Alkey onun haqqında yazırdı: “Sapfo - bənövşəyi saçlı, şirin gülümsəyən, saf...”.
Sapfonun bioqrafik məlumatları az və ziddiyyətlidir.
E.ə. 630-cu ildə Lesbos adasında anadan oldu. Atası Skamandronim yeni aristokrat idi, zadəgan bir ailənin üzvü olduğundan ticarətlə məşğuldu. Anasının adı Kleida idi. Sapfodan başqa üç oğlu vardı. Sapfoda erkən yaşlarında söz və musiqi duyğusu özünü göstərdi, elə o illərdə vəhşi təbiətin tanrıçası Artemidaya həsr olunmuş xor üçün ilahilər yazdı. Xor ilahilərinə əlavə olaraq, elegiya, şeirlər və su haqda nəğmələr də qələmə aldı.
Zalım tirandan qaçış
E.ə. VII əsrin ortalarında Lesbosda Penfilidlərin kral ailəsinin devrilməsi ilə yadda qalan çevriliş baş verdi. Bir sui-qəsd nəticəsində Penfelidlər taxtdan salındı və qabaqcıl aristokrat ailələr arasında üstünlük uğrunda mübarizə alovlandı. Miladdan əvvəl 618-ci ildə hakimiyyət “Mitilenin ilk tiranı” adlandırılan Melanxr tərəfindən ələ keçirildi. Tezliklə Melanxr, şair Alkey, qardaşları və gələcək zalım tiran Pittakın səyləri nəticəsində devrildi və öldürüldü. Mitilenin yeni tiranı Mirsil idi, onun siyasəti köhnə mitilenli zadəganların müəyyən nümayəndələrinə qarşı yönəlmişdi və Sapfonun ailəsi də daxil olmaqla, bir çox aristokrat şəhəri tərk etmək məcburiyyətində qaldı. Sapfo Mirsilin ölümünə qədər (e.ə. 595 - 579 arasında) Siciliya adasındakı Sirakuzada sürgündə yaşadı.
Poetik dialoq
Ömrünü Mitilendə başa vurdu, buna görə də sonradan ona “Mitilenli Sapfo” adını verdilər. Rəvayətə görə, bu zaman Alkey onunla maraqlandı. Amma onları daha çox poetik bir dialoq birləşdirirdi. Araşdırmaçılar real bir dialoqu mümkünsüz hesab edirlər. Çünki Alkeyin nəğmələri simpoziumlarda, kişilər üçün ziyafətlərdə ifa olunurdu, Sapfonun nəğmələri isə qadınların qapalı məclislərində səsləndirilirdi.
Faona aşiq olmaq
Sapfo haqqında başqa bir əfsanə var, bu, qadınlara xor baxan və yalnız dənizlə maraqlanan balıqçı Faona aşiq olması ilə bağlıdır. Faon hər gün qayıqla üzürdü və əfsanəyə görə, Sapfo qayaların üstündə qayıdışını gözləyirdi. Bir gün Faon qayıtmadı və Sapfo özünü suya atdı.
Sapfo zəngin Kerkillə evl idi. Sapfonun bir şeir həsr etdiyi qızı var idi, o, anası Kleidanın adını daşıyırdı. Amma Sapfo uzun yaşamadı.
Qadın azadlığı
Lesbos yunan dünyasının digər məkanlarından daha böyük azadlığa sahib olması ilə seçilirdi. Burada demək olar ki, qadınların ictimai fəaliyyətlərinə məhdudiyyət yox idi. Adada güclü qadın birliyi hökm sürürdü. Sapfo Afrodita məbədində qurulmuş fiasiyaya rəhbərlik edirdi. Bu fiasiyanın vəzifələrindən biri də, zadəgan qızların evlənməsinə hazırlıq, qıza daha sonra müvəffəqiyyətli bir doğum etmək üçün toydan əvvəl xidmət idi. Sapfo qızlara musiqi, rəqs və digər sənətləri öyrədirdi.
Strabon Sapfonun Mitilenli Alkeyin və Pittakın müasiri olduğunu bildirir, eləcə də Kral Aliattanın çağdaşı idi. X əsr Bizans ensiklopediyasına görə, o dövrdə doğulub və ya fəaliyyət illəri o vaxta təsadüf edir. Təxminən e.ə. 630-ci ildə anadan olduğu ehtimal edilir. Bir sıra mənbələrə görə, 604-594-cü illər arasında Lesbosdan Siciliyaya sürgün edilib.
Gənc qız Kleida
Oksirinç papiruslarına görə, Sapfonun Kleida adında anası və qızı vardı. Qızı Kleida Sapfonun bir şeirində belə xatırlanır: “Qızıl çiçəklərə bənzəyən gözəl bir övladım var, əziz Kleidam…”. Bu, çox vaxt Sapfonun qızı ilə izah olunur, ya da Sapfonun Kleida adlı bir qızının olduğunu təsdiqləyir. Ancaq başqa bir versiya da var. Həmin versiyaya görə, şeirdə işlənən “Kleida” sözü yunan dilində “gənc qız” mənasını verən “pais”dən gəlir.
Sapfo günümüzə gəlib çatmış sətirlərində anasından bəhs etsə də, atası Skamandronimin adını heç yerdə çəkmir. Sapfonun üç qardaşının olduğu deyilirdi: Xaraks, Evrigi və Larix. Xaraks böyük qardaş idi, amma Sapfo kiçik Larixi daha çox sevirdi.
Misirli fahişə
Herodot, Strabon, Afina, Ovid və Suda Xaraks və misirli Rodopis arasındakı əlaqədən danışırlar. Herodot Xaraksın misirli fahişə Rodopisi böyük bir məbləğə köləlikdən xilas etdiyini və onunla birlikdə Mitilenə qayıtdığını bildirir. Strabon 400 il sonra Sapfonun Rodopisi “Dorix” adlandırdığını əlavə etdi. Afina isə 200 il sonra Herodotun Dorixi Rodopislə qarışdırdığını dedi. Habelə e.ə. III əsrə aid Posidippanın epiqramında Dorix və Sapfodan sitat gətirilir. Araşdırmaçılar buna əsaslanaraq, Dorixin adının Sapfonun şeirlərində çəkilə biləcəyi iddiasını irəli sürdülər. Müasir tədqiqatçı Joel Lidov isə, “Dorix” əfsanəsinin Herodotla eyni vaxtda yaşayan başqa bir müəllifin əsərlərindən qaynaqlandığını iddia edərək, bu fərziyyənin Sapfo ilə bağılığı ehtimalını rədd etdi.
2014-cü ildə aşkarlanan antik papirusda Sapfonun yeni kəşf olunan mətnləri Afina və Posidippanın təfsirini təsdiqləyir və eyni zamanda, Herodota aydınlıq gətirir: Xaraks həqiqətən fahişə Dorixə aşiq idi və Sapfo buna görə onu qınadı. Yəni Herodot Sapfo tərəfindən xatırlanan Dorixi daha sonra yaşamış məşhur hetero Rodopislə səhv salıb.
Suda isə Safponun Androsda yaşayan Kerkil adlı çox varlı bir tacirlə evli olduğunu və Kleidanın atası olduğunu söyləyən yeganə mənbədir.
Levkad qayasında intihar
Sapfonun həyatı Lesbosda siyasi xaos və Pittakın yüksəlişi dövrünə təsadüf etdi. Ehtimallara görə, Sapfo həmin dövrdə - e.ə. 604-594-cü illər arasında Siciliyaya sürgün edildi. Həmin vaxt Çiçero heykəli Sirakuza administrasiyasının binasında ucalırdı. Dostu Alkeyin şeirlərindən fərqli olaraq, Sapfonun günümüzə qədər gəlib çatan yazılarında o dövrün siyasi şərtlərinə az işarə var. Sapfonun sürgündən bir anda qayıtdığı və ömrünün böyük hissəsini Lesbosda keçirdiyi ehtimal olunur. Həmin dövrlə bağlı ən geniş yayılmış əfsanə, Sapfonun qayıqçı Faona qarşılığı olmayan məhəbbəti səbəbindən özünü Levkad qayasından ataraq intihar etdiyini göstərir. Müasir araşdırmaçılar bu hekayəni etibarsız hesab edirlər, çox güman ki, komediya yazarları tərəfindən ortaya atılıb. İddiaya görə, bu əfsanənin bir hissəsi Sapfonun heteroseksual olduğunu sübut etmək istəyi ilə ortaya çıxıb.
Müqəddəs ilahənin meşəsində
Ədəbi tənqidçilərə görə, Sapfonun lirikası ənənəvi folklor elementlərinə əsaslanır; burada sevgi və ayrılıq motivləri üstünlük təşkil edir - hadisələr parlaq və sevincli bir təbiətin, axınların uğultusunun, müqəddəs ilahənin müqəddəs meşəsində buxurdan tüstüsünün fonunda baş verir. Spafonun ənənəvi kult folkloru formaları şəxsi təcrübələrlə doludur, şeirlərinin əsas üstünlüyü həddindən artıq sadəlik və parlaqlıqla ifadə olunan güclü ehtiras və çılpaqlığa əsaslanır.
Ədəbi tənqidçilərə görə, bu cür duyğular yalnız ənənədən qaynaqlana bilməzdi. Sapfonun həyatında əsərlərinin emosional quruluşuna birbaşa təsir göstərə bilən məlum hallar var. Məsələn, şərab ticarəti ilə məşğul olan Sapfonun qardaşı Xaraksın Misir səfərlərindən birində gözəl fahişə Rodopisə necə aşiq olduğunu izah edir. Köhnə sahibindən böyük miqdarda pul verərək alıb Lesbos şəhərinə gətirəndə Sapfo qardaşının Rodopsin gözəlliyi qarşısında “başını itirdiyini” yazır.
Artemida, Hera və Afrodita
Sapfodan bunlarla yanaşı, geniş auditoriya üçün nəzərdə tutulmuş sətirləri də günümüzə qədər gəlib çatıb. Məsələn, gəlinin qızlığa vida etməsini əks etdirən epitalemiyalar, ənənəvi toy mahnıları nikah otağına girmədən əvvəl gənc kişilər və qadınlardan ibarət bir xor tərəfindən oxunması üçün nəzərdə tutulmuşdu. Ədəbi tənqidçilərə görə, bu şeirlər ehtirasla deyil, sadəlövhlük və ton sadəliyi ilə seçilirdi. Bu növ şeirin ədəbi motivləri - bülbül, gül, Xarit, Eros, Peyto, bahardır. Sapfo şeirlərində gülə xüsusi əhəmiyyət verirdi. Sapfonun nəğmələri çox vaxt Artemida, Hera və Afrodita kultu ilə əlaqəli idi.
Sokrat kimi
Bəzi araşdırmaçılara görə, Sapfo poeziyasının mərkəzində hər iki cinsə olan sevgi və ehtiras durur. Təsadüfi deyil ki, “lezbiyan” sözünün kökəni onun doğma adası Lesbos adından gəlir. Bu söz XIX əsrdə homoseksual qadınlar üçün istifadə olunmağa başladı. Sapfonun bir çox şeirində qadınlar üçün ehtiraslı sevgidən (bəzən qarşılıqlı, bəzən yox) bəhs edilir. Lakin qadınlar arasındakı bədən təması təsvirləri nadir və mübahisəlidir, eləcə də bu şeirlərin avtobioqrafik olub-olmadığı məlum deyil. Bununla belə, III əsr filosofu Maksim Tirski Sapfonu “öz həmcinslərinə aşiq olan qadın” adlandırdı. O, Sapfonun Sokrat kimi kişilərlə yanaşı, qadınları da sevdiyini yazdı.
Viktoriya dövründə Sapfonu nəcib qızlar üçün internat məktəbinin rəhbəri kimi qələmə vermək dəbdə idi. Lakin Sapfonun günümüzə qədər gəlib çatan azsayılı şeirlərində müəllimlik, şagirdlər, məktəblər və ya müəllimlərdən heç vaxt bəhs edilmir. Bununla yanaşı, Sapfonun bir məktəbə rəhbərlik etdiyi iddiasını bir çox araşdırmaçı təsdiq edir, əldə faktlar olmasa belə…
İtirilmiş şeirlər
Sapfonun əsərlərindən dövrümüzə bir bütöv şeir də daxil olmaqla təxminən 170 fraqment gəlib çatıb. Uzun illər İsgəndəriyyə kitabxanasında saxlanıldığı bildirilən doqquz kitabından yalnız kiçik bir hissəsi araşdırmaçılara məlumdur.
Sapfonun musiqi əsərləri günümüzə çatmayıb. Rəssamların əksəriyyəti isə Sapfonu çox vaxt əlində musiqi aləti tutarkən çəkib. Haqqında məlumatlar kifayət qədər az olsa da, onun dostları ilə əlaqəsi haqqında bir çox əfsanə var. Ehtimala görə, bu cür əfsanələrin başlanğıcı dövrünün komediya yazarları tərəfindən qoyulub. Bu cür əfsanələr arasında sevgisinə qarşılıq verməkdən imtina edən qayıqçı Faona olan məhəbbəti də var, bu səbəbdən özünü Akarnaniyadakı Levkad qayasından dənizə atıb. “Özünü Levkad qayasından atmaq” ifadəsi “ümidsizliyin təsiri altında intihar etmək” mənasını verən bir atalar sözünə çevrilib.
Lezbiyan sevgisi
Sapfonun qadınlarla münasibətləri haqqında çoxmənalı fikirlər var. Müasir “lezbiyan sevgisi” konsepsiyası və homoseksual bir qadın mənasını verən “lezbiyan” sözünün mənşəyi Sapfo və ətrafı ilə əlaqələndirilir. XIX əsrin tənqidçiləri Sapfonun qadınlara olan ehtirasını qismən bədii texnikanın özəlliyi ilə, qismən də bu cür münasibətlərin o dövrdə cəmiyyətin sosial-mədəni ənənələrində normal olması ilə izah ediblər. II əsrin filosoflarına görə, qadınların qadınlarla dostluq və ya ülvi sevgi əsasındakı münasibətləri Sparta əfsanələrində, yaxud Sokrat və şagirdləri arasında mövcud olub. Bu, Maksim Tirski tərəfindən də dilə gətirilib.
Bənzərsiz qadın
Sokrat Sapfonu “sevgi müəllimi” adlandırır, Platon ona aid edilən epiqramlarından birində “onuncu muza” deyir. Strabon onu “möcüzə” adlandırır və tarixdə Sapfo ilə müqayisə ediləcək ən azı bir qadın axtarmaq səylərinin boşa çıxacağını iddia edir.
Sapfo antik dövrün ən böyük lirik şairlərdən biri hesab olunur. Məzar soyğunçuları tərəfindən mumiyanın kəfənindən çıxarılan və 2001-ci ildə nəşr olunan Milan papirusunda (e.ə. III əsr) Sapfonun ilahi nəğmələrinə verilən yüksək qiymətdən bəhs olunur.
Halikarnaslı Dionis Sapfonu “melodik üslubun əsas təmsilçisi” adlandırır. Demetriya Maqnaya görə, Sapfonun şeirləri sevgi və baharla doludur. Bir neçə əsr sonra Horas Sapfonun şeirinin müqəddəs ibadətə layiq olduğunu yazdı. Romalı şairi Katullus Sapfonun şeirlərindən birini (“Mənə Tanrı kimi görünür”) tərcümə etdi.
Unudulan dil
Sapfonun yazılarının əksəriyyəti Roma dövrünə aid olsa da, dəyişən maraqlar, zövqlər və üslublar səbəbiylə əsərləri getdikcə daha az maraq kəsb edirdi. Xüsusən akademiyalar əsərlərini tədris proqramından çıxardıqları üçün bu maraq itməyə başladı. Bunun səbəblərindən biri də yunan dilinin dəyişiklik prosesindən keçməsi idi. Sapfonun yazdığı eoliy ləhcəsi mürəkkəb idi və Roma İmperiyası dövründə populyarlığını qorumaq üçün əhəmiyyətli çətinliklər qarşısında qalmışdı. Yəni Sapfonun yazdığı ləhcə Roma İmperiyasında çox da istifadə olunmurdu. Buna baxmayaraq, Qədim Romanın ən böyük şairləri və mütəfəkkirləri onunla digər müəllifləri müqayisə etməyə və ya onları təqlid etməyə davam etdilər, yalnız bu müqayisələr və təsvirlər sayəsində Sapfonun bir sıra şeirləri dövrümüzə qədər gəlib çatıb.
Bizans İmperiyasının əsas akademiyaları əsərlərini tədris proqramından çıxardıqdan sonra kitabları getdikcə unuduldu . XII əsr Bizans alimi Tsetses onun şeirlərini “itirilmiş” adlandırdı.
Müasir araşdırmaçıların bir çoxu Sapfonun ədəbi irsinin kitablarını yandıran qəzəbli kilsələr tərəfindən yox edildiyini söyləyir. Amma bunu dəstəkləyən heç bir tarixi dəlil yoxdur. O ehtimal da istisna olunmur ki, Sapfonun poeziyası qeyri-adi dəyişikliyə qarşı çıxanlar tərəfindən məhv edilib.
Sapfo tarixdə bizə məlum olan ilk qadın şairlərdən biridir.