28 İyun 12:35
739
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qanun” Nəşrlər Evinin direktoru, naşir Şahbaz Xuduoğlu Türkan Urmulu tərəfindən Türkiyə türkcəsindən Azərbaycan türkcəsinə tərcümə edilən “Feminizm hər kəs üçündür” kitabındakı səhvlərə münasibət bildirib.

Şahbaz Xuduoğlu Teleqraf.com-a açıqlamasında bu sözləri deyib: “Kitabı İran azərbaycanlısı Türkan Urmulu tərcümə edib. O, hazırda Amerikada akademik təhsil alır. Kitabın redaktoru isə Güntay Gəncalpdır. Mən cənubdan gələn hər bir yazıya həssaslıqla yanaşıram. Bizimlə onların ləhcəsi arasında fərq var. Ortaq türkcə ilə bağlı, Türkiyə türkcəsi və Azərbaycan türkcəsi qarışıq nələrsə etmək istəyirlər. “Feminizm hər kəs üçündür” kitabı 2012-ci ildə nəşr edilib. Həmin kitab satışa çıxarılmayıb. Azərbaycanda o qədər səhvlərlə nəşr edilən kitablar var ki, ona heç kim diqqət etmir, dərslikdən tutmuş digər kitablara qədər... Bu kitab müəllif hesabına nəşr edilən və müəyyən bir sayda, amma mahiyyət etibarilə çox vacib olan bir kitabdır.

Bu kitab nəşr ediləndə Azərbaycanda “feminizm nədir” ifadəsini eşidən yox idi. Bu mənada kitabın mahiyyətinə diqqət etməkdənsə, hər kəs kitabdakı səhvə diqqət edir”.

Onun sözlərionə görə, kitabın redaktoru və tərcüməçisi akademik təhsilləri olan insanlardır: "Amerikada ən yüksək təhsil ocaqlarında təhsil alıblar. Hazırda sosiologiya elmi üzrə müdafiə edirlər. Kimin sözü varsa, yazsın, maraqlansın. Qəzetlərdə belə bir cümlə yazılıbr: redaksiyanın fikri müəllifin fikri ilə üst-üstə düşməyə bilər. Nəşriyyatda da elədir. Mən İranda yaşayan azərbaycanlılara qarşı çox həssas münasibət göstərirəm. Onlardan çox kitablar gəlir, onların tərcüməsini Azərbaycan türkcəsinə salmaq çox çətindir və vaxt aparır. Bəzilərini tərcümə etmək olur, bəzilərinin isə tərcümə edilməsinə müəllif razılıq vermir və bu şəkildə yayımlanmasını istəyir.

22 yaşında yazılan yazı ilə 50 yaşında yazılan yazı arasında mütləq bir fərq var. Oxucular isə bu kimi hallarda bir az dözümlü olsunlar və mahiyyətə baxsınlar. Hər xırda səhvi faciə kimi qəbul etməsinlər. Çünki o kitabı heç kim cibindən pul verib almayıb. Onu pulsuz götürüblər. O kitab satışda da yoxdur. Kitab 2012-ci ildə nəşr edilib. Onun yeni varinatı üzərində tərcüməçi yenidən işləyəcək. “Feminizm hər kəs üçündür” kitabı qadın arzuları ilə bağlı yaxşı bir kitabdır. Güntay Gəncalpın kitabın redaktoru kimi belə bir fikri var idi ki, ortaq türkcədə yazılsın. Bu kitab əvvəl nəşr edilib və orada da bu cür kəlimələr həddindən artıq çoxdur. Biz də nəşriyyat olaraq hazırda kitabların Azərbaycan türkcəsinə tam uyğunlaşmasına ciddi nəzarət edirik”.

Qeyd edək ki, “Feminizm hər kəs üçündür” kitabı Bell Hooks tərəfindən yazılıb.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər