Xəzər televiziyasında yayımlanan "Fəlidən doğru xəbər" verilişinin aparıcısı, aktyor Elşən Orucov Teleqraf.com-un "Sözünü de" layihəsinin qonağı olub.
- Elşən bəy, bir neçə gün öncə doğum gününüzü qeyd etdiniz. 37 yaşınız tamam oldu. Özünüzü hansı yaşda hiss edirsiniz?
- Yaş artdıqca fikirlər insanın formalaşmasına təsir edir. Yaş üzərinə yaş gəldikcə insan daha çox təcrübə topladığını dərk edir. Özümü 37 yaşda hiss etmirəm. Yəqin bu işimlə bağlıdır.
İşimi çox sevirəm, yəqin ondan aldığım zövq, enerji məni cavan saxlayır. Təvazökarlıqdan uzaq olsa da bildirim ki, qonaqlarım şou-biznesdə ən çox tanınan simalardırlar və başqa verilişlərdə etmədikləri səmimi açıqlamalarını edirlər. Bu da mənə fərqli enerji verir. Bir sözlə, işdən aldığım enerji məni gümrah saxlayır.
- "Fəlidən doğru xəbər" reytinq və tamaşaçı kütləsi baxımından gözləntilərinizi doğrultdumu?
- Əlbəttə, doğrultdu. Artıq ikinci mövsümdür efirdə yayımlanır. Birinci televiziya mövsümündə bəlli səbəblərə görə - pandemiya oldu, müharibə başladı - onun üçün bir müddət efirə getmədi. Amma bu mövsüm gözləntilərimizdən də artıq nəticəyə nail olduq.
- Dəvət etdiyiniz qonaqlar sırasında gəlməyən müğənni olubmu?
- Elələri olub, amma müxtəlif üzrlü səbəblərdən. Məsələn, ailə üzvlərindən kimsə koronaya yoluxub... Bizim verilişimizə qonaq gəlmək istəyənlər çoxdur. Söz verib, gəlməyən qonaq da olub. Ola bilər, toy gedib, pulu üstün tutub. Amma belə hallar çox deyil.
- Verilişinizdə kimi qonaq görmək istəyirsiniz?
- Kimi qonaq dəvət etmək istəmişəmsə, verilişimizə gəlib. Mən qonaq dəvət edəndə tamaşaçı istəyinə daha çox önəm verirəm. Çünki veriliş yayımlanan gündən tamaşaçı kimi istəyibsə, onu dəvət etmişik. Başqa verilişlərə ayaq basmayan məşhurlar bizimlə efirə çıxıb. O da səmimiyyətdən irəli gəlir. Bilirlər ki, onlara reytinq xətrinə sual vermərəm, şəxsi həyatlarına toxunmaram. Bizim verilişin formatı ona uyğun deyil.
Kim şəxsi həyatından danışmaq istəyir, danışsın. Amma verilişdə heç kimi narahat etmirik. Verilişdəki zarafatlardan da qonaqlarımız razı qalırlar. "Fəlidən doğru xəbər"də tanınmış sənətkarlar, ağsaqqal insanlar da qonaq olublar. Onlarla hər zarafatı edə bilmərəm, yaş məhdudiyyətini gözləyirəm.
Reallıq bundan ibarətdir ki, şəxsi həyat insanlara nə qədər maraqlı olsa da düşünürəm ki, bunu müzakirə edib, reytinq qazanmaq acizlikdir.
- Murad Dadaşov Xəzər televiziyasına rəhbər təyin edildikdən sonra kanala dəvət etdiyi ilk insanlardan birisiniz. Sizcə, Murad Dadaşov necə rəhbərdir?
- Murad Dadaşov yaxşı insandır, yaxşı dostdur və bu sahəni yaxşı bilən insanlardan biridir. Mənim bu gün Xəzər televiziyasında olmağımın səbəbi məhz bu keyfiyyətlərdir. Onun insani keyfiyyətləri, dostluğu bacarması, ardınca rəhbər olması gəlir.
Mən başqa kanallarda da çalışmışam, bütün kanal rəhbərləri ilə münasibətim yaxşıdır, amma Murad Dadaşova bir köynək yaxınam. O qədər səmimi insandır ki, onunla birgə iş mənə xüsusi zövq verir. Baxmayaraq ki, televiziya rəhbəridir, mən istədiyim vaxtı onunla əlaqə saxlayıb, fikrimi bildirirəm, görüşürəm.
- Murad müəllim, sizə verilişlə bağlı hər hansı irad bildirib?
- Xeyr, tam səmimi deyirəm, Murad Dadaşov irad bildirməyib. Əksinə hər dəfə görüşəndə verilişdəki dəyişiklikləri, yenilikləri təqdir edib.
Murad Dadaşov ilk gündən verilişdə qonaq olmaq istəyənlərdən olub. Bu mənim üçün də çox xoş olar. Hətta o, televiziya rəhbəri olmaqdan əvvəl də fikrimiz var idi ki, onu verilişə çəkək. Sadəcə bəlli səbəblərdən edə bilmədik. İşləri çoxdur, televiziyanı idarə edir. İlk dəfə sizə bildirim ki, yaxın günlərdə Murad Dadaşov qonağım olacaq.
Rejissor Emin Abdullayevlə birgə "Fəlidən doğru xəbər" verilişini Yutub layihəsi olaraq təqdim etdik. Demək olar ki, verilişdə hər şeyi özümüz etmişdik. Sponsorumuz da yox idi, düzdür, dostlarım mənə dəstək vermişdilər. İlk qonağım da meyxanaçı Pərviz Bülbülə oldu. Mən özüm də verilişə çıxanda bilməliyəm ki, hara, hansı verilişə gedirəm.
- Sizi verilişlərdə çox görmürük. Buna səbəb nədir?
- Dostluq münasibətinə görə bir neçə verilişə çıxdım. Məsələn, müğənni Zamiq Hüseynovla münasibətimiz çox yaxındır. Məni harasa dəvət edirsə, ona ikinci sualı vermirəm. Çünki ona güvənirəm və fikirləşirəm ki, o məni məsləhət olmayan yerə çağırmaz. Verilişlərə bəzi nüanslara görə çıxmaq istəmirəm.
- Müğənni Zamiq Hüseynov və xalq artisti Röya Ayxanla çox yaxın münasibətiniz var idi. Zamiq Hüseynovla dostluq davam edir, Röya Ayxanla sizi bir arada görmürük...
- Röya Ayxanla da münasibətimiz davam edir. Bir araya gəlməməyimizun səbəbi yalnız işlə bağlıdır. Röya xanımla pandemiya vaxtı iş az olanda görüşürdük. Zamiqlə görüşürük, Röya ilə isə telefon vasitəsi ilə danışıram.
- Röya ilə sonuncu dəfə nə zaman görüşmüsüz?
- Bir müddət olar, görüşmürük, amma yaxın vaxtlarda danışmışıq. O da mənə dedi ki, itmisən... Vaxt tapan kimi görüşəcəm. Mən dostluq etməyi bacarıram və dostlarımı çox sevirəm. İnstaqramda sosial şəbəkə elə bir platformadır ki, izlədikcə elə bilirsən, yanındadır.
- "Fəlakət" obrazınızı "Fəlidən doğru xəbər"ə gətirdiniz. Bu obrazdan çıxmağı düşünürsünüzmü?
- Bəli, "Fəlakət" aparıcı oldu... Tamaşaçı nəyi istəyirsə, onu onlardan almaq düzgün deyil. Sözsüz, "Fəlidən doğru xəbər" verilişinin reytinqdə irəlidə və baxımlı olmasının səbəbi üzərində çox işləməyimizdir. Verilişi öncədən çəkirik, amma yayım gününə güclə çatdırırıq. Həftədə bir və ya iki veriliş çəkirik. Montaja çox vaxt ayırırıq, bunun üçün də nəticə yaxşı olur.
- "Fəlakət" hansı xüsusiyyətinə görə qadınların sevimlisidir?
- Səmimiyyətinə və göründüyü kimi olduğuna görə... Bir adamdan xoşu gəlirsə, üzünə deyir. Eləcə də bir adama sözü varsa, yenə üzünə deyir. "Fəlakət" nəinki xanımların, daha çox uşaqların sevimlisidir.
- Bəs, Elşən Orucov hansı xüsusiyyətlərinə görə xanımların sevimlisidir?
- Elşən Orucovu deyə bilmərəm (gülür). "Fəlakət"i ətrafdan izlədiyimə görə, bilirəm. Elşən Orucovu izləməyə vaxtım olmur, başım "Fəlakət"ə qarışıb. Bilmirəm, yalandan nə deyim...
- Sizə sosial şəbəkələrdə yenə də "Fəlakət" kimi yazanlar varmı?
- Əvvəl daha çox idi. Artıq sosial şəbəkələr inkişaf etdiyinə və aktivlik çoxaldığına, Elşəni tanıdıqlarına görə bu hal azalıb. Əvvəl Elşən Orucovu tanımırdılar. Sonra Elşən Orucovu verilişdə gördülər və baxdılar ki, "Fəlakət"lə Elşən Orucov fərqlidir.
- Elşən Oruvovla "Fəlakət"in ortaq və fərqli hansı xüsusiyyətləri var?
- Ortaq xüsusiyyəti var, olmaması mümkün deyil. Elşən kimi qonaqlara verə bilmədiyim sualları "Fəlakət"in dili ilə deyirəm.
- Həyatda ən çox nədən qorxursunuz?
- Həyatda ən çox səhv qəbul edilməkdən qorxuram. Hazırda elə bir dövrdür ki, insanlar gördüyünə və eşitdiyinə inanır. Bəzən olub ki, həyatda tanıdığımız dostlarımız dedikləri hansısa sözlə yanlış anlaşılıblar və elə bir həddə gəlib çıxıblar ki, biabır olublar, fikirlərini başa sala bilməyiblər. Əslində, elə adam deyillər.
Məsələn, "Maşın şou"da bunu daha çox görmüşük. Orada tanıdığım dostlarım var ki, çox pis ayrılıblar. Ən ehtiyat etdiyim hal yanlış anlaşılmaqdır və bundan çox qorxuram.
- Həyat yolunuzda nə kimi çətinliklərlə qarşılaşmısınız? Nə kimi maneələri dəf etmisiniz?
- Mən işimi çox sevirəm və inadkar insanam. Əgər bir şeyi çox istəyirəmsə, onun sonuna qədər gedirəm. Çox işləyirəm, uduzsam belə əziyyətdən çəkinmirəm. Düşünürəm ki, Allah göydən baxır, ola bilməz ki, qarşılığını verməsin. Maneələr, çətinliklər hər zaman var.
Biz verilişə başlayanda sponsorumuz yox idi. Sadəcə dostlarımızdan dəstək alırdıq. Məbləğ bizi qane etmirdi. Televiziyada bu qədər pul xərclənən veriliş yoxdur. Burada gördüyünüz bütün işçilər bizimdir.
Uğur yalnız mənim üzərimdə deyil, bu, komanda işidir. Verilişimizin çəkiliş meydançasını belə özümüz təmir etmişik. Verilişlərdə təmir televiziyanın üzərində olur. Biz Emin Abdullayevlə birlikdə öz cibimizdən xərcləmişik. Yarım il əlavə gəlir əldə etmədən bütün pulumuzu bu layihəyə sərf eləmişik. Təbii ki, dostlarımız da kömək edib.
- Pandemiyada ailənizi necə təmin etdiniz?
- Hamı necə, biz də elə dolandıq.
- Hər hansı biznes sahəniz varmı?
- Xeyr.
- Adınıza kafe-restoranlar var...
- Bəli, halal xoşları olsun, hətta bir neçəsində də olmuşam. Eləsi olub ki, məni tanımayıb, amma "Fəlakət" qardaşdı, dostumuzdur deyiblər. Sonra demişəm ki, Fəlakət mənəm, halal xoşunuz olsun. Kafeləri rayonlarda görmüşəm. İnsan oradan nə qazanır ki, mən ona nəsə vasitəçi olam.
- Demək, biznesiniz yoxdur...
- Xeyr, biznesim yoxdur və heç kimi də qınamıram.Vəziyyətə, şəraitə uyğun insanlar istəyirlər ki, başqa yerdən də gəlir əldə etsinlər. İncəsənət adamları, tanınmış simalar yaxşı yaşamalıdırlar. Bilmirəm bu fikrimi necə qarşılacaqlar? Çünki yaxşı yaşamalıdırlar ki, tamaşaçıya keyfiyyətli iş təqdim edə bilsinlər.
Əgər yaradıcı insanın həyatda problemləri varsa, o işində keyfiyyətli heç nə edə bilməz. İnsanlar bəzən bunu başqa cür başa düşüb qınayırlar.
- Hansısa biznes sahəsi qurmaq istərdiniz?
- Əslində, mənim işim də biznesdir. Mən yalnız aktyor kimi fəaliyyət göstərmirəm, layihə rəhbəriyəm, bu qədər insanlar buradan evlərinə çörək aparırlarsa, bunun məsuliyyətini daşıyıram və sevinirəm. Burada doğrudan da hamımız ailə kimiyik.
- Verilişiniz Xəzər televiziyasında yayımlanır. Kanalın rəsmi işçisiniz?
- Xəzər televiziyası ilə əməkdaşlıq edirik, veriliş prodakşında çəkilir. Bizə Murad Dadaşovun böyük dəstəyi var. Sadəcə olaraq biz ayrıca bir pavilionda fəaliyyət göstəririk. Xəzər televiziyasına ailə üzvü kimi gedirik.
- Siz "Boşbash pictures" komandasındakı həmkarlarınızdan daha çox məşhursunuz. Sizi İlkin Həsəni "Bozbash pictures"ə dəvət etməsəydi tanınardınızmı?
- Allah hər bir insana bir qismət yazır. Əgər istedad varsa, nə vaxtsa özünü büruzə verir. Dostlarımın mənə dəstəyi çox olub. Hər zaman deyirəm ki, qazandığım uğurda ətrafımda olan insanların rolu var, heç vaxt deməmişəm ki, uğuru tək qazanmışam. İstər indiki işimdə olsun, istər əvvəlkində.
Biz İlkin Həsəni ilə yaxın dostuq. O mənim televiziyaya gəlməyimdə də böyük rol oynayıb. Ümumiyyətlə, "Bozbash pictures" komandasının yığılmasında İlkin Həsəninin rolu böyük olub. Bizim dostluğumuzun da təməli sağlam olduğu və iş üzərində qurulmadığı üçün möhkəmdir. Uğur səndə varsa özünü göstərəcək.
- Maraqlıdır, mütaliə edirsinizmi? Kitab oxumağa münasibətiniz necədir?
- Kitab oxumaqdan çox filmləri izləyirəm. Amma inanın ki, son vaxtlar vaxtım bu verilişə bağlıdır. Bu gün ikinci verilişi də çəkəcəyik. Qonağımız meyxanaçı Pərviz Bülbülədir. Axşam isə montaja gedəcəm.
Amma şikayət etmirəm, işimdən zövq alıram. Bu işdə Emin Abdullayev də var. Komandamızın uşaqları çox professionaldırlar.
- Verilişinizə xaricdən qonaqlar dəvət edəcəksinizmi?
- Yaxın günlərdə bir qonağımız olacaq. Adını açıqlamayacam. Qonaqlarımız Türkiyədən və Rusiyadan tanıdığımız azərbaycanlılar olacaqlar.
- Verilişinizin formatında dəyişiklik edəcəksinizmi?
- "Fəlidən doğru xəbər"də bu mövsüm yox, yeni mövsümdə dəyişiklik olacaq. Bu mövsümdə artıq verilişə iki qonaq dəvət edirik, yeni rubrikalarımız var. Yeni mövsümdə ikinci layihəni də planlaşdırırıq.