Türkiyənin məşhur aktyoru, "Kurtlar Vadisi Pusu" serialında Yasin rolu ilə yadda qalmış Ertuğrul Şakar Teleqraf.com-un suallarını cavablandırıb.
Müsahibəni təqdim edirik.
- Azərbaycana ilk dəfə gəlirsiniz. Təəssüratlarınız necədir?
- Təəssüratlarım gözəldir, hava limanından başlayaraq şəhəri çox sevdim. Hava limanında fərqli bir keyfiyyət hiss etdim, çox şad oldum. "Bakıya indiyədək gəlsəydim" deyə düşünürək özümü günahlandırdım. Ləngidiyim faktdır...
- Bakıya gəlişinizin məqsədi barədə bir neçə kəlmə...
- Bakıya rejissor Selahattin Sancaklı və rejissor Yalçın Çobanla gəldik. Səfərimizin məqsədi Qarabağla bağlıdır. Qarabağ müharibəsindən sonra münasibətimiz, bir-birimizə yanaşmamız daha fərqli olmağa başladı. Sanki bir-birimizdən uzaqlaşmışdıq, yaxşı ki, Qarabağ zəfəri baş tutdu və əskik qalan tərflərimizi bizə xatırlatdı. Qardaş ölkə olaraq bir-birimizə qarşı daxilimizdə gizlədilən sevgini üzə çıxardı. Ona görə də Bakıya gəldik.
Burada işlə bağlı planlarımız var, serial, film çəkməyi düşünürük, yaxud təhsillə bağlı layihələr edəcəyik. İş adamları ilə görüşürük. Mən və Selahattin Sancaklı pedaqoq kimi də fəaliyyət göstərərək dərs keçirik.
Mən Hacettepe Universitetində müəllim kimi fəaliyyət göstərirəm. Burada da dövlət qurumlarının göstərişi ilə gənclərə dəstək olmaq və birlikdə iş görmək istəyirik. Öncə qeyd etdiyim kimi bir-birimizdən çox uzaq qalmışıq. Qoy, uşaqlarımız bir araya gəlsin və bir-birini tanısınlar.
- Şuşaya getmək planınız varmı?
- Təbii ki, Şuşaya və işğaldan azad edilən bütün torpaqlara getmək istəyirəm. Hətta Bakıya niyə bu qədər gec gəldiyimi düşünərək kədərləndiyimi də dedim.
Biz bir çox Avropa ölkələrinə gedirik, amma Azərbaycana gecikirik. Mən Azərbaycanda ilk olaraq türk dilində yazı oxudum. Bu məni çox sevindirdi. Başqa bir ölkəyə gedirsən, dilini başa düşməyə çalışırsan, özünü yad hesab edirsən. Mən Ankarada yaşayıram, mənim üçün Ankara necədirsə, Bakı da elədir, rahatam, hüzurluyam...
Buna görə də dövlət qurumları Türkiyədən gənclərimizi iki-üç günlüyünə Bakıya gətirsinlər, gəzdirsinlər. Duyğularımız canlansın, təkrar qardaşlığımızı, dostluğumuzu xatırlayaq.
Azərbaycanlılar Türkiyəyə çox gəlirlər, bu sizin üçün önəmli olmaya bilər. Siz burada yaşadığınız üçün bunun fərqində deyilsiniz. Mən bu hissi yaşadığım üçün belə bir təklif irəli sürdüm.
- "Kurtlar Vadisi Pusu" serialı Azərbaycanda çox sevilirdi. Orada Yasin obrazını canlandırmısınız. Bakıda sizi tanıdılarmı?
- Bakıya gecə saatlarında gəldik. Məni ilk olaraq hava limanının işçiləri tanıdılar. Yəni Bakıya ayaq basan kimi məni tanıdılar, sağ olsunlar. Mən "Şefkat Tepe" serialında da çəkilmişəm, orada Kordon Cəlil obrazını canlandırmışam. Sosial şəbəkədə də türk ölkələrindən izləyicilərim çoxdur. Xüsusilə də Azərbaycandan.
- Sizi daim polis obrazında görürük. Sevgidən bəhs edən hansısa seriala çəkilməyiniz necə, mümkündürmü?
- Mən Hacettepe Universiteti Ankara Dövlət Konservatoriyasından məzun olmuşam. Universitetdə diksiya və teatr dərsləri keçirəm. Seriallarda çox oynamağı sevmirəm, amma teatr səhnəsində bütün rolları oynayaram.
Obraza gəlincə, izləyici ilk olaraq səni hansı rolda sevirsə, növbəti obrazı da həmin rola uyğun tərcih edirsən. Ona görə də seriallarda fərqli rola çəkilməyi səhv addım sayıram.
- Sizi qarşıda hansı layihələrdə görə bilərik?
- Rejissor Selahattin Sancaklı ilə işbirliyimiz olacaq. Layihəmizə hazılıq başlayıb. Bizi yaxın günlərdə həm Türkiyə, həm də Bakıda baş tutan layihələrdə görə bilərsiniz.
- Son olaraq azərbaycanlılara nə demək istərdiniz?
- Azərbaycanlılara demək istəyirəm ki, çox gecikmiş dostluğu yenidən canlandırmağı istəyirəm. Bir az əvvəl də qeyd etdiyim kimi dövlət qurumlarına təklif edirəm ki, Türkiyədən tələbələri Azərbaycana gətirsinlər.
Biz neçə il sonra Azərbaycana gəldik, belə şey olarmı?! Bundan sonra Bakıya tez-tez gələcəyik. Azərbaycan çox gözəl ölkədir. Burada hər şeyi tanıtmaq lazımdır.