1944-cü il fevralın 8-də Çeçenistanın Yalxo kəndində anadan olan Cövhər Dudayevin mübarizəsi sürgün edilmiş anasının qucağında cəmi 15 günlük ikən başladı. O, Qazaxıstanın yalın çöllərində soyuq və ağır şərtlərə baxmayaraq sağ qalmağı bacaran tək-tük körpələrdən biri idi.
Rəbiyyət xanım və Musa bəyin ailəsində doğulan Cövhər Dudayev 12 övladdan sadəcə biriydi, onlardan altısı doğma, altısı ögeydi. Dudayevin uşaqlıq illəri çeçenlərin sürgün edildiyi Qazaxıstanın Çimkənd şəhərində böyük maddi və mənəvi çətinliklər içərisində keçdi. Çeçenistan haqqında anasının danışdığı hekayələrlə böyüdü və o dövrün bütün qadağalarına baxmayaraq bir müsəlman kimi böyüdü. 1956-cı ildə, 12 yaşında Qazaxıstandan qaçdı, halbuki bir il sonra SSRİ rəhbərliyinin qərarı ilə sürgündə olanlar evlərinə qayıdacaqdı. Əlbəttə Dudayevin bundan xəbəri yox idi. Amma o, sürgündən qaçmağı bacardı, qatar vaqonlarında gizlənərək Çeçenistana qayıtdı. 15 günlük bir körpə ikən sürgün edildiyi vətəninə 12 yaşında qayıtmışdı.
Uğura aparan yol
Ağıllı uşaq idi. Yaşadığı bütün çətinliklərə baxmayaraq, təhsilini uğurla davam etdirdi. Çeçenistanda orta təhsilini başa vurduqdan sonra ali təhsilini 1960-cı ildə Vladiqafqazda (Fizika-Riyaziyyat fakültəsi) aldı. Sonradan Tambov Hərbi Pilot Məktəbinə daxil olmağı bacardı və 1962-ci ildə məzun oldu. 1966-cı Təyyarə pilotu və Mühəndisliyi fakültəsini bitirdi. 1969-cu ildə həyat yoldaşı Alla ilə evləndi, bu evlilikdən iki övladı dünyaya gəldi.
Nailiyyətlərini davam etdirən Dudayev 1971-ci ildə Qaqarin adına Hərbi Hava Qüvvələri Akademiyasına daxil oldu və 1974-cü ildə buradan məzun oldu, “Birinci dərəcəli pilot və mühəndis” adını qazandı. Orduda xidmət etdiyi illərdə SSRİ rəhbərliyi tərəfindən 12 medal ilə təltif edilib, general-mayor rütbəsinə yüksəlib və ölkə tarixində Strateji Hərbi Hava Qüvvələrində bölmə komandiri olan ilk müsəlman kimi ad çıxarıb.
Yerinə yetirilməyən əmr
1985-ci ildə Mixail Qorbaçov hakimiyyətə gəldikdə “Yenidənqurma” (“Perestroyka”) siyasətini həyata keçirməyə başladı. İnsan haqları və azadlıq hərəkatları şəklində başlayan proseslər zaman keçdikcə Moskvanın hegemonluğuna qarşı istiqlal mübarizəsinə çevrildi, ancaq partlayış kimi deyil, tədricən inkişaf edən bir proses içində reallaşdı. Başqa sözlə, Qorbaçovun ölkənin başçısı olması ilə SSRİ-nin dağılma prosesi sürətləndi və ittifaq respublikalarının müstəqillik elanları bir-birinin ardınca gəldi.
Dudayevin ruslara qarşı ilk müqaviməti 1986-cı ildə sovet generalı kimi göndərildiyi Estoniya və digər Baltikyanı ölkələrin müstəqilliyi üçün başlayan kütləvi nümayənlər zamanı Moskvanın verdiyi əmrləri yerinə yetirməməklə başladı. SSRİ rəhbərliyi Dudayevdən qiyamları yatırmaq üçün zorakılıq tətbiq etməsini istədi, amma çeçen general “Öz müstəqilliyi üçün döyüşən insanlara bomba atmayacağam”, deyərək bu əmrdən imtina etdi. Estoniya xalqı Dudayevi qəhrəman kimi qəbul etdi və ona yüzlərlə qırmızı qızılgül verərək sevgisini ifadə etdi. Dudayev Estoniya üçün qəhrəman, Rusiyaya görə isə qiyamçı general idi və o, bunu bir şərəf bilirdi. Bunu bu sözlərlə ifadə etdi: “Mən müharibəyə qarşıyam, amma haqsızlığa qarşı mübarizə mənim xarakterimdir”.
Qanlı 12 Yanvar
SSRİ rəhbərliyi Dudayev üzündən Estoniyaya edə bilmədiyni Litvada həyata keçirdi. 1989-cu il yanvarın 12-də rus ordusu Litvanın paytaxtı Vilnüsdəki mitinqi dağıtmaq üçün tankları silahsız insanların üstünə sürdü və yüzlərlə insan həyatını itirdi. Proseslər yapon televiziyası tərəfindən çəkilib və bütün dünyada nümayiş etdirilib.
O günlərdə Baltikyanı ölkələrdən SSRİ-yə yalnız nifrət, kin, qəzəb, faşist qınaqları yüksəldi və rus demokratiyasına inanclar tamamilə yox oldu. Dudayev gördüyü mənzərələrdən çox kədərləndi və baş verənlərə görə SSRİ rəhbərliyinə qəzəbləndi. Litvada baş verənlərdən sonra azğınlaşmış rus ordusu haqda “Vəhşi heyvanların qarşısına yalnız silahla çıxmaq lazımdır” qərarını verdi və azadlığın toxumlarını səpməyə başladı.
Qafqaza sıçrayan qığılcım
Bu hadisələr Baltikyanı ölkələrdə yaşandığı vaxt Çeçenistanda da bir silkələnmə vardı. Zəlimxan Yandarbiyev və dostları Çeçenistanın müstəqilliyi üçün təşkilatlanaraq mübarizəyə başlamışdılar. Estoniyadakı böhrandan sonra Dudayevin rus ordusuna qarşı üsyankarlığı onun Moskvada “persona non qrata” elan edilməsinə səbəb oldu. Dudayev rus ordusundan istefa verdi və Yandarbiyevin dəvəti ilə vətəninə döndü. Bu tarixdən ölümünə qədər Çeçenistanın müstəqilliyi üçün mübarizə apardı.
1990-cı ildə toplanan Xalq Məclisinin sədri olan Dudayev bir il sonra sentyabrın 6-da müstəqillik qərarı verildikdən sonra müstəqil Çeçenistanda keçirilən prezident seçkilərində səslərin 85 faizini qazandı. Cövhər Dudayevin arzusu babası Şeyx Şamil kimi, Qafqaz xalqlarını birləşdirmək, müstəqil bir dövlət olmaq və insanları öz yurdlarında girov saxlayan Rusiyanın hökmranlığına son qoymaqdı. Elə bu səbəbdən də Şamil Basayevin komandanlığı altında çeçen döyüşçülərini 1992-ci ildə başlayan Abxaziya müharibəsinə göndərdi və Qafqaz Xalqları Konfederasiyasını dəstəklədi. Həmin dövrdə Çeçenistan Ermənistan və Rusiyanın işğalçı müharibəsinə qarşı Azərbaycana da dəstək vermişdi.
Yeltsinin baş tutmayan planı
Cövhər Dudayev Qafqaz xalqlarını birləşdirmək və müstəqil bir dövlət qurmaq üçün silahlı mübarizə ilə yanaşı, siyasi mübarizə də apardı. Sovet İttifaqının dağılma prosesi, müstəqilliyini elan edən ölkələr və Qafqazdakı bu hadisələr Rusiyanın gündəminin olduqca gərgin olmasına səbəb oldu. Bu xaosda Rusiya Prezidenti Boris Yeltsin Çeçenistanın müstəqillik qərarına məhəl qoymadı və seçkiləri etibarsız elan etdi və 1991-1994-cü illər arasında çeçenləri görməzlikdən gəldi. Bu vaxt Dudayev keçmiş SSRİ-nin silah anbarlarından ələ keçirdiyi silah və texnikalardan istifadə edərək qoşunlarını Rusiyanın ehtimal olunan işğalına qarşı hazırlaşdırdı.
1994-cü ildən sonra Dudayev Rusiya ilə mübahisələrini siyasi yollarla həll etməyə çalışdı, lakin Moskva buna cavab vermədi. Moskva çeçen müxalifətini silahlandıraraq vətəndaş müharibəsinə başlamağa cəhd göstərsə də, Dudayevin ordusu bunun qarşısını aldı. Yəni Dudayev təkcə ruslarla yox, Moskvanın əlaltısı olan silahlı müxaliflərlə də mübarizə apardı.
“Kiçik müharibə”
Həmin dövrdə Rusiyanın ədliyyə naziri olan və bu qərar qəbul edildiyi zaman vəzifəsindən istefa verən çərkəz əsilli Kalmuk Yura yaxın dostuna – Cövhər Dudayevə Moskvanın Çeçenistana qoşun yeritmək barədə qərar verdiyini dedi: “Təhlükəsizlik Şurası müharibəyə başlamaq üçün qərar verdi. Artıq geriyə qayıdış mümkün deyil. Şura üzvləri daxili siyasətdə tarazlıq yaratmaq üçün Rusiyanın qazana biləcəyi “kiçik bir müharibə”yə girməsinin vacibliyi ilə razılaşıblar. Bu qərara görə, Rusiya ordusu Çeçenistana girəcək”.
Rusiya Çeçenistana hücum etdikdə Dudayev çox yaxşı tanıdığı rus ordusuna heç vaxt unutmayacağı bir müqavimətlə cavab verdi. “Ruslar son çeçen canını vermədən heç vaxt Çeçenistanı ala bilməzlər”, deyərək cihad elan etdi. Dudayev deyirdi: “Onlar bizi öldürə bilər, əzə bilər, üstümüzdə tanklarla rəqs edə və bədənlərimizi parçalaya bilərlər. Ancaq azadlıq və müstəqillik ruhumuzu heç vaxt məhv edə bilməzlər”
Çeçenlərin əsas silahı
Boris Yeltsin 1994-cü il noyabrın 29-da ultimatum verərək müharibə edən tərəflərin silahlarını 48 saat içərisində yerə qoymalarını, əks təqdirdə Çeçenistanda fövqəladə vəziyyət elan ediləcəyini və hərbi əməliyyatlara başlayacağını bildirdi. Rusiya və Çeçenistan nümayəndələri arasında danışıqların davam etdiyi vaxt – dekabrın 11-də səhər saatlarında rus qoşunları “bölgəni iki saata almaq” iddiası ilə Çeçenistana girdi, amma gördüyü müqavimət qarşısında bunun asan olmadığını başa düşdü.
Dudayevin rəhbərliyi altındakı çeçen döyüşçüləri ölkələrini rus işğalından qurtarmaq üçün var gücü ilə mübarizə apardılar. Birinci Çeçenistan-Rusiya müharibəsində müsəlman dünyası çeçenlərə lazımi qədər dəstək vermədi. Hər cür imkanları olan Rusiyadan fərqli olaraq, çeçenlərin əllərində inanclarından daha böyük bir şey yoxdu. Çeçen döyüşçüləri müharibə dövründə uğurlu əməliyyatlar apardılar və uzun müddət adları dünyanın gündəmindən düşmədi.
Torpaqlarını rus işğalından azad etmək istəyən Çeçenistan silah-sursat çatışmazlığına baxmayaraq xeyli müqavimət göstərdi.
Amerikanın satqınlığı
1996-cı il aprelin 21-də Qexi-Çu kəndində telefonla danışarkən Cövhər Dudayevin yeri peyklə müəyyən olundu. İddiaya görə, qiyamçı generalı ruslara ABŞ Milli Təhlükəsizlik Agentliyi (NSA) satmışdı. ABŞ tərəfindən göndərilən “NEC” markalı telefon daha dəqiq ünsiyyət üçün Dudayevə çatdırılmışdı. Daha sonra əldə edilən məlumata görə, telefon agentlər vasitəsi ilə əvvəlcə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə, oradan da KQB-yə “yol xəritəsi” çəkirdi. Bunun sayəsində ruslar Dudayevin koordinatlarını əldə edə bildilər və həmin yerə raket zərbələri endirdilər. Cövhər Dudayev bu hücumda həlak oldu.
Beləliklə, Çeçenistan öz tarixində gördüyü ən yaxşı komandanlarından birinin şahidi olmuşdu. Zəlimxan Yandarbiyev, Şamil Basayev, Aslan Masxadov, Doku Umarov, Salman Raduev və başqaları ölümündən sonra Dudayevin mübarizəsini davam etdirdilər.
Rusiya ilə anlaşmağın mümkünsüzlüyü
Dudayevin ölümündən sonra çeçenlər yas içində olmasına baxmayaraq, onun yerinə keçən Zəlimxan Yandarbiyevlə 1996-cı ilin avqustunda paytaxt Qroznını geri alaraq, yenidən Rusiya tərəfindən ələ keçirilənə qədər Dudayevin şərəfinə Cövhərqala (Cövhəryurd) adlandırdılar.
Rusiyanın başladığı bu “kiçik savaş”da çeçenlər torpağa 300 min şəhid verdi. Rusiya çeçenlərlə sülh danışıqlarına yalnız Dudayevin ölümündən sonra başladı və 1997-ci ildə imzalanan Xasavyurd müqaviləsi ilə çeçenlərə tədricən müstəqillik vəd etdi. Ancaq Rusiya verdiyi vədə çox qısa müddətdə əməl edəcək və gələcəkdə Çeçenistan üçün azadlıq deyilən bir şeyin olmadığını bir daha çeçenlərə göstərəcəkdi. Əlbəttə Dudayev sağlığında Rusiyanı yaxşı tanıdığı və onunla anlaşmağın qeyri-mümkün olduğunu bildiyi üçün bunları demişdi: “Rusiya ilə əldə edilən anlaşma, suya yazılan yazı kimidir”.