28 İyul 16:02
4 870

“Yeni ildən az sonra koronavirus infeksiyası dünyanı bürüməyə başlayanda əksər insanlar kimi mən də bunun başqa bir "dəhşət hekayəsi" olduğunu düşünürdüm. Karantin, SMS icazə, evdən işləmək mənim üçün zarafat kimi idi”.

Teleqraf.com xəbər verir ki, bu sözləri əməkdar artist Bəhram Bağırzadə deyib.

O bildirib ki, xəstəxanaya çatanda hələ narahatlıq hissi keçirmirmiş: “Düşünün, bir az hərarət və zəiflik, bu, heç nə deyil! Telefonda çox danışdım, mesajlar yazdım, dostlara video göndərdim, zarafat etdim ki, onları yaxşı olduğuma inandırdım. Onlara dedim ki, hər şey yaxşıdır, adi bir soyuqdəymədir.

Məcburi bu “tac" şousunun iştirakçısı oldum. Amma düşündüm ki, hər şey yaxşı olacaq və tezliklə evimdə olacağam”.

Əməkdar artisti deyir ki, xəstəxanada da virus haqqında fikirləşməyib və koronanın varlığına şübhə ilə yanaşıb: “Birdən hərarətim yüksəldi və nəfəs problemləri başladı, bir neçə saatdan sonra hər şey dəyişdi. Sonra nələr olduğunu bilirsiniz. Məni Mərkəzi Gömrük Xəstəxanasına apardılar, süni nəfəs aparatına, daha sonra isə ECMO-ya qoşdular. Təxminən bir ay olar, orada idim.

Həyata qayıtmaq acı və qorxunc idi. Hər şeydən xəbərdar idim, ancaq bir barmağımı qaldıra bilmirdim və oksigen balonları mənə beton kimi görünürdü. Xəstəliyimi qabartmaq barədə düşünməkdən çox çəkinirdim, çünki insanlar illərlə dəhşətli əzab çəkdikləri, heç bir qurtuluşu olmayan, koronavirusdan daha ağır olan xəstəliklər var. Ancaq həqiqət budur ki, bu xəstəliklər hava-damcı yolu ilə ötürülmür. Görünməz düşmənin dəhşəti məhz budur”.

Bəhram Bağırzadə deyib ki, bu müddət ərzində pandemiya və özü haqqında düşünməyə çox vaxtı olub: “Heç kimə nələr yaşadığımı və yaşayacağımı deməyəcəm, çünki sağalmağım üçün vaxt lazımdır. İndi isə amansızcasına öldürən "şou" nun tamhüquqlu iştirakçısı kimi, hər sözümə görə cavabdehəm və sağlamlığı ilə "rus ruleti" oynamağa davam edən hər kəsi çağırıram: xəstəlik var və həmişə yüngül keçmir.

Nəfəs almaq və danışmaq üçün oksigen balonlarına, virusla dolu xəstəxanaya girməmək üçün həkimlərin tövsiyələrinə əməl etmək və karantin tələblərinə riayət etmək lazımdır”.


Müəllif: Aysel Azad