9 Aprel 2015 19:12
3 838
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin ən çox sevilən və daim öz peşakarlığı ilə seçilən aktrisası Özgü Namal 35 yaşdan sonra həyatının ikinci yarısını yaşadığını deyib. Yüzdən çox mükafata layıq görülən məşhur aktrisa aktrisalıqdan bezdiyini, yaxında sənətlə bir dəfəlik vidalaşacağını da bildirib. Türkiyənin "Hürrriyet" qəzetinin müxbiri Ayşe Armana müsahibə verən Özgü Namal şəxsi həyatı ilə bağlı ilk dəfə gizlinlərə aydınlıq gətirib. Teleqraf.com həmin müsahibəni təqdim edir:

- Uşaqlığından başlayaq. Necə keçib? Valideynlərinlə münasibətin necə olub?
- Atam tekstil sahəsində, anam isə "Dövlət hava meydanları"nda məmur işləyib. Anam dəlinin biri idi. 40 yaşından sonra universitetə qəbul oldu. Atam isə daha mülayim idi. Ancaq ikisi də möhtəşəm insanlardı.

- Sənin adını kim qoyub?
- (Gülür) İkisi birlikdə qoyub. O vaxtı "Elele" dərgisi çap olunurmuş. Orda "Özgü" adına rast gəliblər. Ancaq "Özgü" ad kimi istifadə olunmur. Xeyli müzakirə ediblər. Sonra anam "Nə olacaq ki, qoyaq getsin" deyib.

- Sonra?
- Sonrası heç nə. Adı qoyurlar, amma mən hər zaman öz adımı bəyənmişəm.

- Adın kimi sən də özünəməxsus bir qadınsan.
- Sağ ol. Tam adım isə Məlahət Özgü Namal.

- Uşaqlığın harada keçib?
- Üsküdar, Bağlarbaşı, Kuzguncuk, Nakkaştepe.


- Evin tək övladısan?
- Xeyr, bir qardaşım var. Onun da adı qəribədir: Duyğu. Anamdan onun adının niyə o cür qoyulmağının səbəbini soruşdum. Cavabında isə "Elele" jurnalından tapdım" dedi (Gülür)

- Nə vaxtdan aktrisalığa başladın?
- Anam və atam çox işləyirdi. Biz isə nadinc uşaqlar idik. Daim qadağlar qoysalar da, məni ələ ala bilmirdilər. Axirda məni teatr kursuna yazdırdılar. 14 yaşımda səhnəyə çıxmağa başladım. Heç vaxt unuda bilmirəm. Pərdə açıldı, addım atmaq istəyəndə hərəkət edə bilmədim. O an nəfəsim kəsildi. Əslində səhnədən qaçmaq istəyirdim, amma məni arxadan kimsə itələdi. O andan hər şey başladı...

Aktrisalıq mənim üçün adi bir şeydir

- Belə demək olarmı ki, Özgü Namalın uşaqlıq xəyallarını aktrisalıq bəzəyib?
- Bilmirəm, başqa bir iş haqqında heç vaxt düşünmədim. Orta məktəbdə də əlavə olaraq yaradıcı kurslara yazılmışdım. Mənim üçün çox əyləncəli idi. Mənim ailəm çox qadağalar qoyan, övladlarını daima nəzarətdə saxlayan düşüncəyə sahib olmayıblar. Onlara bu işi davam etdirmək istədiyimi dedim. Qarşılığında isə bunun tamamilə mənim seçimim olduğunu dedilər. Konservatoriya oxumaq istədiyimi deyəndə isə çox sevindilər. Artıq 18 il keçib. İndi 38 yaşındayam.

- Aktrisalıq sənin üçün nə ifadə edir?
- Bundan beş il əvvəl başqa bir cavab verərdim. Məsələn, “bu sənətə həvəslə bağlanmışam və vaz keçə bilmərəm” deyə bilərdim. Ancaq artıq belə hisslərim yoxdur. Aktrisalıq mənim üçün çox adi bir işdir. Üzərimə düşən işi görürəm, o qədər. Hətta bəzən bu sənətdən bezdiyimi də hiss edirəm. Yəni həyatda ən möhtəşəm bir iş deyil. 38 yaşımda qərarım budur.

- Gerçəkdir bu dediklərin?
- Asta-asta bu sənətdən getməyi düşünürəm. Özümçün əlavə işlər düşünürəm.

- Səni bu düşüncəyə sövq edən nədir?
- 30 yaşda 20 yaşın həyəcanı, əzmi, istəyi olmur.


- Axı sən barmaqla göstərilən aktrisalardan biri deyildinmi?
- Məktəbdə oxuyarkən "pis şagird, amma yaxşı aktrisa olacaq" deyərdilər. Axırıncı sinifdə müəllimin məni sinifdə qoydu. Həmişə dərsə geçikirdim.

- Niyə?
- Çünki yatmağı sevirdim. Mənim uşaqlıqdan anarxik tərəfim var. Mən qaydaları sevmirəm və əməl də etmirəm. Bir vaxtlar bunu çox düşünürdüm. "Görəsən, niyə mənim daxilimdə bütün qaydaları pozmaq və onun əksinə hərəkət etmək kimi bir hiss var? Niyə hər kəs kimi mən də nizama, qaydaya uyğun hərəkət etmirəm?

- Səbəbini tapdınız?
- Mənim dərdim bu addımımla fərqlənmək, nə isə problem yaratmaq deyil. Bu mənim təbii halımdır. Adaptasiya ola bilmirəm.

- Başqa haralara adaptasiya ola bilmirsiniz?
- Çəkiliş meydançasına. Məsələn, deyirlər ki, bu saatda gəlməliyik. Deyirəm axi niyə məhz o saatda gəlməliyik ki? Bu, qətiyyən ərköyünlükdən irəli gələn bir şey deyil. Mən daima hər şeyi öz-özümə sorğu-sual edirəm. Kim deyib? Niyə deyib? Çalışıram hər şeyi dəyişdirib özümə görə uyğunlaşdırım. Ancaq 30 yaşıma yaxın özümə "Dur!" dedim. Niyə belə olduğumu öyrənməyə çalışırdım. Həm də heç xoşbəxt deyildim.

- Buna görə psixoloji terapiyaya getdin?
- Bəli. Saysız mükafatım var, mənə olan xoş münasibətdən küçədə addımlaya bilmirəm, amma bütün bunlara rəğmən xoşbəxt deyildim. Bir də bu sıxıtının səbəbi 25 yaşımda gələn şöhrət idi. İki seçməli olduğum yol var idi: Ya lövğa, ərköyün bir qadın olub o cür yaşamalı, ya da tamamilə özünə qapanıb yaşamalıydım. Mən özümə qapanmağı seçdim. Bir gün oyandıqda isə çox bədbəxt olduğumu hiss etdim. Çox yaxın bir dostum mənim terapiyaya getməli olduğumu dedi. Yaxşı ki, getmişəm.

- Terapiya neçə il davam etdi?
- Dörd il.

- Özünə dair burada nə öyrəndin?
- Mən orada özümü kəşf etdim. Həqiqətən nə etmək istədiyimi öyrəndim. Öyrəndiyim şeylərdən biri də susmaqdır. Sonra da qəbul etməyin əhəmiyyətinin fərqinə vardım. Təsəvvuf, Məsnəvi mənəviyyatını kəşf etdim. Bax, elə o vaxtı istər-istəməz başqa qapılar açıldı.


- Bu danışdıqların çox gözəldir. Ancaq sənin içində həll edə bilmədiyin sıxınıtı nə idi?
- Zehnim, zehnimin içindəki düşüncələr məni əlinə keçirmişdi. Necə deyim... Məndə həddindən artıq olan enerji yaradıcı yox, dağıdıcı hala keçmişdi.

- Axtarışda idin...
- Eynən. Aktrisalıq məni qane etmirdi. Heç nə mənə bəs eləmirdi. Heç gözəllik də məni maraqlandırmırdı. Heç vaxt gözəlliyimi şişirdərək gözə soxmağa çalışmadım.

- Bu özünə haqsızlıq deyil?
- İnkar etmirəm, mükafat alanda sevinirdim.

- Bu qədər çox mükafat alan aktrisanın bu sahədən imtina etməsi qəribədir. Sən əksinə "Bu sahə mənim yaşam səbəbimdir" deməli deyilsən?
- Axı elə deyil. Aktrisalıq mənim varlığımın əsas səbəbi deyil. Heç vaxt da olmadı.

- Onda sənin bu dünyaya gəlmə səbəbin nədir? Sən bunun cavabını bilirsən...
- Bəli. Mən bu dünyaya mənə verilənləri başqalarına çatdırmaq üçün gəlmişəm. Məsələn, səninlə yeni tanış olduq, amma ən gizli sirrini mənə danışırsan. O sirrin daima məndə qalacağını bilirsən. Mənim belə bir xüsusiyyətim var və artıq bunun yararlı olmağını istəyirəm. Bunu aktrisalığımda istifadə etdim. İndi başqa istiqamətdə istifadə etmək istəyirəm. Ona görə də 38 yaşımda həyatımın ikinci yarısı başlayır...

- Neyləyəcəksən?
- Əqli cəhətdən zəif və autizmdən əziyyət çəkən uşaqlar üçün nə isə etməyi düşünürəm. Artıq insanların məni belə şeylər üçün istifadə etməsini istəyirəm.

- Artıq qazandıqlarını geri verməyin vaxtı çatdı?
- Elədir ki, var.

- Bunun üçün bir dərnək quracaqsan?
- Vəqflə işləyəcəm. Mərhəmət daima bizim xatırlamalı olduğumuz bir duyğudur. Ancaq təəssüf ki, biz unutduq. Bizə verilənləri geri qaytarmalıyıq. Mənim üçün geri qaytarmaq vaxtı gəlib. Gərək elə 60 yaşımımı gözləyəm?

- Eşq sənin üçün nə deməkdir?
- Eşq bir aynadır. İnsanı bəsləyən ayna. Həqiqətən çox yaxşı duyğudur.

- Özgü Namal asan eşqə düşür?
- Əlbəttə ki, yox. Özümü asanlıqla təslim edə bilmirəm. Bütün bu çoxbilmişliyimin, məsafələrin arxasında şüşədən bir qələbə sahibəm. O qəlbim qırılar deyə çox qorxuram.

- Ən uzun münasibətin nə qədər davam etdi?
- 7 il. Mən münasibətə başlayanda bitirə bilmirəm. Ən uzun davam edən münasibətim Oktay Kaynarca ilə oldu. Daha sonra isə 3 il Başarla həyatı bölüşdük.

- Bəs bioloji saat?
- O heç susmur. Bir tərəfədən sərbəst olmaq istəyirəm, bir tərəfdən də ana. Mən bu həyatda hər şeyi yaşadim. Gəzdim, dünyanı gördüm. Etmədiyim, peşman olduğum, kaş dediyim həqiqətən heç bir şey yoxdur.


- Bəs indi aşiqsiniz?
- Bəli, yenə eşqə düşmüşəm. Sevirəm aşıq olmağı. Məşhur olmaq da çətindir. Yanında gördükləri hər kəsi sənin sevgilin zənn edirlər. Elə buna görə də çox çölə çıxmıram. Çünki mənim kişi dostlarım qadın rəfiqələrimdən çoxdur. Mən kişi söhbətlərini sevirəm. İçki içib "Galatasaray"dan danışmaq zövq verir mənə. Ancaq bunu heç kəsə başa sala bilmirsən. Öz dostlarımı da sevgili kimi qələmə verirlər.

- Canlandırdığın hər obraza bizi inandıra bilirsən. Bunu nəyə borclusan?
- Əgər həqiqətən belədirsə, bu özümə yaxınlığımın göstəricisidir. İnsan özünü olduğu kimi qəbul etmirsə, öz qüsurlarını görmürsə, heç vaxt rahat ola bilməz. Özü ola bilməyən başqası da ola bilməz. Mən ifa edəcəyim hekayəyə inanmalıyam. Əgər o hekayə məni özünə inandıra bilsə, hər şey möhtəşəm olur və buna görə də hər şey edərəm. İllərdir filmlərdə öpüşüb, sevişirəm.

- Yəni sənin Türkan Şoray kimi öpüşmə qadağaların yoxdur?
- Xeyr, rol nəyi istəyirsə onu edirəm.

- Çox qəribədir heç bir rol səndə yad kimi durmur. Sanki bütün rollar sənin üçün yazılır. Bunun səbəbi nədir?
- Özümə, işimə qarşı dürüst olmaqdır. Bax mən bunun üçün çalışıram. Daima yaxşı insan ola bilmək üçün.

- Daha çox evdə vaxt keçirməyi sevirsən?
- Bəli, işimi bitirdikdən sonra vaxtım evdə keçir. Bəzən məni əyləncələrə dəvət edirlər, amma qəbul etmirəm.

- Məşhurların əsas qaydalarında evdə vaxt keçirtmək var?
- O kitaba əhəmiyyət verən kimdir? Mən evdə bayram keçirməyi, yemək bişirməyi sevirəm.


- Kimlə yaşayırsan?
- Evim təbiətin qoynundadir. Hər şey taxtadan hazırlanıb. Bəzən mətbəxdə su borusu qırılır, aləm bir-birinə dəyir, amma mən elə xoşbəxtəm o evdə. İstəyirəm evimdən yemək ətirləri, cürbəcür ləziz təamların qoxuları gəlsin. Bax belə qadınam mən.

- Ailən?
- Bodrumda yaşayırlar.

- 35 yaşdan sonra artıq yaşlanıram duyğusu səni narahat etmir ki?
- Əsla! Əslində heç bir şey görüldüyü kimi deyil. Bizə hər şey başdan səhv öyrədilib. İnandıqdan sonra hər şeyə nail olmaq olar. Həkimlər bəlkə mənə əsəbiləşəcək, amma mən xəstəliyə də inanmıram. Xəstəlik deyə bir şey yoxdur. Cavabını tapmadığımız hər şeyə bir ad qoyuruq. Birinə xərçəng, birinə infarkt deyirik.

- Məşhurluğun əldən getsə, üzülərsən?
- Uzun müddətdir məşhuram. Bundan sonra məşhur olmasam nə olar ki? Həyatımın qalan hissəsini tanınmadan da yaşaya bilərəm.

- Cəmiyyətdəki etik qaydalar haqqında sənin düşüncən necədir?
- Mənim etik anlayışım fərqlidir. Həyatda hər şey ola bilər. Mən ayıb, günah düşüncəsinə sahib deyiləm.

Dəniz Əliyeva


Müəllif:

Oxşar xəbərlər