20 Aprel 2023 12:01
1 084
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəssam-modelyer Elnarə Bəkirovanın atası Kamran Bəkirovun qətlə yetirilməsindən danışıb.

Teleqraf.com xəbər verir ki, Elnarə Bəkirova İnstaqramda canlı yayım açaraq atası ilə bağlı istintaqın gedişindən narazı olduğunu və atasının qətlində bir deputatın qohumunun olduğunu iddia edib.

"Hamı hər şeyi bilir. Atam aprelin 6-da dostu ilə iş görüşməsinə gedir və orada oğurlanaraq qətlə yetirirlər. Özü də amansızcasına…Atamın qatillərinin qanun qarşısında cavab verməsi üçün əlimdən gələn hər şeyi edəcəyəm. Bu məsələyə baxılmır. Bir ailəni başsız qoydular. Neçə gündür atamı görmürəm. Sabunçu Rayon Prokurorluğu məsələyə soyuq yanaşır. Bu məsələni Baş Prokurorluğun öz üzərinə götürməsini xahiş edirəm, Dövlətimdən, prezidentimdən, baş prokuror Kamran Əliyevdən kömək istəyirəm. Artıq heç cür hisslərimi cilovlaya, səbr edə bilmirəm. Bu, mənim üçün çox böyük itkidir. Atam övladlarımıza atalıq edib, babalıq yox. Bizim düşmənlərimizin yaxınlarının vəzifəli şəxs olduğunu öyrənmişəm. Ona görə də bu məsələyə müdaxilə olunduğunu düşürəm.

Cənab prezident İlham Əliyev, Birinci vitse-prezident mənə kömək edin. Baş prokuror Kamran Əliyev, Daxili işlər naziri Vilayət Eyvazovdan və hər kəsdən kömək istəyirəm. Atamı amansızcasına qətlə yetiriblər. Qətlə yetirdikdən sonra ayağına, qarnına daş bağlayıb, onu quyuya atıblar. Mən, ailəm buna dözə bilmirik. Onların nəslində bir qeyrətli kişi yoxdur ki, üzrxahlıq etsin. Mənim ölümə bir nəfər bir söz demədi. Artıq dözə bilmirəm, atasız qala bilmirəm. O, elə kişi olmayıb, atamı aldadıblar, inandırıblar. Atamla bir gün əvvəl danışdım, dedi ki, qızım yaxşı işlərim var, bitmək üzrədir. Dedim ki, ata kimdir? Dedi ki, heç nədən qorxma, vəzifəli adamdırlar. Sadəcə pulu göstərməyə aparıram, əmin olmaq istəyirlər ki, pulun davamı gələcəkmi? İmkanım nə dərəcədədir? Pulu göstərib qayıdacam. Mənim atamı aldatdılar. Bunun cavabını həm qanun qarşında, həm də Allah qarşısında verəcəklər. Dövlətimə, Prezidentim İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya güvənirəm. Bilirəm ki, hər şey dövlət başçısına çata bilmir. Amma mənim haqq səsimi duyurun. Sabunçu Rayon Prokurorluğu bu məsələyə obyektiv baxmır, sullarımıza cavab vermir. Ölüm haqqımda xəbər ala bilmirəm. Müstəntiq cavab vermir", - o qeyd edib.

Onun sözlərinə görə, onlardan yalnız pulun mənbəyi soruşulur: "Atam illərdir ki, biznesmendir. Lazımı qədər də pulu var idi. Lap atamın deyil, başqa adamın puludur. Sən niyə atamı öldürən adama cəza vermirsən?! Onlara bir maddə ilə iş açmısınız. Can gedib, atamın ölüm xəbərini saytlardan öyrənirəm. Atamın üst geyimini tapa bilmirəm. Gödəkçəsi hardadır? Yoxdur. Zəng edib morqdan soruşuram. Niyə mən soruşmalıyam. Niyə demirlər ki, atam hansı saatda öldürülüb, niyə öldürülüb? Ancaq pulun mənbəyini soruşurlar. Mənə deyirlər ki, bəlkə atanızın borcu var idi, borca görə öldürüblər. Tək qadın başsız qalmışam, nə atam, nə qardaşım, nə də həyat yoldaşım var. Uşaqlarla bir yerdə belə bir vəziyyətdə…Mən qadın başıma arxasında vəzifəli şəxs ola-ola necə döyüşə bilərəm: Deputatın ailəsində bir yox, iki cinayətkar var. Bizim həyatımız həqiqətən təhlükədədir. Uşaqlarım dərsə getmir. Prokurorluğa mesajlar təqdim edirəm, yazışmaları göstərirəm, baxmırlar. Öyrənmişəm ki, cinayəti törətməkdə təqsirli bilinənlərdən biri deputatın dayısı, digəri isə başqa dayısının kürəkənidir. Ən azından gəlib, üzrxahlıq edərdilər. Etmədilər...Cinayəti araşdırmaq əvəzinə yenə məndən soruşurlar ki, atan pulu haradan alıb.

Sabunçu Rayon Polis İdarəsinin rəisi Cavid Muradov atamın cəsədinin tapılmasında bizə çox yardım etdi. Ona təşəkkür edirəm. Əlbəttə ki, atamın cəsədi tapılmaya da bilərdi, quyuya atılmışdı və hadisəni törətməkdə təqsirli bilinənlər bilet almışdı, ölkədən gedəcəkdi, amma ələ keçirildilər. Biz vəzifəli şəxsin onların arxasında olduğunu düşündüyümüz üçün çox böyük qorxularımız var. Hələ deputatın adını çəkmirəm. İstəyirəm ki, prokurorluq bu məsələni öz nəzarəti altına götürdükdən sonra aydınlıq gəlsin. Əlimdə olan mesajlarla bağlı tədbir görülsün. Mənə zənglər gəlməyə başlayıb. Guya atamın dostudurlar, amma mən öz ailəmin və təhlükəziliyimdən narahatam. Dövlətimdən yardım istəyirəm. Amma cinayətkarların hamısı cəzasını çəkəcək. Əlimdən gələn hər şeyi edəcəm. Düşünməsinlər ki, qadınam. Vəzifəli adamdan qorxmuram. İşin gedişatı ləngiyir. Niyə hələ də bilmirəm ki, atam saat neçədə öldürülüb, hansı maşınla gedib. Atam sadəliyinin, insanlığının qurbanı oldu. İş görmək üçün pul verdi, onu öldürdülər. Bu ölkədə belə şey ola bilməz və olmayıb. Aprelin 6-dan bu hadisə olub, vəkilimə belə məlumat verilmir. Biz onlardan bir kəlmə belə soruşa bilmirik. Yəqin gücü onlara çatdığına görə istintaq bu cür davam edir, olsun. Düşünməsinlər ki, telefon onlardadır. Amma əlimdə faktlar var. Hər bir sözümə cavabdehəm. Qohumu olaraq bir deputatın ailəsindən iki cinayətkar çıxırsa, bu heç də yaxşı hal deyil. Deputatın da bu cür soyuq münasibəti ailəmiz üçün yaxşı hal deyil”.

Qeyd edək ki, Kamran Bəkirovun üzərində olan 300 min manatla itkin düşüb. Polis tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin öldürülməsi və meyitinin gizlədilməsi məlum olub. Davam etdirilən təxirəsalınmaz tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinənlər - əvvələr məhkum olunan 1953-cü il təvəllüdlü Mustafa Zeynalov, 1984-cü il təvəllüdlü Namiq Əliyev saxlanılıb. İlkin araşdırma zamanı Kamran Bəkirovun aprelin 6-sı saat 19 radələrində paytaxtın Sabuçu rayonunun Nardaran qəsəbəsi ərazisində aralarındakı pul mübahisəsi zəminində 1955-ci il təvəllüdlü Mustafa Zeynalov və onun qohumu 1984-cü il təvəllüdlü Namiq Əliyev tərəfindən küt alətlə xəsarət yetirməklə qəsdən öldürülməsi və meyitinin rayonun "Ləhiş bağları" ərazisindəki su quyusuna atılmasına əsaslı şübhələr müəyyən edilib. Elnarə Bəkirova keçmiş moda məsləhətçisi, hazırda isə "Şərifzadə Art center"in rəhbəridir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər