21 Oktyabr 2021 12:34
1 623
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ cərrahları genetik olaraq dəyişdirilmiş donuz böyrəyini insan bədəninə köçürüblər. Xəstənin immun sistemi transplantaya mənfi reaksiya verməyib, əməliyyatın orqan transplantasiyasının gələcəyi üçün dönüş nöqtəsi olduğu düşünülür.

Teleqraf.com xəbər verir ki, dünyada ilk dəfə həyata keçirilən əməliyyat ABŞ-ın Nyu-York şəhərindəki “NYU Langone” Sağlamlıq Təhsil və Araşdırma Mərkəzində aparılıb.

Donuz hüceyrələrində olan və insan bədəninin qəbul etmədiyi glikan molekulu genetik olaraq dəyişdirilərək donuz hüceyrəsindən çıxarılıb. Bu, insanın immunitet sisteminin reaksiya verməsinə və orqanı rədd etməsinə maneə olur.

Ailəsinin xüsusi icazəsi ilə beyni ölmüş bir xəstənin cəsədində aparılan əməliyyatdan sonra ayağındakı qan damarlarına bağlı olan böyrək bədəndən kənarda saxlanılıb.

Əməliyyatı həyata keçirən cərrah Robert Montqomeri ilk test nəticələrinə görə, böyrəyin işlədiyini açıqlayıb.

Professor orqanın öz funksiyalarını bədəndən kənarda yerinə yetirə bilməsinin onun bədən daxilində də işləyə biləcəyinə dair güclü bir inam yaratdığını düşünür.


Müəllif: Yeganə Oqtayqızı