"Mən heç vaxt belə şeylərə qarışan və ya danışan deyiləm. Amma insanlar çox dəyişib, bunu da zamanın üstünə atırıq. Xanəndələrin, müğənnilərin mikrofonsuz oxuduğu vaxtlardakı kimi, indiki ifaçılar oxuya bilər? Minidiskin hesabına hamısı oxuyan olub".
Teleqraf.com xəbər verir ki, bu sözləri Xalq artisti Zabit Nəbizadə "7 Tamam" verilişində deyib. Xanəndə hazırda fəaliyyət göstərən bəzi müğənniləri tənqid edib:
"Kim istəyirsə, incisin. Oxuyan gəlsin, mikrofonsuz, tar-kamanla canlı ifa etsin görüm mən dediyim şeyləri verə bilirsə, desin ki, mən müğənniyəm. Mənə müğənni ilə xanəndə sözünün fərqini izah etsin, ona deyim ki, Allah işini avand eləsin.
Allah Xalq artisti Habil Əliyevə rəhmət eləsin. O vaxt yarızarafat, yarıgerçək demişdi ki, "Arvadı boşamaq istəyirəm, qorxuram ki, gedib mikrofonu götürüb oxuyar". İndi hər şeydən əlini üzən gedib mikrofon götürüb, iki mahnı öyrənir, müğənni olur. Gedir camaatın toyunu da bədbəxt edir. İndi toy da yoxdur, hamısı şoudur. Əvvəl deyirdilər ki, bir şey oxu qulaq asaq. İndi deyirlər ki, bir şey oxu oynayaq. Oxumağa oynamazlar. Gül kimi rəqslərimiz var, get oyna".