“SpaceX” şirkətinin təsisçisi və baş direktoru İlon Mask “Big Falcon Rocket” korporasiyasının kosmik gəmisində Ay ətrafına səyahətə göndəriləcək ilk kosmik turisti ictimaiyyətə təqdim edib. İlk kosmik turist rolunda Yaponiya milyarderi Yusaku Maedzava çıxış edəcək.
Teleqraf.com “ICTnyus"a istinadən xəbər verir ki, gələcək kosmik səyahətçi “Zozo” geyim internet mağazasının yaradıcısıdır. “Forbes” jurnalının qiymətləndirməsinə görə, onun sərvəti 2,9 milyard dollar təşkil edir.
“SpaceX” mənzil-qərargahında keçirilən və şirkətin saytında canlı yayımlanan uçuşa həsr edilmiş mətbuat konfransında Y.Maedzava deyib: “Salam! Mən Yaponiyadanam və Aya uçuram”.
Kosmik gəmini yaponiyalı iş adamı ilə birlikdə Ay orbitinə çıxaracaq “BFR” raketdaşıyıcısı hazırda istehsal mərhələsindədir. Bir həftəyə yaxın davam edəcək uçuşun 2023-cü ildə baş tutacağı gözlənilir.