17 Fevral 2021 09:05
2 089
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Niyə belə tezdən qalxıb imperatorumuz,

Şəhərin ən böyük qapısında qurulmuş taxtında,

Başında tacı nəyə hazırlaşır?

Çünki barbarlar gələcəkmiş bu gün,

Onların başçılarını qarşılamağa çıxıb.

Bir də böyük bir fərman hazırladıb,

Ona rütbələr, adlar yazdırıb...”.

(“Barbarları gözləyərkən”)

Yunan şeirinin ən vacib simalarından biri olan Konstantinos Kavafis 1863-cü il aprelin 29-da İsgəndəriyyədə bir zəngin ailədə doğulub. O, böyük bir ailənin doqquzuncu övladı idi.

Tacir olan atası Pedro Kavafis pambıq tarlalarını ələ keçirmək istəyən zəngin ingilislərlə mübarizə aparmışdı. Həmin illərdə atası vəfat edəndə Konstantinos yeddi yaşındaydı. Bundan sonra böyük bir ailənin ağır yükü anası Harikleya Fotiyadinin çiyinlərinə düşür. Atanın ölümündən iki il sonra ailə Londona, oradan da Liverpula köçür. Kavafis Şekspir və Gibbonun yaradıcılığının təsiri altında təhsilinə davam edir. 1876-cı il böhranı səbəbiylə atasının şirkəti iflas etdikdə ailəsi ilə birlikdə İskəndəriyyəyə qayıdır. Misirin bu sahil şəhərində malikanə əvəzinə kiçik bir mənzildə yaşamağa başlayırlar.

Taledən qaçış

İngilislər 1882-ci ildə İsgəndəriyyəni ələ keçirəndə Kavafis anası və qardaşları ilə birlikdə İstanbula sığınır. Burada yaşayan babası Yorqo Fotiadis çıxdığı ədəbiyyat yolunda ona bələdçilik edir, İstanbulda yazmağa başladığı bioqrafiyasında onu dəstəkləyir. Kavafis 19 yaşında İstanbulda yunan klassiklərini və Bizans tarixçilərini öyrənir. “Demotiki” adlanan qədim yunan ləhcəsi ilə də İstanbulda tanış olur.

Həyatının sonrakı illərində o dövrdə yaşadıqları haqda bunları deyəcəkdi: “Şeirimin mövzuları, sənətimin çərçivəsi gəncliyimin kobud günlərində yatır”.

Özünüdərkin başlanğıcı

1885-ci yanmış evləri üçün sığorta şirkətindən pul aldıqdan sonra anası ilə İsgəndəriyyəyə qayıdır. Qardaşları onlardan əvvəl ora gəlmişdilər. Kavafis buradakı həyatına kiçik bir məmur olaraq davam edir. Uzun illər İsgəndəriyyədə Su İşləri Nazirliyində katib vəzifəsində və birjada vasitəçi işləmişdi. Yaradıcılığa heç bir orijinal cəhəti olmayan romantik şeirlərlə başlayır və əsl sənətkar şəxsiyyətini yalnız orta yaşlarında tapır. Həmin dövrdə çox az yazır və yazdıqlarının çox az hissəsini nəşr etdirir.

1933-cü il aprelin 29-dək - boğaz xərçəngi səbəbiylə ölümünə qədər İsgəndəriyyədə yaşayır.

Təsadüfi kağızlar

Kavafis sağlığında şeirlərini çap etmək istəsə də, dəfələrlə yunan və ingilis nəşriyyatları tərəfindən rədd edilmişdi. Şeirlərini əsasən qəzet və jurnallarda nəşr etdirir, sonra sənəd kağızlarında çap edərək istəyənlərə verirdi. İlk şeirləri 1903-cü ildə Yunanıstanda nəşr olunub. Bir il sonra 14 şeirdən ibarət ilk kitabı işıq üzü görüb.

1907-ci ildə ədəbi jurnal “Nea Zoi” (“Yeni Həyat”) dövrün digər gəncləri kimi Kavafisə də yer verdi. 1910-cu ildə ilk kitabını 12 şeir əlavə edərək yenidən nəşr etdirdi. 1911-ci ildən ölümünə qədər şeirlərini jurnallarda çap etdirən, siqaret qutuları və ya təsadüfi kağız parçalarında yazdığı şeirlərin əksəriyyətini cırıb-atan Kavafisdən geridə 154 şeiri qalıb. Bütün şeirləri 1963-cü ildə gün işığı görə bildi. 40 yaşından sonra ən seçmə şeirlərini çap etdirdiyinə görə özünü “qoca şair” adlandırmışdı.

Ölümündən sonra 154 şeiri İsgəndəriyyədə nəşr olundu. 1948-ci ildə isə Afinada çap edildi. Üzləşdiyi bütün çətinliklərə, senzuraya baxmayaraq Kavafisin şeirləri sağlığında ədəbi mühitdə artıq diqqət çəkmişdi. 1919-cu ildə bəzi şeirləri ingilis dilinə tərcümə olunmuşdu.

2013-cü ildə, anadan olmasının 150 illiyi səbəbiylə YUNESKO tərəfindən “Kavafis İli” elan edilmişdi.

Səmavi səltənətin hökmdarı

Ədəbi tənqidçilərə görə, şairin yaradıcılığı iki yerə bölünür: gənclik illərinin xatirələri kimi qələmə alınan homoseksual sevgi şeirləri, Qədim Yunanıstan, Roma və Bizans dövrünün ikinci dərəcəli şəxsiyyətləri haqqında şeirləri…

Şeir dili sadə olan Kavafis təkcə lirik yox, eyni zamanda dramatik bir şairdir. Şeirlərində yalnız özünün yox, dövrünün faciəsi öz əksini tapır. Qələmə aldıqları onu həm də bir intellektual ədəbiyyat adamı kimi də oxucusunun qabağına çıxarır. Tarix və mifologiyanın özünə geniş yer etdiyi Kavafis şeirlərində Bizans və Ellinizmə böyük maraq sezilir. Bu baxımdan, Kavafis mövzularının böyük bir hissəsini tarixdən götürmüşdü. Amma şairin xüsusi maraq dairəsində olan Ellinizm dövrü və Bizans qəhrəmanlıqlar əsri yox, xaotik hadisələrin, səbəbsiz görünən müharibələrin, “səmavi səltənətlər”in, sürgün edilmiş hökmdarların, siyasi dalğaların, qısqanc və ehtiraslı sənətkarların erasıdır. Seksuallıq bu hörgünün bütün ilmələrinə vurulub.

Ədəbi tənqidçilərə görə, spesifik sevgi, siyasət və sənət anlayışı olan Kavafisin homoseksual kimliyi şeirlərinə fərqli bir istiqamət verir. Bu səbəbdən də şeirləri qohumları arasında və yaxın çevrəsində qadağan olunmuşdu.

Gələcəyin şairi

Yunan akademik Mariya Akritidu Kavafisi “hipdermodern şair” adlandırmışdı:

“Konstantinos Kavafis hipermodern bir şairdir, gələcək nəsillərin şairidir.

Spesifik tarixi, psixoloji və fəlsəfi yanaşma tərzi ilə yanaşı, bəzən lakonizmə toxunan üslubunun sərtliyi, duyğusal intellektualizmə müraciət edən ağrılı ehtirası, düzgün seçilmiş ifadələri, ali səviyyəyə qalxan təbiiliyi, yüngül istehzası, onu irəli aparan kəşfləri və zehni mexanizmin incəliyi ilə motivasiya olunan şeirləri gələcək nəsillər tərəfindən daha çox qiymətləndiriləcək”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər