Yağlı, qızardılmış və şəkərli qidaları ehtiva edən yemək vərdişləri ürək xəstəliklərindən qəfil ölüm riskini artırır.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Alabama Universitetinin araşdırmasında qeyd edilib.
10 il davam edən tədqiqatda 45 yaşdan yuxarı 21 min amerikalının yemək vərdişləri incələnib. İştirakçılar hər altı aydan bir ürəyini müayinə etdirib.
Yağlı, qızardılmış və şəkərli qidaları özündə birləşdirən "Cənub stili" yemək vərdişinin ürək xəstəliklərindən qəfil ölüm riskini 46 faiz artırdığı məlum olub.
Bu yemək vərdişinə sahib 400-dən çox insan tədqiqat zamanı ürəklə əlaqəli səbəblərdən dünyasını dəyişib. Araşdırmanın nəticələri “American Heart Association” elmi jurnalında dərc edilib.
Tədqiqatçılar bitki mənşəli "Aralıq dənizi tərzi" yemək vərdişinə yiyələnən şəxslərin daha sağlam olduqlarına diqqət çəkiblər. Məlumata görə, bununla ürək infarktı kimi ani sağlamlıq problemləri nəticəsində ölüm riskinin 24 faiz daha az olduğu bildirilir.