30 Sentyabr 2020 09:05
4 830
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Gülüstan Əliyeva Teleqraf.com-a müsahibə verib.

Müsahibəni təqdim edirik:

- Gülüstan xanım, hazırda cəbhə bölgəsində müharibə davam edir. Hadisələri necə dəyərləndirirsiniz, təəssüratınız necədir?

- Qarşı tərəfi kifayət qədər danışıqlara dəvət olundu. Amma göründüyü kimi, Ermənistan cəbhədə yenə ilk addımı atdı, atəşkəsi pozdu. Dinc əhaliyə atəş açmağa başladı. Bununla da Azərbaycan tərəfini döyüşə sövq etdi. Təbii olaraq Azərbaycan cavab verməli idi.

Oğlan doğulanda nənələrimiz deyərdilər ki, oğul düşmən çəpəridir. Biz uşaq olanda onu başa düşmürdük. Amma vaxtı gələndə görürsən ki, oğul doğrudan düşmən çəpəri imiş.

Artıq Azərbaycanın qüdrətini göstərməyin vaxtıdır. Mən çox sevinirəm, çünki ölənlərimizin qanı yerdə qalmamalıdı. İnşallah, tezliklə bütün torpaqlarımız düşməndən xilas edilər, o cümlədən həyat yoldaşımın şəhid olduğu Cəbrayıl rayonu işğaldan qurtular. Bu, yaralarımıza məlhəmdir, təki tökülən qanımız yerdə qalmasın.

Ali Baş Komandamızın siyasəti nəticəsində güclü dövlət olduğumuz göz qabağındadır. İrəvan təkbaşına bizə heç nə edə bilməz. Əgər lazım olsa, Gülüstan Əliyeva olaraq müharibəyə getməyə hazıram. Qələbə bizimdir və buna sayılı günlər qalıb.

Azərbaycanda ilk şəhid verən ailələrdənəm. 1991-ci ildə həyat yoldaşım, 1994-cü ildə isə qardaşım şəhid olub. Onlar vətənimiz, torpağımızı qorumaq və övladlarımızın xoş günü üçün vuruşub canlarından keçiblər.

- Müharibəyə gedəcəyinizi qeyd etdiniz. Ermənilərdən ilk öncə həyat yoldaşınızın, yoxsa qardaşınızın intiqamını almağı düşünərdiz?

- Mən bütün şəhidlərimizin qanını alardım. Həyat yoldaşım və qardaşım da bu Vətənin oğludur. Canlarını bu Vətənə fəda etdilər. Vətən üçün canından keçən, vuruşan hər bir igid mənim qardaşımdır. Hər bir şəhid anası mənim anam və bacımdır.

- Bu günlərdə şəhidlərimiz var. Şəhid həyat yoldaşı və bacısı kimi əsgərlərimizin ailəsinə nə demək istərdiniz?

- Həyat yoldaşım 30 il, qardaşım isə 16 ildir şəhid olub. Bu, heç vaxt bağışlanmayan və yeri dolmayan bir yaradır. Bu yaralar nə vaxt sağalır? İtirilən yerlər dolanda... İtirilən yer isə torpağımızdır, sızıldayan yerimizdir. Yalnız torpaqralımız alınan zaman yaralarımız sağalar.

Mənim oğlum atasının peşəsini davam etdirir, polisdir. Axşam evdə mənə sual verir ki, Cəbrayıl rayonuna qayıtsaq, orada evimizi tanıyarsan? Deyirəm, ola bilər ki, evlərimizi uçurublar, amma torpağımız yerindədir. Biz o torpağı cığırından, ayaq qoyduğumuz addımlarımızdan tanıyacağıq. Çünki ora bizim Vətənimizdir. Biz öz torpağımıza gedirik və gözüyumulu yolunu tanıyacağıq.

Cəbrayıl rayonundan gəlmişəm və hər gün ora qayıtmağa hazıram. Hər gün Vətənə qayıtmağı, bağrımıza basmağı arzu edirəm.

Ötən 30 il ərzində elə bir zaman olmadı ki, şəhid ailələri ilə əlaqəmi kəsim. Şəhid ana və bacıları ölkə başçımız İlham Əliyev və vitse-prezident Mehriban Əliyevanın xüsusi diqqətindədir. Bu şəhid ailələrinə böyük bir toxtaqlıqdır.

Mən müharibədə həyat yoldaşımı və qardaşımı itirmişəm və həmişə Ali Baş Komandanmızın yanındayam. Biz həmişə ayaqdayıq.

- Müharibədə qalib gələn zaman həyat yoldaşınızın ruhuna nə demək istəyərsiniz?

- Demək olar ki, hər gün həyat yoldaşımın ruhu ilə danışıram. Hər gün ona ürəyimdəki sözləri, fikirlərimi deyirəm. Ona deyirəm ki, darıxma, gələcəyik, görüşəcəyik. Sənə deyiləsi sözlərim çoxdur. Həyat yoldaşım düşmənlə üz-üzə duranda deyirdi ki, ola bilər, hamımız ölək və topraqlarımız zəbt olunsun. Amma bilirəm ki, torpaqlarımız əvvəl-axır düşməndən xilas ediləcək.

Həyat yoldaşım sentyabrın 14-də sürücüsü ilə minaya düşdü, üç gün xəstəxanada qaldı və həyatını xilas etmək mümkün olmadı. Vətən üçün yanan insanlar heç vaxt ölmürlər (kövrəlir). Mən ona demək istəyərdim ki, arzuladığın gün gəldi...

Həyat yoldaşım çox nadir hallarda yuxuma gəlir. Hər hansı çətinliyim olanda yuxuma girir və mənə sanki xəbər gətirir. Məni qorumaq üçün gəlir… Hiss edirəm ki, onun ruhu həmişə bizi qoruyur.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər