Tanınmış aparıcı Rövşanə Ağasəfqızı Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Rövşanə xanım, “Space” televiziyasından ayrıldınız. Əməkdaşlığınıza son verilməsinin səbəbi nədir?
- Bəli, “Space” televiziyası ilə yollarımız ayrıldı. Bu haqda mənə televiziya mövsümü başlamazdan əvvəl məlumat verilsəydi, daha yaxşı olardı. Mən də iş təkliflərini dəyərləndirərdim. Belə bir zamanda kanal tərəfindən müqaviləmə xitam verilməsini düzgün hesab etmirəm. Düşünürəm ki, bu, düzgün yanaşma tərzi deyil.
İllər uzunu sədaqətlə “Space” televiziyasında çalışmışam. Hətta elə anlar olub, maaş verə bilməyəndə də fəaliyyətimə davam etmişəm.
Vado Korovin “Space” televiziyasına təzə rəhbər təyin olunub. Korovinin kürəkəni televiziyaya icraçı direktor gəlib. O, dünən mənə zəng etdi ki, müqavilənizə xitam veririk. Nə səbəbə? Səbəb yoxdur.
Nə ola bilər? Heç bir səbəb yoxdur və mən də açığı səbəbini bilmirəm. Çalışıram səbəbini öyrənim. Təsəvvür edin ki, dünən efirdə verilişlərimin təkrarı yayımlanıb. Verilişin təkrarı gedə-gedə mənə belə bir xəbərdarlıq edilib. Mən də deyirəm ki, fikrinizi may ayında bildirsəydiniz, daha yaxşı olardı. Çünki rəsmi olaraq hamı kimi məzuniyyətə çıxırdım.
O zaman bildirsəydilər ki, müqavilənizə xitam veriləcək, özümə iş axtarardım. Televiziyanın yeni mövsümü başlayır, setkalar da dolub, mənə yenidən efirdə görünmək çətin olar. Bu, düzgün yanaşma tərzi deyil. Çünki arada həmişə hörmət olub.
- Televiziyanın yeni mövsümünün başladığı bir vaxtda müqavilənizə xitam verilməsinə etirazınızı bildirdinizmi?
- Xeyr. Nə etməli idim? Qalmaqal salım, ya dava edim? Hə, müqaviləyə xitam veririk. Mən onları məhkəməyə verən deyiləm ki. Yəni, kefimiz belə istəyir, özəl televiziyadır.
İllərlə canımızı televiziyaya qoymuşuq, 26- 27 ildir ki, televiziyada çalışıram. Bütün fəaliyyətim, xidmətim televiziyaya bağlıdır. Bu gün bir şəxs, rəhbər deyir ki, mənim kefim belə istəyir. Özəl televiziyadır, mən nə deyə bilərəm ki…
- "Space" televiziyasının rəhbəri Vado Korovin ilə münasibətiniz necə idi?
- Vado Korovin ilə aramızda heç vaxt problem yaşanmayıb. Biz təxminən bir televiziya mövsümünü birlikdə işləmişik. “Space"in çətin vaxtı idi, gündəlik efirə çıxmaq lazım idi. Mənə təklif olundu ki, gündəlik efirə çıxım. Mənsə gündəlik efirə çıxmağı o qədər də sevmirəm. Təbii ki, təkliflə razılaşdım, “Space"nin çətin dönəmidir, Vado Korovin yeni rəhbər təyin edilib, ona dəstək olmaq lazımdır.
Sadəcə indi Vado Korovinin kürəkəni "Space" televiziyasına icraçı direktor təyin edilib. Belə başa düşürəm ki, kürəkən gələndən sonra təmizləmə işləri aparır, amma səbəbini bilmirəm.
Ümumiyyətlə, televizyada heç bir xoşagəlməz hadisə yaşanmayıb. Mənim özümə də səbəb bəlli deyil. Ən azından yeni televiziya mövsümündə belə bir qərar vermək insani münasibətlərdən uzaq yanaşmadır.
Mövsümün əvvəllində insana belə bir təklif edərlər ki, sənin müqavilənə xitam verilir. Belə olmaz. Az öncə dediyim kimi, bu haqda fikrinizi may ayında bildirin ki, mən də işimi bilim, özümə iş axtarım, sezon başlayır. Mən başqa işdə çalışa bilmərəm, həkim, mühəndis, aşpaz deyiləm. Mənim işim televiziyadır.
Bəllidir ki, televiyada setka dolub. Hansı insani xüsusiyyətə malik olasan ki, belə bir addım atasan.
- Vado Korovin kanala rəhbər təyin edildikdən sonra maaşla bağlı hər hansı problem yaşanıbmı?
- Maaşla bağlı gecikmə halları olub və hələ də tam maaşımız, məzuniyyət pulunu gözləyirik. Amma sonunda təbii ki, maaşımızı almışıq.