26 May 2021 09:05
4 860
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yazılı tarix e.ə. 3000-ci illərin əvvəllərində şumerlərin hərfləri lövhələrə yazmaları ilə başladı. Bu tarixin qeyd olunan hissəsində məlum olan ilk imperiya Akkad (e.ə. 2334-2150) oldu. Tarixi mənbələrdə “Bərəkətli aypara” adlandırılan imperiya Mesopotamiya və Nil çayı hövzəsində bəşəriyyət tarixində bir çox ilkə imza atdı. Bunlardan biri, tarixin ilk imperiyası adını almasıdır. Dövləti quran və onu imperiyaya çevirən Sarqon (e.ə. 2334-2279) tarixə ilk imperator kimi yazıldı.

Akkadlılar sivilizasiyaları min ildir Akkadın cənubunda böyüyən və inkişaf edən şumerləri dəstəkləyirdilər. Güclü rəqib və hökmdarları kimi qarşılarına çıxmamışdan əvvəl şumerlərdən çox şey öyrənmişdilər.

Sarqon hakimiyyəti ələ keçirməmişdən əvvəl Şumer şəhərləri Ur və Uruq Kişlə mübarizə aparırdılar. Sarqon yüksəlişinə sonunda taxtını devirəcəyi Kiş Kralı Ur-Zababanı bağışlamaqla başladı. Sonra qoşunlarını cənubda bütün Rumerini idarə edən böyük rəqibi və Sarqonun sonda boynuna boyunduruq keçirəcəyi Luqalzagesə döndərdi. Şumer şəhər-dövlətləri arasındakı düşmənçilik Luqalzagesinin tabe olmasından sonra səngidi.

Səbətdə üzən uşağın taleyi

Əfsanəyə görə, taleyində hökmranlıq etməli olan Akkad Kralı Sarqon 4000 il əvvəl Mesopotamiyada dünyanın ilk imperiyasını qurdu. Sarqon insanlara qanun və ədalət gətirdi. Akkad sülaləsinin qurucusu Sarqon bundan əvvəl Ur-Zababanın baş mühasibi idi.

Sarqon tarixin ilk imperiyasını e.ə. 2330-cu ildə Dəclə və Fərat çayları arasındakı münbit torpaqlarda - Mesopotamiyada qurdu. O və varisləri dünyaya hərbi yeniliklərdən daha çox şeyi əhatə edən hakimiyyət anlayışını miras qoydular. Təkcə müharibələrdə qalib gəlməklə və ya düşmənlərinə qorxu aşılamaqla yox, həm də nizam gətirmək, ədalət paylamaq və insanların qorxu içində hörmət etdikləri tanrıları yer üzündə təmsil etməklə itaət olunmasını təmin etdilər.

Sarqon Elam, Suriya, Livan və Toros dağlarına qədər əraziləri ələ keçirərək, dünyada “imperiya” terminini tarixə keçirdi. Sarqon mərkəzləşdirilmiş dövlət qurmaqla əsrlər boyu Mesopotamiyada davam edən teokrat məbəd-şəhər idarəetmə sisteminə son qoydu və bunun əvəzinə güclü siyasi mexanizmi idarə olunan dövlət formalaşdırdı. Sarqon Mesopotamiyada hakimiyyəti ələ keçirməklə yanaşı, ictimai-siyasi və iqtisadi sahələr, eləcə də sənətdə dəyişikliklər etdi.

Ur-Zababaya qarşı qiyam

Şəhər-dövlətlərdən ibarət olan Mesopotamiyada şəhərlər arasında həmişə hakimiyyət uğrunda mübarizə gedib. Amma Akkad İmperiyasının qurulmasından sonra bölgədə siyasi birlik əldə edildi. Akkadların mənsub olduqları sami tayfaları əsrlər boyu şumerlərlə birlikdə yaşayıblar. Daha sonra şəhərlər sıxlaşdı və siyasi gücə çevrildilər, bölgədə öz hakimiyyətlərini qurdular. Bu şəhər-dövlətlərdən biri olan Kiş hökmdarı Ur-Zababaya xidmət edən Sarqon krala qarşı çevrilişə qatıldı və idarəetməni ələ keçirdi. Taxt-taca da onu devirərək sahib olmuşdu. Sonra bir-birinə düşmən olan şumerlərin şəhər-dövlətlərinə hücuma keçdi və bu dövlətləri özünə tabe etdi. Sarqon Mesopotamiya tarixində ilkə imza ataraq, təkcə şəhər-dövlətlərini ələ keçirmədi, eyni zamanda Akkad qubernatorlarını özü təyin edərək mərkəzləşdirilmiş hakimiyyətini gücləndirməyə çalışdı və fəth edilən yerlərdə akkad dilini rəsmi dil elan etdi, vergilər topladı. Beləliklə, xalqları öz ətrafında – bir mərkəzdə birləşdirdi.

İşlənməmiş sikkə

Qeyd etdiyimiz kimi, Sarqon Akad qubernatorlarını Şumer şəhərlərini idarə etmək üçün göndərdi və şəhərləri əhatə edən müdafiə divarlarını dağıtdı. Şumerlərin dinlərinə toxunmadı. Fiziki və linqvistik əngəlləri aradan qaldırmaqla və ya birləşdirməklə həm Mesopotamiya daxilində, həm də xaricdə ticarəti inkişaf etdirdi. Hindistanla inkişaf etdirilən ticarət yun və zeytun yağı kimi məhsullara qarşılıq olaraq, inci, fil sümüyü və digər qiymətli malların Mesopotamiyaya çatmasını təmin etdi. Ticarətçilər arasında valyuta olaraq mis və gümüş kimi qiymətli metallardan istifadə olunurdu. Sikkə hələ işlənməmişdi, əvəzinə metal dəyərini təyin etmək üçün tərəzi ilə çəkilirdi.

Sarqon tacirlərdən aldığı vergini əsgərlərinə ödəyir, heykəl və kitabələrdəki uğurlarını tərifləyən saray sənətkarlarını və yazarları dəstəkləyirdi.

Qanlı qılıncların yuyulması

Şumer şəhərlərini fəth etdikdən sonra şərqdəki qonşusu elamlarla müqavilə imzaladı və fəthlərinə qərbdən Toros dağlarına və oradan Şərqi Anadoluya – indiki Azərbaycan sərhədlərinə doğru davam edərək yenidən cənuba döndü. Dövlətin yeraltı və yerüstü sərvətlərə olan ehtiyacı bu fəthləri zərurətə çevirmişdi. Bundan başqa, Sarqonun başqa bir məqsədi də şərq-qərb ticarət yollarından səmərəli istifadə etmək və bu yolları qorumaqdı. Bu, ordunu hərəkətə gətirmək və mümkün iğtişaşların və sərhəd pozuntularının qarşısını almaqla mümkün oldu.

Sarqonun fəthlərində iştirak edən ordunun təchizatı dövründən xeyli qabaqda idi. Minlərlə əsgərlər yüzlərlə kilometr yol qət etmək adi bir dövlətin öhdəsindən gələ bilməyəcəyi avadanlıq tələb edirdi. Sarqonun bu fəthləri ilə əlaqədar bir təbrik kitabəsində, ordusu ilə bu yürüşlərdə 34 qələbə qazandığı və qılınclarındakı qanı təmizləmək üçün Bəsrə körfəzində yuduqları bildirilir. Başqa bir kitabədə yazılır ki, hər gün 5400 nəfər onun qabağında yemək yeyirdi. Bu, Sarqonun nizami orduya sahib olduğunu göstərir.

Oğlu Rimuş taxta keçəndə imperiyanın sərhədləri şərqdə Karun çayından qərbdə Aralıq dənizinə, cənubda Bəsrə körfəzindən şimalda Şərqi Anadoluya qədər uzanırdı.

Suyu özünə çəkən Akki

Sarqon adının əbədiləşdirilməsinin başqa bir səbəbi barəsində Assuriya Kralı Aşurbanipalın kitabxanasında tapılan gil lövhədə bir əfsanənin yer almasıdır:

“Sarqon - böyük hökdmar, Akkad kralı mənəm! Anam müqəddəs rahibə idi, atamı tanımadım. Atamın qardaşı dağlarda yaşayırdı. Mənim şəhərim Fərat sahillərində qurulmuş Azupiranudur. Rahibə olan anam mənə hamilə qaldı və gizlicə dünyaya gətirdi. Məni qamışdan hörülmüş səbətə qoydu və səbətin qapağını qatranla suvadı. Məni suları üstümə yüksəlməyən bir çayda qoyub getdi. Çay mənə kömək etdi və məni suyu özünə çəkən Akkiyə apardı. Səbət batarkən suyu özünə çəkən Akki məni oradan çıxardı. Suyu özünə çəkən Akki məni özünə bağban təyin etdi. Bağban olduğum vaxt İştar mənə öz məhəbbətini verdi və dörd il kral olmağım üçün hazırlaşdırıldım. Ələ keçirdiyim və hökm verdiyim qarabaşlı Ulu dağları baltalarla fəth etdim. Bütün yüksək dağların hamısına dırmaşdım. Dağ yamaclarının hamısını keçdim. Üç dəfə dənizə üzdüm. Dilmun mənə təslim oldu, yerin və göyün divarlarına dırmaşdım”.

İştarın məhəbbəti

Gil lövhəyə görə, Sarqonun anası ali rütbəli ruhanidir və nikahdankənar övlad dünyaya gətirib. Anası onu bir səbətə qoyub və çaya atıb. Akki adlı bir şəxs onu tapıb və böyüdüb bağında bağban kimi işə alıb. Fırtına, arzu, bərəkət və müharibə tanrıçası və onu sevən İştar ona baş çəkib. Tanrıçadan ilham alan Sarqon qaranlıqdan çıxıb və bütün dünyanı qorxuya salıb. Əfsanədə Sarqonun Mesopotamiyanı idarə edəcək qədər güclü olacağı deyilir, amma təvazökar bir kökənə sahib olduğu da qeyd edilir.

Sonrakı hissələrdə taxta çıxması və fəthləri haqda danışılır. Uşağın çaydan gəlməsi ilə bağlı əfsanənin bir çox Yaxın Şərq, xüsusən də Musanın Tövratdakı doğuluş hekayələrinin mənbəyi olduğu düşünülür.

Otto Rankın iddiasına görə, bu əfsanə antik dünya ədəbiyyatında Musa, Karna ve Edipin doğuluşları ilə bənzərdir. Əfsanə bir assur gil lövhəsində yer alıb. Lövhə Aşşurbanipalın şəxsi kitabxanasında tapılıb və e.ə. əvvəl 911-612-ci illərdə yazılıb.

Sarqon yarım əsrdən çox hökmranlıq edərək, nəvəsi Naram-Sinin hakimiyyəti boyunca davam edən möhkəm bir sülalə qurdu. Sarqonun dünya üçün qoyduğu miras özündən sonrakı imperatorların əsrlərlə təqlid edəcəyi qədər uzunömürlüydü.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər