3 Yanvar 2021 09:05
2 578
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhurlar 2021-ci ildən gözləntiləri nələrdir?

Teleqraf.com sənətçilərlə sorğunu təqdim edir:

Müğənni Günay İbrahimli 2021-ci ildən gözləntilərinin çox olduğunu deyib: "2020-ci ildə həyata keçirə bilmədiyimiz arzularımız yerinə yetsin. Çox məqsədlərimiz yarımçıq qaldı, pandemiya oldu. Çox sevinirəm ki, 2020-ci ildə Qarabağ işğaldan azad edildi. O bizə ən böyük hədiyyə oldu. Bu mənim arzularımdan biri idi və çin oldu. Bir qarabağlı olaraq hər zaman torpaqlarımızın işğaldan azad edilməsini istəyirdim. 2021-ci ildə Qarabağa getmək, hər qarış torpağımızı gəzmək istəyirəm. İşimlə, karyeramla bağlı böyük layihələrim var. Onların həyata keçməsini istəyirəm. Arzular tükənməzdir. 2021-ci ildə hər kəsə sağlam can arzu edirəm. Və Allah hər kəsi arzusuna çatdırsın".

Rəqqasə-aktrisa Oksana Rəsulova normal həyata qayıdacağımıza ümid bəslədiyini bildirib: "2021-ci ildə hər şey yaxşı olacaq. Hər şey qaydasına düşəcək, normal həyata qayıdacağıq. İnsanlar böhrandan çıxa biləcək. İnşallah ki, hər şey yaxşı olacaq".

Müğənni Zamiq Hüseynov deyib ki, 2020-ci il əfsus ki, xoş olmayan hadisələrlə başladı: "Buna baxmayaraq, il sonu ürək açan sürprizlərlə rastlaşdıq. Sevindirici hal oldu ki, 2020-ci il Zəfər ili kimi yaddaşımıza həkk olundu. 30 ilin həsrəti sona çatdı. Cənnət guşəmiz Qarabağımıza qovuşduq! 2021-ci ildən gözləntilərim var. Öncə arzu edirəm ki, pandemiya bitsin, əvvəlki yaşam tərzimizə qayıdaq, toy mərasimləri başlasın. Hamının evində toy-büsatlı günlər yaşansın. Mən də yeni mahnı, klip və konsert proqramları ilə pərəstişkarlarımın intizarına son qoymaq istəyirəm! Hər kəsə sevgi dolu günlər arzulayıram!".

Tele-aparıcı Turan İbrahimov da "2021-ci ildən orijinal nə isə gözləmirəm. Təbii ki, hər kəsin istədiklərini arzu edirəm. Həyatımız ötən ildəki kimi normal keçsin, artığını istəmirəm. Maddi rifahımız o qədər yaxşı olsun ki, 2021-ci ildə gəzmədiyimiz, görmədiyimiz yerlərə gedə, yemədiyimizi yeyə, geyinə bilmədiyimizi geyinə bilək. 2021-ci ildən qeyri-adi heç nə istəyə bilməyəcəm, həyatımız normallaşsın", -deyə qeyd edib.


Dünya, Avropa və Olimpiya çempionu Rasul Çunayev idman yarışları üçün darıxdığını vurğulayıb: "Yarışlar üçün darıxmışam. Hazırda yarışlara hazırlaşıram. Pandemiyanın olub-olmamasından asılı olmayaraq məşqlərimə davam edirəm. Təbii ki, pandemiya da bitəcək. İdmanla bağlı məqsədlərim var və onun üzərində işləyirəm".

Müğənni Elnarə Xəlilova arzularını dilə gətirib: "2012-ci ildə hər kəsə can sağlığı, ruzi-bərəkət arzu edirəm. Sülh və əmin-amanlıq olsun".


Aktrisa-aparıcı Zümrüd Qasımova 2021-ci ildən gözləntilərinin çox olduğunu qeyd edib: "İnşallah ki, pandemiya bitər və normal həyatımıza qayıdarıq. Teatr, səhnənin qoxusu üçün çox darıxmışam, səhnədə oynamaq istəyirəm. Ümumiyyətlə, normal həyata qayıtmaq, istədiyim vaxt evdən çıxmaq istəyirəm. Ən əsası pandemiyanın bitməsini istəyirəm. İnşallah 2021-ci ildə canımız sağlam olsun, sevdiklərimizin canı sağ olsun. 2020-ci il dünya üçün pis olsa da bizim üçün yaxşı oldu, torpaqlarımızı qayıtdı. Pandemiya olmasaydı sevincimizi daha gözəl yaşayardıq".

Aparıcı Rövşanə Ağasəfqızı Qarabağla bağlı istəklərini vurğulayıb: "Böyük müharibədəyik, virus sosial və iqtisadi bəlalar gətirdi. Yaxınlarımızın səhhətində problemlər oldu. Bu bəla bitsin. Ən böyük gözləntim budur. Qarabağa getmək istəyirəm, orada heç vaxt olmamışam. Qarabağımızda televiziya açılsın və orada məmnuniyyətlə işləmək istəyərəm. Rahat şəkildə torpaqlarımıza addım ataq, gözəl evlər tikilsin. Məcburi köçkünlərimiz hələ ki, Bakıdadırlar, qayıtsınlar və bizi qonaq dəvət etsinlər".

Aparıcı Afaq Gəncəli pandemiyanın bitməsini dilə gətirib: "2021-ci il 2020-ci il kimi keçməsin. Sağlıq olsun, müharibəsiz yaşayaq, xəstəlik olmasın. Əvəllki yaşayış tərzimiz bərpa edilsin. Salamatçılıq olsun, başqa heç nə istəmirəm".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər