Milena diş həkimi və universitet müəllimi olan Yan Yesenski və Milena Xeyzlarovanın yeganə övladı idi. 1896-cı il avqustun 16-da Praqada anadan olub. Uzun illər davam edən xəstəliyini yatağında keçirən anası Milena on altı yaşında olanda həyatını itirib.
Teleqraf.com çex jurnalist və tərcüməçi Milena Yesenskaya haqda məlumatları təqdim edir.
Həyat yoldaşını itirdikdən sonra eşqbazlığa başlayan atası ilə qızı arasında qorxu, qısqanclıq, nifrət, diksinmə, hörmət və sevginin iç-içə olduğu qarışıq bir münasibət vardı. Bu mürəkkəb sevgi Milenanın uşaqlığından ölənədək böyütdüyü yeganə gizli xəzinəsi, bəlkədə travması idi…
İlk xəyanət
Milena uşaqlığında anası və atasının bir-birinə xəyanət etdiyinin şahidi olmuşdu. Anasını başqa bir kişiylə çiçəklərin altında dəfn edilmiş yataqda görmüşdü. Bəlkə də buna görə həyatının sonuna qədər çiçəklərə nifrət edəcəkdi. Nə xəstə anasının, nə də despot atasının həyatına bələdçilik etməsinə icazə verdi. Atası adını tibb məktəbinə yazdırmaq istəyirdi, amma Milenada Yesenskinin arzusunun arxasınca gedəcək ruh yoxdu.
Milena uşaqlıqda atasının ondan əsirgədiyi sevgisinin qisasını almaq üçün maraqlı bir üsul kəşf etdi. Atasının sevimli nüfuzuna və sərvətinə vəhşicəsinə hücuma keçdi. Qızının qəribə davranışları Yesenskinin nüfuzunə ağır zərbə idi. Həmin illərdə dövrün yazıçıların sevimli görüş yeri olan “Arqo” kafedə tanış olduğu və əvvəl sevgilisi, daha sonra əri olan Ernest Pollak sayəsində qəddar həyat həqiqətləri ilə üzləşdi.
Sevgisiz Milena Pollakın onu özünə özəl hiss etdirən komplimentlərinə aşiq oldu. Hər cür təzyiqə baxmayaraq sevgilisi ilə münasibətlərinə davam etdi. Hamilə qaldı və bir övladı oldu. Yesenski Milenanı yarı yəhudi olan bu adamdan qurtarmaq, qızının davranışları səbəbiylə Praqanın aristokratik cəmiyyətində itirdiyi hörmətini bərpa etmək üçün həll yolu tapdı. Milenanı 1917-ci ilin iyun ayında Veleslavindəki ruhi xəstəliklər klinikasına yatırdı. Amma heç bir təzyiqin öz üzərində hakimiyyət qurmasına imkan verməyən Milena sevgilisi ilə birlikdə xəstəxanadan qaçdı. Ənənələrinə bağlı olan ata qızını sevgilisinə ərə verdi. Cütlük atanın istəyi ilə Vyanada yerləşdi. Çox zəngin cehizi olan Milenanın səxavəti ərinin həddindən artıq çox olan tələbləri qarşısında bir ildə tükəndi. Evin dolanışığı ilə heç bir əlaqəsi olmayan ərin günləri kafelərdə keçirdi. Evə dəstək olmaq istəyən Milena özəl məktəblərdə çex dilindən dərs verməyə başladı. Amma qazancı kifayət deyildi, buna görə vaxt olduqca qatar stansiyalarında ictimai işlərdə çalışdı. Atasına tabe olmayan Milena sevgiyə - onu sevməyən və heç vaxt sevməyəcək ərinə baş əymişdi…
Kafka ilə tanışlıq
Ərinin ona başqa qadınlarla xəyanət etməsinə imkan verən Milenanın məqalələri və tərcümələri “Tribuna” qəzetində dərc olunduqca, həyatı dəyişməyə başladı. O, əsl peşəsini tapdı. Həyatındakı yeni dəyişiklik Kafka ilə tanışlığa, ikinci evliliyə, ana olmasına, başqa sevgilərə yelkən açmasına və ölümünə səbəb oldu.
