29 Avqust 15:01
531
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Kino Akademiyasının üzvü rejissor Elvin Adıgözəli Bakının mərkəzində 3 velosipedçi tərəfindən vurulub.

Hadisə nəticəsində xəsarət alan rejissor Teleqraf.com-a açıqlamasında səhhətindən danışıb:

"Hadisə avqustun 25-də baş verib. Üzeyir Hacıbəyli adına Musiqi Akademiyasının yaxınlığındakı avtobus dayanacağında dayanmışdım. Anamla birlikdə avtobus gözləyirdik.

Yolun əks istiqamətindən əylənmək məqsədli üç velosiped sürücüsü gəldi. Çox sürətli idilər, məni vurdular. Sağ qolum sındı, dizlərim və sol çiyin hissəm əzildi. 20-25 yaş arası gənclər idi. Onlara dedim ki, təcili yardıma zəng edin və ya məni taksiyə mindirin. Onlar isə "Burada dayanmazdınız, bizlik deyil" deyərək hadisə yerindən qaçdılar.

Sürünərək taksiyə minib xəstəxanaya getdim. Sağ olsun həkimlər, tibbi müdaxilə etdilər".

Rejissor hüquq-mühafizə orqanlarına müraciət etdiyini açıqlayıb: "Xəstəxanada olarkən DİN-in "102" xidməti zəng mərkəzi ilə əlaqə saxladım. Nəsimi rayonu 22-ci polis bölməsi tərəfindən cinayət işi açılıb, lakin hadisəni törədənlər hələ müəyyən edilməyib. Mənə bildirdilər ki, hadisəni törədənlər bir ay ərzində tapılmasa, məsələ bağlanacaq. Mən də iradımı bildirdim ki, iş bağlana bilməz, bu, insan həyatı ilə bağlı məsələdir".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər