1 Sentyabr 2020 09:05
8 913
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Aybəniz Haşımova Teleqraf.com-a müsahibə verib.

Müsahibəni təqdim edirik.

- Aybəniz xanım, ölkəmizdə xüsusi karantin rejimi yenidən uzadıldı. Virusdan özünüzü necə qoruyursunuz?

- Əslində hər kəs özünü qorumalıdır. Yaxın dostlarımın ailəsində koronavirusa yoluxanlar oldu. Dünyasını dəyişən insanları gözümlə gördüm. Neçə ailələr böyük faciə yaşadılar. Gərək məsafə gözləyəsən, nə özün yoluxasan, nə də kimsəni yoluxdurasan. Yəqin bu virus tez bir zamanda bitər...

- Bir müddət əvvəl səhhətinizdə problem yaranmışdı. Hazırda özünüz necə hiss edirsiniz?

- Ayağım ağrıyır, ev şəraitində müalicəm davam edir. Pandemiyanın ən ağır dönəmində səhhətimdə problem oldu.
Xəstəxanaya getmədim, çünki yanıma heç kəsi buraxmayacaqdılar. Tək qalmalı idim və sevdiklərim üçün darıxacaqdım. Xeyli əziyyət çəkdim.

Şükür Allaha, sağaldım, artıq hərəkət edə bilirəm. Bir az ayağımda ağrı var. Hava soyuq olan kimi ağrı güclənir. İnşallah, Türkiyəyə müalicəyə gedəcəm. Həkimlərlə danışmışam, uzun müddətli müalicəyə ehtiyacım var.

- Yaxın günlərdə 52 yaşınızı tamam oldu. Təbrik edir, sizə can sağlığı arzulayırıq. Maraqlıdı, doğum gününüzü necə qeyd etdiniz?

- Doğum gününü qeyd etməyi sevmirəm. Heç vaxt ad günü keçirməmişəm. Uşaqlar evə gəlirlər, təbrik edirlər, vəssalam. Hər dəfə ad günümdə belə olmuşam. Amma başqalarını doğum günündə evlərinə gedib, təbrik etmək istəyirəm.

Cəmi bir-iki dəfə evdə, bir dəfə də restoranda ad günüm qeyd edilib. Kimsə mənə nə isə alanda narahat oluram. Birdən hədiyyə üçün borc alarlar və sair. Uşaq yaşlarımdan beləyəm. Dediyim kimi, hədiyyə almağı yox, hədiyyə verməyi sevirəm.

- Aybəniz xanım, sosial şəbəkədə mətbəx səhifəsi açmısınız, səhifədə sizin yeməkləriniz nümayiş olunur. Bu haqda məlumat verə bilərsinizmi?

- Bir çox dostlarım xahiş edirdilər ki, belə bir səhifə açaq. Xanımlar də mənim yanımda olsunlar. Əl işlərimi nümayiş etdirmək istəyirdilər. Və əlbəttə, dolanmaq istəyirlər... Əgər mən onlara lazımamsa, köməyim dəyərsə, niyə də dəstək olmayım?..

Xanımların xahişi ilə uşaqlarımız bu səhifəni açdılar. Əlimdən nə gəlirsə, vasitəçi olmağa söz verdim. Mənim mətbəximdə nə hazırlanırsa, reseptini təqdim edəcəm. Amma özüm bişirməyəcəm. Yeməklər mənim reseptimlə hazırlanacaq. Yeməklər Azərbaycan mətbəxinə aid olacaq.

Mən mətbəximizə aid hazırladığım yeməklərə əlavələr edirəm, hamının bildiyi yemək reseptindən kənar... Mətbəximə qonaq olanlar yeməklərimi bəyənirlər. Ona görə də bunu məndən xahiş edirlər.

Ümumiyyətlə, qadın üçün mətbəx gözəldir. Fərq etməz, musiqi xadimisən, ya siyasətçi. Bu, hər bir xanımın sevdiyi bir işdir. Kiminsə vaxtı var, yemək hazırlaya bilir, kiminsə vaxtı çox olur, çatdıra bilmir.

- Gələcəkdə restoran açmağı düşünürsünüzmü?

- Şəxsən restoran açmağı çox arzulayıram. Dua edirəm, Allah hamımıza çoxlu ruzi versin. Çox istəyirəm, restoranım olsun. İstəyirəm ki, bişirdiyim yeməkdən dadsınlar və sonra qiymətini versinlər. Hazırladığım yeməklər məni sevənlərə maraqlıdır.

- Qızınız Aynişan Quliyeva da mağaza açmağa hazırlaşır.

- Bəli, hələ mağazanın açılış olmayıb. Pandemiya aradan qalxdıqdan sonra, inşallah, mağaza açılacaq. Aynişan balaca uşaq idi, rəssamlığa gedirdi. Həmişə deyirdi ki, məşhur rəssam, ya da modelyer olacaq. Balaca uşaq ikən paltarın modellərini çəkirdi. Hələ də həmin şəkillər durur. Onlara yeni dizayn verirdi. Baxıb deyirdim ki , Allah heç kimin balasının arzususunu ürəyində qoymasın. Hansısa atdığı addıma görə peşman etməsin.

Həyat çox mürəkkəbdir, bilmirsən ki, beş dəqiqədən sonra səni nə gözləyir. Heç kəs heç nədən sırğortalanmayıb.
Əgər insan ölümdən belə sığortalanmayıbsa, deməli, heç nədən sığortlanmayıb... Heç bir gənc nöqtə boyda belə qəmgin olmasın.

Həmişə tələbələrimə də deyirəm ki, gülümsəyin. Adam çox da dərinə gedə və kənar suallar verə bilmir. İnsanın elə dərdi var ki, yalnız özünə aiddir. Ona görə həmişə dua edirəm ki, Allahım, gənclərimizi xoşbəxt elə. Özüm çox əziyyət çəkdim. Müharibə dövrünə düşdüm və acılar yaşadım. Xoşbəxtliyi, səadəti yalnız xəyallarımdan keçirdim.

Təki vətən, millətim sağ olsun. Deməli, mənim də taleyimə belə zirvə yazılıb. Mən bununla fəxr edirəm, qürurvericidir. Allah heç bir gəncin ömrünü və xoşbəxtliyini yarıda qoymasın.

- Bir müddət əvvəl Aynişan Quliyevanın həyat yoldaşından ayrılması haqda xəbərlər yayıldı.

- Hər bir ailədə çox şeylər olur. Allaha daha betərindən qorusun. Təki Allah sonlarını yaxşı eləsin. Ona görə də dua edək və bundan sonra elə şeylər yaşatmasın, inşallah!.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər