlər ki, burda nəsə bir eyib var. Yəqin ki, mən onların eyiblərini üzə çıxarmışam".
Elza xanım Tahir İmanovun müsahibəsinə də kəskin münasibət bildirib:
"Onun peşəkarcasına, bəstəkar nəvəsi kimi danışmasını istəyirəm. Nədən qorxursunuz? Deyin ki, Elza Seyidcahan gözəl bəstəkardır. Yazdığı əsər şedevrdir. Mən sənətimlə sizi çırpıram, döyürəm, şillələyirəm, danışdırıram. Həqiqəti deməkdən qorxan insanlar acizdir. Tahir İmanov deyir ki, Elza Seyidcahan Volfanq Amadey Motsartı qəbirdə iki dəfə o yana, bu yana fırladıb. Məgər, Elza Seyidcahan Morsartı söydü ki? Əslində, deyirlər ki, ölünü söyəndə qəbirdə fırlanar.
Qruplaşma yaradan paxıllar var, onlar yəqin yatdıqları yerdə fırlanıblar. Biz yaxşı işlərimiz ilə sanki onları söyürük.
Hətta kəllə-mayallaq da aşıblar. Motsart yox, əziz Tahir müəllim, siz neçə dəfə fırlandınız yerinizdə?"
Qeyd edək ki, Elza Seyidcahan Volfanq Amadey Motsartın “Türk marşı” kimi tanınan “Lya minor” sonatası üzərində “Evdə qal” mahnısı oxuyub, klip çəkdirib.