Türkiyədə qalmaqallı ailə filmlərini xatırladan hadisə yaşanıb.
Teleqraf.com xəbər verir ki, qadın oxuduğu kitabın müəllifini məhkəməyə verib.
Kitabı oxuyan qadın müəllifin əri ilə münasibətinin olduğunu öyrənib.
İki uşaq anası F.G kitabın müəllifi A.İ-yə qarşı 10 min türk lirəsi təzminat davası açıb.
Ərindən boşanan xanım iddia edib ki, kitabın xanım yazarı əslində özünün taleyini, daha doğrusu, sevgi münasibətlərini yazdığı hekayədə təqdim edib.
Bu səbəbdən də, ərindən boşanan F.G indi buna görə kitabın müəllifinin günahkar olduğunu iddia edir. O, kitabı dəlil olaraq məhkəməyə təqdim edib.
Qeyd edək ki, İstanbulda yaşayan 36 yaşlı F.G iki ailəli şəxsin qanunsuz sevgi əlaqələrini təsvir edən kitabı oxuyarkən şoka düşüb. Kitabdakı xarakterlərdə 38 yaşlı əri U.G, yazıçı, özü və uşaqlarından bəhs edildiyini müəyyən edib. Vəkil deyib ki, kitabda yazar onun müştərisinin atasının dənizdə boğulub ölməsindən, evinin təsvirindən, əri U.G-nin boyunun uzunluğundan, istifadə etdiyi mobil telefonunun modelindən, hətta getdiyi kafedən bəhs edib.
Bundan başqa, kitabda onun müştərisinin evindəki televizordan, divardakı şəkillərə qədər hər şey verilib. Hətta yazarın sosial media hesablarından, eyni yerdə və məkanda paylaşdıqları fotolardan bəlli olur ki, müəlliflə, U.G eyni məkanda olub, onun mənzilinə baş çəkib.
Hazırda iddiaçı yazılan kitabın araşdırılmasını tələb edib.