Xalq artisti Flora Kərimova Azərbaycanda altı aylıq qızını boğan şəxsi sərt tənqid edib.
Teleqraf.com xəbər verir ki, Flora Kərimova İnstaqramda bu sözləri yazıb:
"Bu nə dəhşətdir, biz görürük?! Bu kimi hadisələr millətin üz qarası, faciəsidir! Qadın ərinin vəhşiliyindən şikayət edir, barışdırırlar ki, ailə münaqişəsidir. Sonra başı kəsilir, altı aylıq körpə boğulur! Yaradandan qorxmadın?! Deyək inancın yoxdur. Qız uşağını sevmirdin, insaniyyətini harda itirdin?!
Dində də, elmdə də təsdiqin tapıb ki, övladın cinsiyyəti atadan gəlir. Deyək ki, bunu bilməyəcək qədər savadsızlar hələ də var. Din xadimləri, insanlarımıza bunu təbliğ edin. Deyin ki, peyğəmbərimizin tək övladı qız idi.
Dinimiz qız övladını necə sevib, qorumağı öyrədir. Sizləri özünə imam bilənlər, kitab oxumağa həvəsi və ya fürsəti olmayanlar sözünüzü eşidir. Təbliğ edin ki, dinimiz qız övladına necə dəyər verir! Bunları təkrar-təkrar demək sizin iman borcunuzdur, vəzifə görəvinizdir.
Heç kimi qınamıram. Ola bilər ki, evin kişisi ac da olsun, təhsilsiz də. Bir gün qazanar, bir gün yox. Amma kişilik sütununu, insaniyyətini, vicdanını itirmək?! Vicdanı olmayanın insan hər şeyə qadir olarmış. Söz tapa bilmirəm!"