11 Noyabr 2020 20:00
983
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə fəaliyyət göstərən məşhur azərbaycanlı model Günay Musayeva Teleqraf.com-a müsahibə verib.

Müsahibəni təqdim edirik:

- Günay xanım, Azərbaycandakı qələbə xəbərlərini necə qarşıladınız? Təəssüratınız necədir?

- Həmişə azərbaycanlı olmağımla fəxr etmişəm. Dünyanın hansı ölkəsində oluramsa-olum, Azərbaycan musiqisinə qulaq asarkən, millətimdən bir nümayəndə görərkən sanki ailə üzvümlə təmasda, ünsiyyətdə oluram. Etiraf edim ki, ilk dəfə bütün azərbaycanlıların yumruq kimi birləşməsi mənə çox xoş gəldi və bununla qürurlandım. Bütün dünya azərbaycanlılarının və hər birimizin bir arzusu var idi - işğaldakı torpaqlarımızın geri qayıtması.

Bunun yolunda mübarizə aparırdıq. Cəbhədəki əsgərlərimiz, ordumuzla yanaşı arxa cəbhə də azərbaycanlılar birləşdi. Bizim tək amalımız var, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək və onu qorumaq.

Bizim bu qədər sıx birləşməyimiz mənə böyük sevinc, qürur hissi bəxş etdi. Azərbaycan xalqının cənab prezident İlham Əliyevi dəstəkləməsi, Azərbaycan ordusunun gücü, şücaəti, dünya azərbaycanlılarının həmrəyliyi qələbəyə böyük təsir göstərdi. Biz bu qələbəni gözləyirdik.

Əlbəttə, şəhidlərimiz də oldu, onlar üçün kədərlənirik. Həm sevinir, həm də kədərimizi yaşayırıq. Şuşanın azad edilməsi və qələbəmiz göstərdi ki, şəhidlərimizin qanı yerdə qalmadı. Bütün şəhidlərimizin ruhu şad olsun. Şəhid analarının üzündən öpürəm, onların qarşısında baş əyirəm. Biz onların oğullarının sayəsində bu sevinci yaşadıq.


- İşğaldan azad edilən hansı şəhərimizə getmək istəyərsiniz?

- Şuşa bizim mədəniyyət mərkəzimizdir. Ən çox getmək istədiyim şəhər Şuşadır. Xüsusilə, Xurşidbanu Natəvanın məzarını ziyarət etmək istəyirəm. Ümid edirəm ki, bu mənə qismət olacaq.

Ağladıq, sevindik. Səhərə qədər qələbə sevincini qeyd etdik. Bu, çox gözəl bir hissdir və qürur duyuruq. Biz qələbə əldə etdik. Hər gün bu sevinci gözləyirdik. Mən çox şadam ki, 30 ildən sonra bu qürur dolu günləri yaşamaq nəsibim oldu. Cənab prezident İlham Əliyevi, Birinci vitse-prezident Mehriban Əliyevanı və bütün Azərbaycan xalqını təbrik edirəm. Ali Baş Komandamız böyük bir tarix yazdı.

- Acun Ilıcalı sizin iradınızdan sonra Azərbaycana dəstək oldu. Ümumiyyətlə, bir çox türk sənətçilər ölkəmizə dəstəyini nümayiş etdirdi. Başqa hansı sənətçilərin Azərbaycana dəstək olmasını istəyərsiniz?

- Dediyim kimi, bütün dünya azərbaycanlıları bir yumruq kimi birləşdi və etiraf edirəm ki, ilk dəfə öz yurddaşlarımızı birləşmiş görməyin sevincini, qürurunu yaşadım. Türk sənətçilərdən isə öz dəstəyini göstərənlər də oldu, göstərməyənlər də.

İnşallah, Şuşada görüşərik. Qarabağ Azərbaycandır. Qarabağ bizimdir! Hə birinizi sevirəm, bağrıma basıram.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər