17 Avqust 2021 10:35
5 451
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un “Tanımadığımız azərbaycanlılar” rubrikasında yaşadıqları ölkələrdə məşhur olan, amma azərbaycanlı olduğunu çox azımızın bildiyi, çoxumuzun isə heç bilmədiyi şəxsiyyətlər haqda məlumatlar təqdim edilir.

Haqqında internetdən məlumat əldə etdiyimiz şəxs Belarus mediasının ən məşhur simalarından biridir.

Azərbaycan əsilli Leyla İsmayılova Belarusda tanınmış jurnalist, teleaparıcı və modeldir. 2010-cu il Minskdə keçirilən Avroviziya Uşaq mahnı müsabiqəsinin aparıcısı, 2011-ci ildə isə Avroviziyanın Belarus üzrə nəticələri elan edən Leyla olub. Eləcə də 2012-ci ildə Belarusda Avroviziyanın seçim mərhələsinin aparıcısı da o idi.

Leyla İsmayılova 1989-cu il iyulun 28-də Belarusun paytaxtı Minskdə anadan olub. Leylanın atası Rizvan İsmayılov ağdamlı, anası Qalina Rujentsova isə minsklidir. Valideynləri onun anadan olmasından bir ay sonra Bakı şəhərinə köçüblər.

Leylanın atası Ağdamda neft bazasının rəhbəri işləyib. Rizvan İsmayılov Ermənistan ordusunun Ağdama işğalçı hücumuna baxmayaraq, sona qədər şəhəri tərk etməyib. Rizvan İsmayılov Ağdamda həlak olanda Leyla 3 yaşındaydı. Leyla atasının ölümündən sonra anası, kiçik qardaşı Bəhrəm və böyük bacısı Esmira ilə birlikdə Minskə qayıdıb.

Esmiranın üzündəki işıq

Leyla mətbuatda ilk dəfə 15 yaşında görünüb. İlk məqalələrini erkən yaşlarında dərc etdirən Leyla peşə olaraq jurnalistikanı seçməsini böyük bacısı Esmiraya borclu olduğunu bildirib.

“Uşaqlıqda bacımın otağında onun işləməyini izləməyi çox sevirdim. Bacım yazı maşınına mətnlər yazırdı. Barmaqları sürətlə düymələrin üstündə gəzişirdi, masadakı lampanın işığı üzünü işıqlandırırdı, bu an gözlərində nə qədər çox fikirlərin dolaşdığını görürürdüm. Nədənsə belə bir mənzərə məni jurnalist olmağa həvəsləndirdi və öz qərarımı verdim. O zaman fikirləşirdim ki, bu peşə mənə düşüncələr və xəyallardan ibarət öz dünyamı toxumaq imkanı verəcək. Belə də oldu. Əlbəttə, məyus olduğum vaxtlar da vardı. Çünki 15 yaşımda – məqalələrimi nəşr etməyə başladığım dövrdə dünyaya gül rəngli eynəklərdən baxırdım. O dünyanı güllələmək xoşagəlməz idi. Amma indi, yeddi ildən sonra Jurnalistika fakültəsinə daxil olmağımın əbəs olmadığını başa düşdüm”, - Leyla o günlər haqda xatirlərində deyir.

Leylanın anası gimnaziyada rus dili və ədəbiyyatı müəllimidir. Böyük bacısı Esmira jurnalist, iqtisadçı və yazıçıdır, Azərbaycanın Belarusdakı səfirliyində, BMT-nin Minskdəki ofisində işləyib.

Hollivud diplomu

Leyla 2006-cı ildə Belarus Dövlət Universitetinin liseyini bitirib. 2011-ci ildə sözügedən universitetin Jurnalistika fakültəsindən fərqlənmə diplomu ilə məzun olub. Həmin il universitetin “Ən yaxşı məzunu” adına layiq görülüb.

Leylanın təhsilində Hollivud məktəbinin diplomu da var. 2011-ci ildə Hollivudda (ABŞ) aktyorluq məktəbinə (Playhouse West) daxil olub.

Televiziya karyerası

Leyla televiziya karyerasına 2010-cu ildə Minskdə keçirilən 8-ci Uşaq Avroviziya müsabiqəsinin aparıcısı seçiləndə başlayıb. Bu, onun ilk dəfə Belarusda məşhurlaşmasında müstəsna rol oynayıb. O vaxt Belarus Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbəsi olan Leyla Avropa Birliyinin “Erasmus Mundus” təqaüd proqramı ilə Yunanıstanın Aristotel Universitetində təhsil alıb.

2011-ci ildə 56-cı Avroviziya mahnı müsabiqəsində Belarus üzrə səslərin nəticələrini elan edib. Bundan başqa, bir çox klip, fotosessiya və reklamlarda rol alan Leyla Dünya Azərbaycanlılarının III Qurultayının da iştirakçısı olub.

Belarus televiziyasında aparıcılıq karyerasına davam edən Leyla İsmayılova bu illər ərzində bir çox populyar proqramların aparıcısı olub.

Model və mükafatlar

Leyla 2012-2013-cü illərdə Kaliforniyada (Beverli-Hillz) “Karolayn Monik” kolleksiyası üçün model kimi kameralar qarşısına keçib.

2009-cu ildə “Miss Minsk” yarışmasındakı uğurlu jurnalist fəaliyyətinə görə “Miss Press” adına layiq görülüb. 2011-ci ildə isə “Ən yaxşı musiqi və əyləncə proqramlarının aparıcı” nominasiyasında Belarusun milli mükafatı “Televerşina”nı alıb.

Maraqlı fakt

Leyla 2011-ci ildə baş tutan mükafatlandırma gecəsi üçün Fransanın məşhur “Naf Naf” firmasının yeni kolleksiyasından dəbli və bahalı bir paltar seçməklə diqqəti öz üzərinə çəkmişdi. O, bu paltar üçün 1.5 milyon Belarus rublu ödəmişdi. O vaxt Belarus Dövlət Universitetinin Jurnalistika fakültəsində oxuyurdu. Dediyinə görə, belə bir paltar almaq üçün uzun müddət tələbə təqaüdünü yığmalı olmuşdu.


Müəllif: Mənsur Rəğbətoğlu