Milenanın ilk tərcümələri ilə başlayan yazışmalar tədricən duyğusal bir ölçü qazandı. Çarəsiz qaldığını hiss etdiyi bir vaxtda gələn bu məktublar Milenanın zədələnmiş özgüvəninə, hörmətinə, sevgisizliyinə, tənhalığına, aldadılmasına, yoxsulluğuna və məhrumiyyətlərinə bir məlhəm oldu. Doğru zamanda lazımlı şəxslə qarşılaşan Milena yenidən üsyankar ruhunu tapdı. Zaman keçdikcə dostluğun sevgiyə çevrildiyi bu dərin münasibət yalnızlıq, özünəinamsızlıq və alçaldılmışlığın qorxunc sularında üzən Kafkada da eyni təsiri yaratdı. Hər ikisi ideallarında olan insanla qarşılaşmışdı. Kafkanın duyğu və düşüncə dünyasının dərinliyini və ədəbiyyat dünyasındakı yerini dərk edən Milena onun alman dilində yazdığı bütün əsərlərinin çex dilinə tərcümə edilməsini öz üzərinə götürdü. Milenaya dəlicəsinə aşiq olan Kafka onun əri ilə əsl sevgi əlaqəsi olmadığını anlayacağını düşündüyü üçün tez-tez Milenaya pul göndərirdi. Amma maddi yardım Kafkanın düşündüyünün əksinə olaraq, Milenanı ərinə daha da yaxınlaşdırırdı.
Ata qorxusu
Milena ərinə, ondan on üç yaş böyük olan Kafka da Milenaya aşiq idi. Milena Kafkanın xəsis olduğunu düşünürdü. İddiaya görə, Kafka Milenanın yanında olarkən bir dilənçiyə bir kron vermək istəmişdi. Cibində iki kron vardı. Dilənçidən iki kronu xırdalayıb birini ona qaytarmasını istəmişdi. Onun bu davranışı ömrü boyu pula dəyər verməyən Milenanı sarsıtmışdı. Milena Kafkanın xırdaçılığına, öz tarazlığını qoruyan vasvasalığına yaddı. Onun istəyi ilə Kafka iki kronu dilənçiyə vermişdi, lakin Milena Kafkadan uzaqlaşdı. Kafka Milenaya yazdığı məktubda məsələyə belə aydınlıq gətirmişdi: “Görürsən, dilənçilərə qarşı şansım yoxdur, amma açıq şəkildə bildirirəm ki, bu gün və sabah bütün var-dövlətimi xırda-xuruş pullara çevirərək Operanın köşələrində dayanan istənilən dilənçiyə verməyə hazıram. Yetər ki, sən orada ol və mən sənin varlığını hiss edə bilim”.
Hər ikisi atasından qorxur və atasının sevgisizliyindən şikayətlənirdi. Kafkanın atası onun həyatına dair bütün qərarlarda söz sahibi idi. Milena üçün ata qorxusu həyatı ilə bağlı qərarlar verərkən ölçülərini dəyişdirirdi. Kafka həyatı ilə əlaqəli bütün məsələlərdə diqqətli idi və davranışlarını orta səviyyədə saxlamağa çalışırdı. Milena isə davranışlarında fəlakət həddinə çatmağın ustası idi. Hər məsələdə olduğu kimi sevgidə də ruhunu və mənliyini təslim edirdi. Bu məsələdə başını həvəslə gilyotinə uzatmaqdan məmnun idi. Kafka Milenanın içindəki yerinin şəkillərini çəkmək üçün onun yazdığı məktubları həvəslə oxuyurdu. Çünki sözlərin yalan danışmadığına inanırdı.
“Evdəki Şeytan”
Kafka Milenanın bütün ömrü boyu onu sevə bilməyəcəyini ehtirasla aşiq olduğu qadının sözlərindən başa düşmüşdü. Son dəfə Gmüntdə görüşdülər. Biri xəstə - atdığı hər addımda istirahətə ehtiyac duyan, həvəsini itirmiş və qorxularını cilovlaya bilməyən Kafka, digəri isə ərinə həddindən artıq aşiq olan və mümkün qədər canlı ruha sahib olan Milena idi. Kafka ömründə ilk dəfə hesablamadan bir qadından onunla evlənməsini və övladının anası olmasını istəmişdi. İlk dəfə həyatında verdiyi bir qərar üçün atasının təsdiqinə ehtiyac duymadı. Milenaya yazdığı məktubunda bu haqda belə deyirdi: “Həyatımda ən çox səni sevdiyimi deyirəm, amma bu əsl sevgi deyil. Sən bıçaqsan və mən dayanmadan bu bıçaqla ürəyimi deşirəm, bəlkə də bununla həqiqi sevgini izah edə bildim”.
Milenanın “Evdəki Şeytan” adlı məqaləsi Kafkaya qarşı hislərinin portreti idi. Bu yazısında Kafka ilə niyə evlənmək istəmədiyini belə izah edir: “İnsanların birlikdə yaşamasının yeganə səbəbi, kiminsə yanında olmasına duyduğu ehtiyacdan başqa bir şey deyil; dünyanın bu boşluq və tənhalığında bütün zəiflik və səhvlərinə baxmayaraq var olduqlarını qəbul və təsdiq edən birinin olması ehtiyacından başqa bir şey deyil. Yanlarında başqa bir insanın olması cinayətdən, intiqamdan, pis düşüncələrdən, ədalətdən və peşmanlıqdan xilas ola bilmək ehtiyacından başqa bir şey deyil”.
Tənhalıq
Kafka Milenaya yazdığı bir məktubunda bir kişinin niyə aşiq olduğu qadınla evlənmək istəyi haqda bunları deyir: “Hələ də sizin məqalənizi düşünürəm. Xəyali müzakirələrimizi gerçəkləşdirmək məqsədi ilə nəcib və şüurlu evliliyin də baş verə biləcəyini qeyd etmək istərdim. Ümidsizlikdən evlənən insan nə əldə edə bilər? Bu tənhalığa əlavə ediləcək bir yalnızlığın evi deyil, ən yaxşı halda bir zindan ola bilər. Hər tənhalıq bir-birini əks etdirir və gecələrin ən dərini, ən qısası da heç nəyi dəyişmir. Özünə güvənən birinin yalnız olan birinə bağlanmasından danışırıqsa, bu onun üçün daha pisdir, ən azı şüursuzluqdan qaynaqlanan həssas bir tənhalıq yumşaq və isti bir tənhalığın ifadəsi deyil. Əslində evlənmək, əksinə, özünə inamın ifadəsidir”.
Təəssüf ki, Milena yaşına görə Kafkanın dərinliyini qavrayacaq bilgiyə və həyat təcrübəsinə sahib deyildi. Bu qəti bir qopma idi. Milena və Kafka ayrılmışdı, məktublaşmalar bitmişdi. Amma Milena Felisadan fərqli olaraq Kafkanın ona yazdığı məktubları yazıçının əsərlərini çap edən nəşriyyata pulla satmadı. Naşir Villi Haas Milenaya apardığı bir araşdırma ilə bağlı o məktublara ehtiyacının olduğunu dedi. Milena da müharibə bitənə qədər onun üçün əvəzsiz və dəyərli məktubların təhlükəsizliyini düşündü. Müharibə bitdikdən sonra məktubları eyni şəkildə ona qaytarılması şərti ilə Haasa verdi. Haas sevimli yazıçısını da düşünərək uyğun bildiyi məktubları nəşr etdi. Həmin məktublar bu gün Yerusəlimdəki Kafka Muzeyində saxlanılır.
Kafkadan sonra
Kafka ölüm yatağında Milenanın yanında olduğunu hiss etdi. Kafka həkimindən Milenasız bir həyatda yaşamaq istəmədiyi üçün bir sıra bəhanələr gətirərək onu öldürməsini istədi. Həkimindən gözlədiyi dəstəyi ala bilmədiyi üçün müalicəyə cavab vermədi və özünü ölümə tərk etdi.
Milena Kafka öldükdən sonra sağlığında ona verdiyi yazı dəftərlərini Maks Bruda təhvil verdi. Həyatda ikən bəlkə də aldatmadığı və yalan danışmadığı, faydalanmadığı yeganə kişiyə ölümündən sonra da xəyanət etmədi.
Keçən zaman Kafkanı haqlı çıxarmışdı. Milena ərinin onu heç vaxt sevməyəcəyini gördü və ondan boşanaraq Praqaya qayıtdı. Milena yeni həyatında peşəsinə - tərcüməçiliyə davam etdi. Ətrafındakıları xoşbəxt etməyi bacaran Milena özünə gələndə bunu o qədər də yaxşı bacarmırdı.
