20 Fevral 2021 18:33
1 844
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtalyanın mafiya lideri kamerasında musiqi dinləmək hüququ üçün müraciət etdiyi məhkəmədən qalib ayrılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə ingilis nəşri “Guardian” məlumat verib.

48 yaşlı Domenik Strişuqlio İtaliyada qətl və digər cinayətlərə görə 20 ildən çox həbs cəzasına məhkum edilib. Həbsxana rəhbərliyi Strişuqlionun CD pleyer almaq tələbini rədd etdikdən sonra vəkili məhkəmədən kamerasında televiziya izləməkdən kənar əyləncə seçimlərini genişləndirməsinə icazə verilməsini istəyib.

1999-cu ildən bəri Strişuqlionun cəzasını çəkdiyi Sassari şəhərindəki məhkəmənin hakimləri musiqi dinləməyin konstitusiya ilə təmin edilmiş insan hüquqlarının bir hissəsi olduğunu qəbul ediblər. Hakimlərin fikrincə, bundan imtina etmək məhbusların hüquqlarının lazımsız şəkildə məhdudlaşdırılmasına səbəb olacaq. Strişuqlionun müntəzəm izlədiyi televiziya kanallarında musiqi ilə maraqlananları qane edə biləcək proqramlar yayımlandığı da diqqətə çatdırılıb.

İtaliyanın cənub-şərqindəki Bari mafiyasının üzvü olan Strişuqlio 2019-cu ildə gecə yarısından sonra televizora baxmaq tələbi ilə də məhkəmədə qalib gəlib.

1980-ci və 1990-cı illərdə Siciliyanın iki yüksək anti-mafiya hakimi Paolo Borsellino və Covanni Falkonenin 1992-ci ildə öldürülməsi ilə nəticələnən qanlı davalardan sonra İtaliyada mafiya liderləri və terrorçular üçün həbsxana şərtlərini sərtləşdirib. Həmin şəxslərə telefon danışıqları və yazışmalar, eləcə də digər məhbuslarla ünsiyyət və görüşmək qadağandır.

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2019-cu ilin oktyabrında İtaliyanın mafiya rəhbərləri üçün sərt həbsxana rejimlərinin insan haqlarını pozduğuna qərar verib.

AİHM İtaliyanı çox ağır cinayətlərə görə ömürlük həbs cəzasını nəzərdə tutan qanunlarını yenidən gözdən keçirməyə çağırıb.

İtaliyalı nazirlər, prokurorlar və polis rəislərinə görə, AİHM-nin qərarı qitə daxilində mütəşəkkil cinayətkarlıqla mübarizəni əngəlləyə bilər.


Müəllif: Mənsur Rəğbətoğlu