Teleqraf.com-un “Tanımadığımız azərbaycanlılar” rubrikasında dünyaca məşhur olan, amma azərbaycanlı olduğunu çoxumuzun az bildiyi, çoxumuzun isə heç bilmədiyi şəxsiyyətlər haqda məlumatlar təqdim edilir.
Haqqında internet vasitəsilə məlumat əldə etdiyimiz şəxs Türkiyə sənət musiqisinin ən məşhur simalarından biridir.
Maral Mansuroğlu – türk sənət musiqisi ifaçısı.
1956-cı il aprelin 13-də İstanbulda anadan olan sənətçinin ata tərəfi azərbaycanlı, anası çərkəzdir. Türkiyə sənət musiqisini sevən atasının istəyi ilə erkən yaşlarından türk sənət musiqisini öyrənməyə və ifa etməyə başlayıb. 15 yaşında Üsküdar Musiqi Cəmiyyətinə qatılıb, səkkiz il burada oxuyub. Həmin illərdə konsertlərdə iştirak etməyə başlayıb.
Dövrünün məşhur sənətçilərindən biri olan Əmir Atəşin dəstəyi ilə ilk dəfə solo olaraq səhnəyə çıxıb və bu konsert sənət həyatında ən əhəmiyyətli ilklərdən biri kimi musiqi tarixində yerini alıb. 1976-cı ildə TRT-nin həvəskarlar arasında keçirdiyi müsabiqədə birinci yeri tutub. 1981-ci ildə TRT-nin keçirdiyi imtahandan keçərək, “İstanbul” radiosunun müqaviləli sənətçisi olub.
Maral Mansuroğlu 1970-1980-ci illər arasında İstanbuldakı kazinolarda oxuyub.
“Kuryer” iddiası
1990-cı illərdə Maral Mansuroğlunun adı “beynəlxalq narkotik şəbəkəsinin kuryerliyini etmək” iddiasında hallanıb.
1994-cü ildə İsveçrədə “qumarxanalar kralı” Ömər Lütfi Topala məxsus 7 kilo heroini daşıyarkən saxlanılan və iki il azadlıqdan məhrum edilən Mustafa Akmanın 1998-ci ildə ortaya atdığı iddialar ölkədə şok effekti yaratdı. Topalın kuryerliyini edən Akmanın iddiasına görə, dövrünün bir sıra siyasət adamından tutmuş, sənətçilərinə qədər bir çox nüfuzlu insan narkotik maddələrin Avropa ölkələrinə əsas daşıyıcısı olub. O, heroin paketlərinin xüsusi çamadanlarla Avropaya aparıldığını dedi.
Akmanın ifadəsində “narkobaronun kuryeri” kimi adlarını çəkdiyi məşhur sənətçilər arasında Nihat Akgün, Mahsun Kırmızıgül, Maral Mansuroğlu, Cəlal və Bilal Yarıcı vardı.
O, kuryerlərin daşıdığı xüsusi çamadanların İstanbulda iranlı Əli tərəfindən hazırlandığını bildirdi: “Şəbəkə məşhur sənətçiləri də kuryer kimi istifadə edirdi. Sənətçilərə xarici ölkələrdə turnələr təşkil olunur və çamadanlarına heroin qoyulurdu. Sənətçilər fərqində olub-olmadan kuryerlik edirdilər”.
Maral Mansuroğlu Mustafa Akmanın İsveçrə polisinə verdiyi ifadələr əsasında saxlanılmış, amma barəsində irəli sürülən iddiaları rədd etmişdi.
Albomları
Evli və iki uşaq anası olan sənətçi İstanbulda yaşayır.
Maral Mansuroğlunun müxtəlif dövrlərdə işıq üzü görən üç albomu var: “Mənim ol”, “Möcüzə yarat” və “Dillərə düşək”.