21 Dekabr 2023 19:36
1 098
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mədəniyyət Nazirliyi və Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyinin təşkilati dəstəyi ilə ölkəmizə gələn türkiyəli məşhur rejissor Semih Kaplanoğlu mədəniyyət nümayəndələri ilə bir araya gəlib.

Teleqraf.com xəbər verir ki, Semih Kaplanoğlu tədbirdə mədəniyyət nümayəndələrinin fəaliyyəti haqqında suallarını cavablandırıb və kino sahəsi barədə təcrübələrini bölüşüb.

Məşhur rejissor daha sonra ölkəmiz haqqında təəssüratlarını dilə gətirib: “Bakıda olmaqdan çox məmnunam. Buraya Mədəniyyət Nazirliyi tərəfindən dəvət edildim. Bu dəfəki gəlişimlə Bakını daha dərindən kəşf etmiş və görmüş oldum. Bakıda gənclərlə, bir çox aktyor və rejissorlarla görüşümüz baş tutdu. Onlarla öz təcrübəmi bölüşdüm. İki həftədir ki, Bakıdayam və burada çox xoş zaman keçirdim. Azərbaycan kino sahəsinin gələcəkdə həyata keçirəcək layihələrində az da olsa töhfəmiz oldusa, nə xoş bizə”.

Ölkəmizdə təcrübəsini bölüşən Semih Kaplanoğlu türk kino sahəsinin keçdiyi inkişaf yolları, Türkiyə film və seriallarının dünyada tanıdılması haqqında da danışıb: “Biz ulu öndər Heydər Əliyevin dediyi kimi “Bir millət, iki dövlətik". Hər sahədə olduğu kimi kino sahəsində də sıx iş birliyi həyata keçirə və bu mövzularda müzakirələr apara bilərik”.

Məşhur rejissor İkinci Qarabağ müharibəsindən bəhs edən filmlərin çəkilməsinin əhəmiyyətindən də danışıb: “Mədəniyyət Nazirliyi tərəfindən təqdim edilən ssenariləri oxudum. Ssenarilər arasında fərqli baxış tərzlərini əks etdirən hekayələr var. Ssenarilər daha çox hadisə üzərindən deyil, onu yaşayan şəxslərin dilindən əks edilib. Məsələn, ötən gün bir qadının hekayəsini oxudum, 30 il əvvəl torpağını tərk edən və 30 il sonra doğma torpağına qayıdan... 0 zaman 30 yaşı, indi isə 60 yaşı var. Bu illər ərzində mübarizə aparan, təkrar doğma torpağına getməsini arzu edən güclü bir qadının hekayəsi çox xoşuma gəldi. Təbii ki, bir qadının mübarizəsi və ananın hekayəsi mənə çox təsir etdi. Bir çox güclü ssenarilər var. Düşünürəm ki, Qarabağ müharibəsindən bəhs edən filmlərin rejissoru və aktyorları da azərbaycanlı olmalıdır”.

Türkiyənin Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyinin rəhbəri Selçuk Karakılıç isə iki ölkə arasında baş tutan mədəni əlaqələrin inkişafını vurğulayıb: “Semih Kaplanoğlunu azərbaycanlı rejissor və ssenaristlərlə bir araya gətirərək iki ölkə arasında iş birliklərinin daha da inkişaf etməsini, kino sahəsində çalışan mədəniyyət nümayəndələrinin bir-birini tanımasını təşkil etdik. Semih Kaplanoğlu Türkiyənin tanınmış rejissoru olaraq azərbaycanlı ssenarist və rejissorlarla görüşüb. Yunus Əmrə İnstitutu olaraq məqsədimiz iki ölkənin xüsusilə də Azərbaycanın kino sahəsinin inkişafına dəstək olmaqdır. Bununla yanaşı Azərbaycanın Qarabağ məsələsinin bütün dünyada beynəlxalq səviyyədə təqdim ediləcək filmlərin çəkilməsinə dəstək olmaq üçün mədəniyyət nümayəndələrini bir araya gətirdik. Bu gün Semih Kaplanoğlunun 50-ə yaxın azərbaycanlı aktyor və rejissorlarla bir araya gəlməsi və fikirlərini bölüşməsi bizim üçün böyük əhəmiyyət kəsb etdi və çox önəmli oldu”.

Qeyd edək ki, tədbirdə əməkdar incəsənət xadimləri Mehriban Ələkbərzadə, Ayaz Salayev, xalq artistləri Həmidə Ömərova, Nurəddin Mehdixanlı, Məleykə Əsədova, əməkdar artistlər Vəfa Zeynallı, Sənubər İsgəndərli, Suğra Bağırzadə, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov, aktyorlar Kamran Ağabalayev, Elməddin Cəfərov və bir çox incəsənət nümayəndələri iştirak ediblər.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər