Müğənni Nura Suri həmkarı Səidə Sultanı müdafiə edib.
Teleqraf.com xəbər verir ki, Nura Suri həmkarını tənqid edənlərə cavab verib:
"Biz niyə sevinməyi bacarmırıq!? Niyə hər şeyə mız qoymağı yaxşı bacarırıq. Səidə Sultanın toyuna yığışmışdıq. Qız həmişə “palatka” toyu arzu edib. Həmişə deyirdi ki, toyum olsa, keçmişdəki kimi olacaq. Ailə qurduğu insan da Bakı kəndindəndir.
Əvvəllər onsuz da hamı qız toyu, oğlan toyu edirdi. Sonra bu adət-ənənə deformasiyaya uğrayıb dəyişdi. Uzun sözün qısası, toya gələnlərin bəziləri ancaq qeybət üçün mövzu axtarırdı, bəziləri əylənirdi, bəziləri sevinirdi, bəziləri də saxta və qeyri-səmimi idi. Bütün məclislərdə olduğu kimi...
Həmin gün xəbər gəldi ki, müharibə başlayıb. Bəziləri də qınanmaqdan qorxub gəlməmişdi. Səidəni toyu günü başlayan müharibə səhəri bitdi. Söyülən, təhqir olunan yenə müğənnillər oldu. Üzdəniraq qonşuları söymək istəyənlər yenə şou əhlini söydü. Həmin gün ölkəmizin bütün şadlıq saraylarında toy-büsat var idi.
Məhərrəmlik çıxıb, camaat aylar əvvəl restoranlarda tarix götürüb, pul ödəyib və sair. Dünyada hər an bir evdə şənlik, o biri evdə yas olur. Həyatın qanunudur. Hər an kimsə ölür və doğulur. Amma və lakin nədənsə dünyada baş verən bütün fəlakətlərdə yalnız Azərbaycanın məşhurları günahkar olur. Atom bombası da partlasa, zəlzələ də olsa, günahkar yalnız yerli şou əhlidir".