15 Sentyabr 2015 18:37
1 901
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Adımı görəndən sonra inandım”

“Bu xəbəri ilk dəfə qohumlarımdan eşitdim. Onlar da efirdən eşidib mənə zəng etdilər. İnanmadım. Sonra Cənab Prezidentin rəsmi saytına baxdım və adımı görəndən sonra inandım”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında ötən gün ölkə başçısı İlham Əliyevin “Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında” imzaladığı sərəncamla “əməkdar artist” adına layiq görülən Bəyimxanım Vəliyeva deyib. Onun sözlərinə görə fəxri adların verilməsi dövlət başçısının sənət adamlarına diqqətinin göstəricisidir: “Bunun öz şirinliyi, öz yeri var. Bu daha özəl və gözəl hissdir. Dövlət başçımız da xalqın sevgisinə, istəyinə nəzərən adları verir. Sevinirəm ki, bu buraxılışda mənim də adım qeyd olundu. Mən ilk növbədə ölkə başçımız cənab İlham Əliyevə, onun xanımı Mehriban Əliyevaya təşəkkür edirəm ki, biz gənclərə, muğama, sənətə belə diqqət və qayğı göstərirlər. Bu da bizim məsuliyyətimizi birə-beş artırır. Daha sonra nazir Əbülfəs Qarayevə və bu yöndə əməyi keçən hər kəsə minnətdarlığımı bildirirəm”.

7 yaşımdan etibarən dövlət tədbirlərində iştirak etdiyini deyən gənc xanəndə səhnə fəaliyyətinin 20 illiyində “əməkdar artist” layiq görülmənin də sevincini yaşayır: “Artıq səhnə fəaliyyətimin 20 ilidir. Bu illərin nəticəsini indi görürəm. Və mənə elə gəlir ki, bu ad tam vaxtında verildi. Hər şey vaxtında veriləndə gözəldir, bu insanda işinə birə beş sarılmağa həvəs yaradır. Bir daha təşəkkür edirəm və çox sevincliyəm”.

Nərmin


Müəllif: