Əməkdar artist Aybəniz Haşımova Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Aybəniz xanım, ölkəmizdə xüsusi karantin rejimi avqustun 1-dək uzadılıb. Karantini necə keçirirsiniz?
- Bu aralar xəstə oldum. Qızıl yeldən əziyyət çəkirdim. Anam deyir, bu xəstəlik əsəbdən yaranır. Bəlkə də soyuqdəymədən oldu, bilmirəm. Mən hər şeyi ürəyinə salan insanam. Bir şey olanda çox fikir çəkirəm. Ətrafımı üzüntüyə salmağı isə sevmirəm və çox pis oluram. Hərdən uşaq kimi ağlamaq istəyirəm. Koronavirus pandemiyasına görə elə bil, həyat dayanıb. İnsanlar mənə məktub yazıb ağlayırlar. Mən də onlardan qabaq ağlayıram. İnşallah, tezliklə bu bəladan qurtararıq.
Tələbələrimə dərsləri onlayn keçirəm. Amma belə davam etsə, tələbələrimin səsi batacaq. Sənət akademiyasında neçə il onların səsinin formalaşmasında əziyyət çəkmişəm.
Tələbələrim keçid dövrünü yaşayırlar və onlara görə də fikir edirəm. İnsanlara bir arzum var, bu bəladan özlərini qorusunlar. Ümumiyyətlə, insan həmişə özlərini qorumalıdır. Epidemiya elə bir şeydiri, hər fəsildə insanın bir addımlığındadır. Yəni, tək bu epidemiyadan yox, başqa xəstəlikdən də özlərini qorusunlar.
- Karantin rejimində hər axşam sosial şəbəkədə onlayn konsert verirdiniz. Səhhətinizə görə təxirə saldınız. Davamını gözləyəkmi?
- Bəli, hər axşam sosial şəbəkədə konsert verirdim. Amma indi səhhətim imkan vermir. Damarlarımda problem var, oxuyanda ayağımın biri şişir.
- Səhhətinizdən söz düşmüşkən, müalicəniz bitib?
- Ayağmı hələ ki, tam istədiyim kimi yerə qoya bilmirəm, amma hərəkət edirəm. Yəni şişmiş formada gəzirəm. Ayaqqabı geyinə bilmirəm. Mən yatan adam deyiləm, yatmağı sevmirəm. Ayaqda durmağa çalışıram. Müalicəm bitdi, sadəcə mazlardan istifadə edirəm.
Açığı, bu ağrıya da dözərəm, təki koronavirus millətimin üzərindən çəkilsin. İndi ağlamaq vəziyyətindəyəm. Ətrafımda və qohumlarımda virusa yoluxan yoxdur, amma yoluxanlar hamısı xalqımızın övladlarıdır. Xəstəlik var, qorunmaq lazımdır. Bu ara heç kimə yaxın getmədim. Bunu özümdən ötrü yox, başqaları üçün etdim. Evdəyəm, özümü təcrid etmişəm.
Bu dönəmdə insanlara psixoloji dəstək vermək lazımdır. İnsanları qorxutmaq düz deyil. Bəzən sosial şəbəkələrdə elə müsahibələrə rast gəlirəm, az qalır ürəyim partlasın. Virus var, mütləq ondan qorunmalıyıq.
- Karantin rejimi bitən kimi ilk olaraq nə edəcəksiniz?
- Anamı görməyə gedəcəm, Goranboyda yaşayır. Neçə aydır onu görmürəm. Qorxumdan yaxın getmirəm, 80 yaşı var. Adamın ağlına yüz fikir gəlir. Qoy sağ-salamat olsun. Vəziyyət düzəlsə, Goranboya gedəcəm.
- Sosial şəbəkədə də çox aktivsiniz. İnstaqram izləyicilərinizin sayı 600 mini keçdi. Bunda qızınız Aynişan Quliyevanın rolu nə dərəcədədir?
- İnstaqram səhifəsini mənə Aynişan açıb. Əli çox yüngüldü. Qızım əlini hara qoyursa, orada çiçək bitir.
- Sizə nələri tövsiyə edir?
- Mənə deyir ki, İnstaqramda ağlamalı seylər paylaşma. Mənə acıqlanır ki, camaata xəstəliyini niyə bildirdin... Deyirəm, canlı yayım edirdim, bəs, soruşmazlar ki, hara yoxa çıxdı?! Onlara söz vermişdim, virtual konsert verəcəkdim. Amma həmin gün temperaturum 40 dərəcəyə qalxdı.
Ona görə İnstaqramda xəstəliyim haqda paylaşım etdim ki, məndən nigaran qalmasınlar. Bilsəydim ki, bu qədər üzüləcəklər, etməzdim.
- Aybəniz xanım, qızınızla, yoxsa öz evinizdə yaşayırsınız? Müalicə müddətində Aynişan xanımla yaşadığınızı bildirmişdiniz.
- Öz evimdəyəm, Aynişan qonşumdur. Qonşu binada yaşayırlar. Sağ olsunlar, Allah onları xoşbəxt eləsin. Pandemiya dövründə ona sevindim ki, nə yaxşı uşaqlarım yaxınlıqda yaşayırlar. Tək qalsam, ürəyim partlayardı.
Bu aralar pandemiya başıma oyun açdı. O qədər oxunmamış mahnılarım qalıb ki. Özümün özümə gözüm dəydi. Studiyada iki saatda yeddi mahnı oxudum. Rejissor üç mahnımı montaj elədi. Pandemiya ortaya düşdü və dörd mahnım qaldı. Pandemiya da yaxamızdan əl çəkmir ki, gedim mahnılarımı oxuyum.
Doqquz yaşımdan xalqın içindəyəm. Xalqım nə qədər yaxşı olacaq, mən də o qədər yaxşı olacam. Allah hamımızı qorusun.