“Baku” jurnalının baş redaktoru Leyla Əliyeva “İnstagram”da yeni şeirini paylaşıb.
Teleqraf.com xəbər verir ki, şeirdə maddi, zahiri dünya ilə insan qəlbi, onun təbiətlə qarşılaması ön plana çəkilir.
Vaxt görən hara uçdu,
Amma yaman tez uçdu.
Qar yağdı, boran gəldi ,
Qapıda yenə qışdı.
Ruhum sıxıldı yaman,
Qəlbimə çökdü duman.
Yaydan güc alan ruhum,
Qışa düşdü... üşüdü...
Bağdakı qönçələr də,
Büzüşdülər - açmırlar;
Xəzərin qumsalları,
Bərq vurub sayrışmırlar.
O kəslər ki, tənhadır,
Elə tək də qalacaq.
Şaxta sinələrini,
Qəm-qüssəylə yaxacaq.
Qəlbim, niyə donmusan?
Axı ürəyi saran,
Buzu necə isidim?
Söylə, necə əridim?
Deyəsən, sən özün də,
Heç bunu istəmirsən.
Buza dönmüş ruhuna,
Qışı doğma bilirsən.
Ah... Bu zaman, görəsən,
Hara belə tez uçdu?
Haray çəkdim bir “Dayan!”
Əqrəb altını vurdu.
Yol zülmətə büründü.
Günəşdən nur istədim,
Batdı... pərtliyim güldü...
Əlim çatsaydı Günə,
Gizlədərdim ovcumda,
Heç vaxt şər qarışmazdı.
Həmişə gözlərimdə,
Göz yaşı, qüssə görən
Gecə qonaq gəlməzdi.
Gəl, sən məni bağışla,
Ürəyim, bircəciyim.
Bir də sənin xətrinə,
Dəymərəm, söz verirəm!
Lap dünya dağılsa da,
Səndən uzaq düşmərəm.
Fəqət, bilməm nə edim,
Nə qədər çalışsam da
Səni anlamıram mən.