24 Noyabr 2020 14:13
4 092
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Ağadadaş Ağayev Teleqraf.com-a müsahibə verib.

Müsahibəni təqdim edirik:

- Ağadadaş müəllim, torpaqlarımız işğaldan azad edildi. Qələbə təəssüratlarınızı bilmək maraqlı olardı...

- Dünya tarixində bu gün qazandığımız qələbədən olmayıb, nəinki Azərbaycan tarixində. İllərlə keçmişimizdə qazandığımız qəhrəmanlıqları tarixin qaranlıq səhifəsinə atıblar. Amma bu gün elə bir qələbə əldə etmişik ki, heç vaxt tarixin qaranlıq səhifəsində gizlədilə bilməz. Allah Ali Baş Komandanımıza uzun ömür versin, onun ailəsini qorusun. Bu da bizim şansımızdır ki, belə bir prezidentimiz var.

Həyatım boyu müxalif insanlarla da qarlaşmışam, çox mübahisələrim olub. Demişəm ki, o sənin əqidən, bu da mənimki. Əqidəmə hörmət etmək məcburiyyətindəsən. Mən Ulu Öndər Heydər Əliyevi ilk dəfə 1969-cu ildə tanımışam, yeddi-səkkizinci sinifdə oxuyurdum. Mənim Mirzə bəy adlı babam var idi, o televizora baxıb deyirdi ki, bu kişini görürsən, Azərbaycana ömrünün axırına qədər rəhbərlik edəcək. Dedim baba, haradan bilirsən? Cavab verdi ki, analiz edirəm.

- Siz o zaman Cəlilabad rayonunda yaşayırdınız?

- Bəli, Cəlilabadda yaşayırdıq. Uşaq idim, babam danışanda heyranlıqla ona qulaq asırdım. O vaxtdan hər sözü yadımda qalıb. Ondan sonra Heydər Əliyevin fanatı olmağa başladım. Ulu Öndəri rəhbər kimi vəzifədə görəndə 10 saat da danışsaydı durub, qulaq asırdım. Amma həqiqətən yanılmamışam, babama da Allah rəhmət eləsin ki, yanlış fikir söyləməyib. Gələk Ali Baş Komandana... Açıq etiraf edim ki, bir azərbaycanlı kimi, türk kimi, kişi simvolu kimi sınmışdıq. Sanki qürurumuz əyilmişdi.

İndi isə hər bir azərbaycanlı kişisi deyə bilir ki, qürurum, şəxsiyyətim, milli dəyərlərim yerindədir. Dədə-babalarımızın irsini davam etdirə bilmişik. Şah İsmayılın, Nadir Şah, İbrahimxəlil Xanın, bu gün hamısının ruhu dincəlir. Şah İsmayıl Xətai Təbrizi iki dəfə paytaxt edib, 13 yaşında sərkərdə olub.

Bu günkü qələbəmizə görə Ali Baş Komandanımıza təşəkkür edirəm. Həmişə səbrsizlik edib, düşünürdüm ki, cənab prezidentə deyək ki, sizə qurban olum, müharibəni başlayın, erməniləri qıraq. Müharibə ilə başlayıb, onları əzib, sülhə məcbur etmək tarixdə olan hadisə deyildi. Amma prezidentimiz bunu etdi.

- Ağadadaş müəllim, görüşlərdə bu haqda fikir bildirmək imkanı əlinizə düşməyib?

- Bu mənim həddim deyildi. Bilirsiniz ki, Minsk qrupu, Avropa Birliyi, Amerika, Rusiya siyasi ambisiyalarına uyğun davranan ölkələr, güclərdi. İslamı sevmirlər, qəbul etmək istəmirlər. İkili standart deyirlər, mən hər vaxt iki min standart deyirəm. BMT-nin dörd qətnaməsi qəbul edildi, biz hansı nəticəni gördük? Təbii ki, bunları biz də düşünürdük, amma qərar verən Ali Baş Komandandır.

- Heç nə birdən-birə olmur...

- Hərbi hazırlıq getməli idi. Bu işə başlayanda qələbə əldə etməliydik. Dünyanın gözü qarşısında 44 gün ərzində elə bir müharibə apardıq ki, hələ beləsi olmayıb. Bu nəticəni nə dünya, nə də düşmən gözləyirdi. Bizim əsgərlərimiz güclüdürlər, onların qeyrətinə qurban olum. Düşmənin 30 ildir torpaqlarımızda möhkəmlətdikləri istehkamları məhv etdik. Şuşada əsgələrimin sücaətləri haqqında danışırlar, divara elə dırmaşırlarmış ki, vurulanda belə erməniləri atəşə tuturmuşlar. Hətta ermənilər vahiməyə düşürmüşlər ki, bunlar insan deyil, robotdurlar.

Bu mənada hazırlıq o qədər düşünülmüş və yerində oldu ki, buna görə Ali Baş Komandanımıza minnətdaram. Azərbaycan və türk əsgərlərinə minnətdaram. Biz misli görünməyən bir qələbə qazanmışıq. Dünya istəsə də, istəməsə də Azərbaycana hörmətlə yanaşacaq, çünki ölkəmiz qüdrətini nümayiş etdirdi və dünyaya mesaj verdi. Bu, ancaq bizim xalqa məxsusdur. Çünki kökümüz, mənəvi dəyərlərimiz bəllidir. Ölkəmizdə fərqli etnik xalqlar yaşayırlar, yəhudi, ləzgi, avar, talış. Hamı həmrəydir. Bizdə Vətənə sevgi böyükdür, heç vaxt ayrıseçicilik etməmişik. Bu bizim dövlətimizin dəyərlərindən biridir.

Ona görə də hər kəs yumruq kimi birləşdi, müharibəni uğurla başa vurduq. Şəhidlərimizin ruhuna qurban olum. Şəhid oğullarımızın ruhu qarşısında baş əyirəm, yaralı əsgərlərimizə Allahdan şəfa diləyirəm!

- Söhbətinizin əvvəlində mərhum prezident Heydər Əliyevi xatırladınız, ilk tanışlığınızdan söhbət açdınız. Bu tanışlığınız necə baş tutdu?

- Allah Heydər Əliyevin məkanınını cənnət eləsin. Heydər Əliyevlə ilk tanışlığımız "Gülüstan" sarayında olub, orada dövlət tədbiri var idi. Əhməd Necdər Sezər Türkiyənin prezidenti seçilmişdi və ilk səfərini Azərbaycana etmişdi. Rəsmi ziyafətdən sonra konsert oldu, orada ifa etdim. Arzu etmişdim ki, Ulu Öndərimizi görəndə əlindən öpəcəm. Konsert bitəndən sonra Ulu Öndərə yaxınlaşıb, əlindən öpdüm. Mənə dedi ki, sən çox yaxşı müğənnisən. Sənət adamına da belə sözlər stimul verir. Sonra Əhməd Necdər Sezərə dedi ki, gördün necə oxudu?!

Proqramda "Ayrılıq" mahnısı da var idi. Heydər Əliyev ddi ki, sizin də müğənniləriniz "Ayrılıq" mahnısını oxuyurlar, amma Ağadadaş Ağayev kimi ifa edə bilmirlər. Həmin il yaradıcılığımın ən pik nöqtəsini yaşadım. Bir gecəyə studiyaya girib, 9-10 mahnı yazdırırdım. Bu, inanılmaz idi, bəstəkarı yuxu tuturdu, deyirdim ki, mən hələ oxuyacam.

Bir gün oturmuşdum, dostum Vaqif Ağayev zəng etdi ki, Ağadadaş, hardasan, orada televizor varmı, "Xəbərlər" proqramını izlə. Vaqif televiziyada çəkiliş qrupunun rəhbəri idi. Dedi ki, televiziyaya bax, şad xəbər eşidəcəksən. Özüm heç ağlıma gəlmədi. Restoranda idim, işçilərim də orada idi. "Xəbərlər" proqramına baxdıq, elan edildi ki, Ağadadaş Ağayev əməkdar artist fəxri adına layiq görülüb. O zaman fəxri ad almağın ayrı bir sanbalı vardı.

Heydər Əliyev ideyalarını layiqincə davam edən cənab prezident 2008-ci ildə məni xalq artisti fəxri adına layiq görəndə də eyni hissi yaşadım. Mənim Heydər Əliyevə sevgim bu gün daha böyükdür. Çünki dahilər, fenomen insanlar uzaqlaşdıqca daha da böyüyürlər. Mənim doğmalarım, yaxınlarım, övladlarım, əqidəmdə olan insanlar daim əhatəmdə olublar.

Amma fərqli insanlarla da üz-üzə gəlmişik. Biri vardı, adı Qurban idi, Qrişa deyirdik. Rayona gedib, onu gətizdirib, stolda oturtrmuşam və demişəm ki, sənin dərdin nədir?! Sən müxalifət, mən isə iqtidar tərəfdarıyam, bir stolda oturaq, yoxsa oturmayaq? Dedim, yalnız bir şərtlə səninlə otura bilərəm ki, əqidəmə yaxın olasan. Dostumun qonşusu idi, yemək yedik. Avtomobilə bu mahnını qoydum:

Ulu Öndər balasıdır,

Yenilməzlik qalasıdır.

Qarabağı alasıdır.

Yaşasın İlhamlı dövran,

Gözün aydın, Azərbaycan!

Onu mahnıya oynatdım. Ona dedim ki, nə istəsən, sənə kömək edəcəm. Və vaxt gəldi, ona kömək elədim. Xəstələndi, Bakıda müalicə elətdirdim. Gəldi, dedi ki, kül mənim təpəmə, kaş əvvəldən sənə rast gələrdim, həyatda nələr yaşadım. Söhbət etdikcə başa düşdü ki, məntiq belədir...

- Səhv etmiriksə, sizin "Gənc İlhamçılar" adlı klubunuz olub...

- Bakı meri Eldar Əzizov Binəqədi rayonunda YAP-ın rayon təşkilatının sədri idi. Bütün tədbirlərini mənim obyektimdə keçirirdi. Üzərindən neçə il keçib... Bir qurum yaratmışdıq, "Gənc İlhamçılar" adlanırdı. Bunu Heydər Əliyevdən insanlar istəmişdilər. Ulu Öndər icazə vermişdi və bu barədə təbliğat kampaniyası yaratmışdıq.

O kampaniyalarda bir neçə dəfə çıxış elədim və çıxışlarımın əks-sədası ajiotaja səbəb oldu. Elə yerlərdən zənglər gəldi ki, bəs sən orada müğənni kimi yox, siyasətçi kimi çıxış eləyirsən. Sonra Ulu Öndərimiz dedi ki, bunu dayandırın. Bu fəaliyyəti dayandırdırdıq, ideyanı isə yaşatdıq.

- Siyasətə qatılacağınız haqqında da vaxtilə xəbərlər yayılmışdı.

- Səmimi deyim ki, heç vaxt aktiv siyasətə gəlmək niyyətim olmayıb. Onsuz da siyasətin içindəyəm. Kim deyir ki, müğənni siyasətdən kənardadır, səhv edir. Əgər aktiv vətəndaşsansa, dövlətinin mənafeyi üçün siyasətin içində olmalısan və olursan da. Özümüzdən asılı olmayaraq.

Mən vətəndaşam, normal düşünə bilirəmsə, avtomatik siyasətim içində oluram. Burda qəbahət yoxdur. Mənim oxuduğum musiqilər, təbliğ etdiyim əsərlər siyasət deyilmi? Əvvəl ölkəmizdə AzTV fəaliyyət göstərirdi. O vaxt Türkiyədə "Saman yolu" kanalı vardı. Oradakı çıxışımdan sonra mənə çoxlu sifariş gəldi, hətta oxuduğum konsertdən iki türk müğənnisini çıxarmalı oldular.

Mən beş-altı mahnı ifa etdim, üstümü dəyişməyə gedəndə dedilər ki, çoxlu zənglər gəlir, yenidən səhnəyə çıx. Sinan Erkoçu və qardaşını proqramdan çıxardılar. Sonra kanalda mənə veriliş aparmağı təklif etdilər. Beş-altı il AzTV-də veriliş aparmışam. Türkiyədə Azərbaycan musiqilərini təbliğ etmək istəyirdim. Orada beş-altı verilişi çəkdim və sonra müğənni tapa bilmədim. Azərbaycandan müğənni gətirməli idim. Bununla yanaşı vəsait də lazım idi. Türkiyədə neçə ay mənim konsertlərimi təkrar verdilər.

Bu ifalar mesaj deyildi?! "Qarabağ", "Azərbaycan", "Şuşanın dağları" mahnılarını oxuyurdum. Bu mənada xoşbəxtəm ki, bütün məqamlarda Vətənimin siyasəti istiqamətində öz sözümü demişəm. İlk dəfə məcburi köçkünlərə həsr edilən "Halımı sorma" mahnısını mən oxumuşam.

Sonra "Can Azərbaycan" mahnısını oxumuşam. Ulu Öndər Heydər Əliyev baş memar kimi Azərbaycanı özünə qaytarandan sonra "Heydər xalq, xalq Heydər deyəcək" mahnısını ifa etmişəm. Bu günlərdə isə "Ali Baş Komandan" mahnısını oxumuşam. Özü də vaxtında... Bunu Allah mənə nəsib edib.

- Millət vəkilliyinə namizədliyinizi niyə vermədiniz, bundan sonra belə bir fikriniz ola bilərmi?

- Əslində, mənim bir dəfə şansım olub. İnanın səmimiyyətimə ki, oxumağı çox sevirəm. Mən oxumayanda elə bil ki, yaşamıram. Ona görə də pandemiya dövrünü çox ağır keçirirəm. Vaxtilə hətta mənim böyük vəzifəyə getmək şansım da olub. Demişəm ki, oxumasam ölərəm.

İndi bu yaşa gəlmişəm, əgər məni dövlətim, dövlət başçım parlamentdə görürsə, orada olmağıma ehtiyac varsa, çox millət vəkilindən daha faydalı işlər görməyə çalışaram. İndi millət vəkilliyinə namizədliyimi verə bilərəm. Amma bu günə qədər bu barədə heç düşünməmişəm...

Ardı var...

Foto: Ceyhun Rəhimov


Müəllif: Nərgiz Cavadzadə, Rəqsanə Həsənova