29 Avqust 2020 13:35
2 713
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi bu gün meyxanaçı Vüqar Biləcəri uzun sürən xəstəlikdən dünyasını dəyişib.

Teleqraf.com-un məlumatına görə, yazıçı-publisist Həmid Herisçi meyxanaçı haqda sosial şəbəkədə bu sözləri yazıb:

"Şair, yazıçı, avtopilotda şeir deyənlər bu gün cibində AYB vəsiqəsi gəzdirən, kitablarını özü satanlar deyil. Şair bu gün məhz meyxanaçılardır. Bu gün onlardı milyonları öz ardlarıca aparan, xalqın poeziya payını ödəyən, zülmə baş əyməyən, acı sözü üzə deyənlər... Əlvida gözəl insan!

Bir vaxt rəhmətlik Bayram Kürdəxanı barəsində dediklərim, inan, sənə də aiddir: Meyxanaçı Bayram Kürdəxanılı, bakılılar demiş, “dəmyə meyxana” demək işində çoxlarını kölgədə qoymuşdu. Uzun, nataraz kölgəsi hərdən şair-yazıçı tayfasını da təqib edirdi. Deyirdi, bəs “şair-yazıçı mənəm, siz deyilsiz”.

Azərbaycan yazıçı-şairləri çoxdan təhlükəli deyillər. Şair həyatının gərgin dramaturgiyasından, sadə dillə desək, şair taleyindən bizim ştatlı şairlər çoxdan - hələ 1937-ci ildən üzübəri əllərini üzüblər. Şair taleyini bizdə sonuncu dəfə Müşfiq yaşayıb, sonra Əliağa Vahid. Sonra bir nəfər də qələt edib bu talenin böyründən yel olub keçə bilməyib.

Şair taleyinə o vaxtdan bəri bizdə meyxanaçılar yiyələnib. Xalqla öz aralarındakı məsafəni xeyli qısaldıblar. İndi xalq “şair” deyəndə gözü qarşısına yalnız meyxanaçıları gətirir. Ədəbi saytların təbliğ etdiyi imzaları əsla tanımır.

Sərbəst vəzndə, qafiyədə yazan şairləri indi nə dövlət maliyyələşdirir, nə də sadə xalq. Xalqın sevgi hədəfi, bəli, bu həqiqətdir-meyxanaçılardır.

İlk növbədə rəhmətlik Elçin Atakişiyev, Məşədi Baba Aydəmirov, Nizami Rəmzi, Kəbir Azəri və nəhayət, iki gün əvvəl dünyasını dəyişmiş Bayram Kürdəxanılı kimi gözü xumarlı meyxanaçılar.

Rəhmətlik Mehdi Bayazid demişkən, “tale qırmancı” indi ancaq meyxanaçıların kürəklərini zolaqlayır. “Zolaqlayır” da sözdür? Meyxaçıları son zamanlar sanki qara bir qüvvə təqib etməkdədir. İzahsız, səbəbsiz ölümlər ipə-sapa yatmır. Tabutlar, mafələr meyxanaçıların qapısı kandarında “sıraya düzülür”.

Səbəb nədir? Ətrafımdakı sükutdan qorxub məcbur qalıram sualıma özüm cavab verim: Heç nə...Şair taleyi, vəssalam.

AYB, AYO üzvləri çoxdan bu təhlükəli taleYi öz həyatlarından birdəfəlik siliblər. Əlvida! Şəhriyar demiş, görüş qaldı qiyamətə!"


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər