"Çox xahiş edirəm ki, bacımın qatilinin anasını “xalanız" deyə qeyd etməyin. O, mənim xalam deyil, başda duran qatildir. Hazırda istintaq prosesi gedir. Bu barədə açıqlama vermək istəmirəm".
Teleqraf.com xəbər verir ki, bu sözləri həyat yoldaşı Anar Həşimov tərəfindən qətlə yetirilən müğənni Yaqut Həşimovanın bacısı Şəlalə Nəriman “Elgizlə izlə” verilişində deyib:
"Onların ailə qurmasına nə atam, nə anam, nə də mən razı olmuşuq. Qismət belə gətirdi. Biz istəmirdik ki, onlar ailə qursunlar. Onun həyat yoldaşı qatildir. O, bir mələk üzlü qızın həyatını puç etdi, uşağı anasız qaldı. Düzdür, onun oğlu mənim oğlumdur. Amma ananın yerini verə bilmərəm.
Son zamanlar bacım elə gözəlləşmişdi. Öldürülməmişdən bir həftə əvvəl bacımla məclisdən gəlirdim. Deyim ki, bacımı "Günəşli" qəbiristanlığında dəfn etdim. O yolu keçəndə dedi ki, “adamın burada bir evi ola”. Ona dedim, sən nə danışırsan?
Sonra evdə anam və bacımla oturmuşduq. Bacım dedi ki, birdən mənə bir şey olsa, bilirəm ki, oğlum Murada məndən də yaxşı baxacaqsan. Dedim, bəsdir, bu nədir axı, iki gündür mənə belə sözlər deyirsən. Sonra anama yolda olanda zəng vurub deyib ki, əməliyyat olunmuşam, birdən mənə nəsə olsa, filan yerdə filan şeylərim var. Sanki bacıma bir neçə həftə əvvəl agah olmuşdu ki, dünyasını dəyişəcək. Allah ürəyimə su səpsin, onun oğlunu böyüdə bilim. Qatil cəzasını almalıdır.
Bacım son bir ayda həyat yoldaşını evə qoymaq istəmirdi. Son dövrlər yola getmirdilər. Bəziləri deyir ki, qısqanclıq olub. Bəs, on il əvvəl Moskvaya toylara gedəndə harada idi? Deyirlər ki, bacımın qatili heç siqaret belə çəkməyib və sakit insan olub. Xeyr. Hətta onun pis vərdişi ilə bağlı qardaşına da xəbərdarlıq etmişəm.
Hamısını da telefonda saxlamışam. O, qanun qarşısında cavab verəcək. İstəyirəm ki, ömürlük cəzasın alsın".
Şəlalə Nəriman daha sonra müğənni Əli Mirəliyevi bağışladığını deyib: "Anam da, atam da Əli Mirəliyevi bağışladı".
Qeyd edək ki, Əli Mirəliyev müğənninin dəfələrlə içkili halda ona zəng etdiyini iddia etmişdi. O, daha sonra fikirlərinə görə ifaçını ailəsindən üzr istəmişdi. Yaqut Nərimanın anası Əli Mirəliyevi bağışlamadığını, üstəlik, Əli Mirəliyevin Yaquta pul borclu olduğunu bildirmişdi.