“Narodnı Listi”də “Qadın və ev” şöbəsinin rəhbəri idi. Uşaqlar üçün kitabları nəşrə hazırlayırdı. 1925-ci ildə nəşr olunan yemək kitabı qısa müddətdə satıldı. 1926-cı ildə çap olunan və köşə yazılarından ibarət kitabını atasına ithaf etdi. Milena 1926-cı ildə tanış olduğu memar Yaromir Kreyçarla evləndi və bu evlilikdən bir qızı oldu. Hamilə ikən əri ilə getdiyi dağda xizək sürərkən yıxıldı və ayağı qırıldı. Hamiləliyi səbəbindən əməliyyat oluna bilməyən Milenaya doğuşa qədər ayağının ağrısına dözmək üçün morfin verildi. Qızını dünyaya gətirən Milena bir çox ayaq əməliyyatları keçirib. Əməliyyatdan sonra uzun müddət çəliklə gəzdi və morfin vuruldu.
Honzanın atası
Həmin dövrdə iş yerini dəyişdi – “Narodnı Listi”dən “Lidove Navinıy” qəzetinə keçdi. Bu ağrılı proses əri ilə münasibətlərini pozdu və boşandı. Əri Sovet İttifaqına, özü isə əlində qalan məhdud imkanlarla kiçik bir mənzilə köçdü. Honzanın atası, yəni keçmiş əri Sovet İttifaqında tanıdığı, fiziki gözəlliyə həvəsindən başqa şəxsi keyfiyyətləri olmayan Rivuşka ilə evləndi. Lakin keçmiş əri xəstələnəndə xəstəxanada onun qayğısına Milena qalmışdı.
Ərindən boşanan Milena həvəslə iş dünyasına daxil olmuşdu. “Tvorba-Yaratı” ilə yanaşı, “Svet Pras” qəzetinin “Biznes dünyası” bölməsindən məsuliyyət daşıyırdı. Burada Milenanın həyatına Evzen Klinger girdi. O dövrdə çılğın bir inqilabçı olan Milenanın evinin qapısı polisdən qaçan dostları üçün həmişə açıq idi. Milena təkcə qızının yox, bütün dünyanın xilasını kommunizmdə görürdü. Evzenə qarşı edilən haqsızlıq üzündən “Svet Pras”dakı işini dayandırdı. İşsiz olduğundan atasının göndərdiyi pullarla dolanışığı təmin edirdi. Atası Milena ölənə qədər ona maddi kömək etdi. Sevgilisi ilə “Pritomnost”da tərcümə işi ilə məşğul olmağa başladı.
İnqilabçı Milena
1937-ci ildə dünya müharibəsinin başlayacağı qorxusu ətrafa yayıldı. Anarxiya və repressiya təzyiqləri bütün Avropanı cənginə almışdı. Hərbi xuntaların qanlı təqiblərindən qaçanlar Milenanın evinə sığındılar. Milena inqilabçı qruplaşmaların təşkilatlanmasında da iştirak edirdi. Marqarita Buber-Numan, Xavyer Şaffqotç, Villi Haas, Maks Brud, Vilma Lönenbax, Marka Şmolka, Alisya Gerstl, Otto Rüxl və Karel Çapek kimi insanlarla dost olmuşdu. İnsanları inandırmaq qabiliyyətində heç kim onunla rəqabət apara bilməzdi. 1939-cu ildə Hitler Çexoslovakiyanı döyüşsüz işğal etdi. Milena özünə və dostlarına qarşı istifadə edilə biləcək bütün sənədləri məhv etdi.
Baş verənlərə şahidlik edən Milena sonralar yazırdı:
“İşçilər həmişəki kimi işlərinə gedirdilər. Tramvaylar həmişəki kimi dolmuşdu. Yalnız insanlar fərqli idilər. Onlar səssizcə orada dayanmışdılar. Bu qədər insanın bu qədər sakit olduğunu heç eşitməmişdim. Heç bir izdiham meydana gəlmədi. Heç kim ofisindəki masasından qalxmadı. Saat 09:35-də Hitler ordusu şəhərin mərkəzinə çatdı. Alman ordusunun yük maşınları Köhnə Praqanın əsas prospekti olan Narodnı Tridanı ələ keçirdi. Həmişəki kimi səkilər insanlarla dolu idi, amma heç kim görünmürdü. Minlərlə insanın qəfildən eyni davranış göstərdiyini, bir-birinə tam olaraq bəlli olmayan bir çox qəlbin eyni ritmi döydüyünü izah edə bilmirəm. Alman ordusu yalnız Praqanın alman sakinləri tərəfindən qarşılandı”.
Son günlər
Xüsusilə “Pritomnost”da yazdığı məqalələrə görə, belə demək mümkünsə, topun ağzında idi. Anarxist alman qrafı Yoahim von Zedviçz sayəsində sevgilisi Evzen Klinger başda olmaqla bir çox yəhudi və çex vətəndaşı ölkədən çıxardı. Özündən başqa bütün dostlarını xilas edirdi. Almaniya və Polşadan sonra Almaniya-SSRİ müharibəsi başladı. Milena o dövrdə məhbusların ailələrinə kömək, dostlarının hüquqlarını müdafiə etmək üçün əlindən gələn hər şeyi etdi. Lakin 1939-cu il noyabrın 11-də baş verən hadisə həyat tərzini dəyişdi. Milena evindəki axtarışdan sonra Gestapo tərəfindən həbs olundu. Milenanın tutulmasının yeganə səbəbi qadağan olunmuş “V Boj” adlı jurnalı qızı vasitəsilə yayacaq qədər irəli getməsi idi. İstintaqı başa çatdırmaq üçün əvvəlcə Petçek Sarayına göndərildi, oradan müəyyən bir müddət həbsdə olacağı Pankrak həbsxanasına və mühakimə olunmaq üçün Drezdenə göndərildi.
Milena səhhətindəki problemlərlə əlaqədar olaraq yenidən Praqaya qaytarıldı. İnqilabçı Milena bütün əlləri ilə həyata yapışdı. Zehni sağlamlığını poza bilməyən ağır şərtlər böyrəklərinin normal işləməsini əngəllədi. 1944-cü ilin may ayında həbsxana şəraitində iki böyrək əməliyyatından sonra öldü.
Dayələrin mərhəməti
Milena qızını da öz nəzarətsiz sevgi anlayışı ilə böyütmüşdü. Oğlan olacağını gözlədiyi sevimli Honzanı dayələrin mərhəmətinə təhvil vermiş və sevdiyi jurnalistika peşəsinə dörd əllə sarılmışdı. Yalnız ərindən boşandıqdan sonra sevimli Honzasına (Yana Kerna) yaxınlaşmağı bacardı. Müharibə anasını on bir, babasını da on yeddi yaşında olanda ondan almışdı. Milenanın qızı olduğunu babasından miras qalan bir milyona yaxın krondan ibarət böyük bir mirası bir ildə xərcləyərək sübut edən Honza dörd dəfə evləndi, bir il həbsdə qaldı və illərlə acınacaqlı bir həyat yaşadı. Beş uşağını baxa bilmədiyi üçün uşaq evlərinə verdi. Ömrünün son altı ilini dördüncü ərinin evində yaşadı və 1981-ci il yanvarın 5-də avtomobil qəzasında öldü.
“Sənin vasitənlə yaşayacağam”
Milena ilə 1940-cı ildə Ravensbrük qadınlar düşərgəsində dost olduğu yazıçı Marqarita Buber-Numan illər sonra orada baş verənləri qələmə aldı. Yaşadıqları o ağrılı günləri bir-birinə dəstək verərək keçirdiklərini deyən Marqarita Milenanı bu sözlərlə xatırlayırdı:
“Həbsxananın onu solğunlaşdırdığı, əziyyət çəkdiyi aydındır. O incə üzün arxasındakı işıq, baxışlarındakı güc və hərəkətlərindəki canlılıq ilk baxışda məni heyran etdi. Milena dəhşətli qaydalar və təzyiqlərlə əhatə olunmuş dünyada sərbəst bir insan idi. Jurnalist Milena öz peşəkarlığına söykənərək məni dinləyirdi, ancaq öz ağrılarından söz açmazdı. Maskalardan uzaq olmaq və danışdığı şəxslə özünü müəyyənləşdirmək Milenanın əsas xüsusiyyəti idi. Qarşısındakının ağrısını dərindən hiss edən bu qadın təsəlli vermək məsələsində çox səmimi idi. Ölmədən əvvəl mənə dedi ki, ən azı məni unutmayacağını bilirəm, sənin vasitənlə yaşayacağam”.