8 Fevral 2023 17:12
5 215
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elm adamları Yer qabığının altında tektonik plitələrin necə hərəkət etdiyi və zəlzələlərin haradan yaranması ilə bağlı uzun müddət sürən mübahisənin həllinə yardım göstərə biləcək yeni, qismən ərimiş təbəqə aşkar ediblər.

Teleqraf.com xəbər verir ki, tədqiqat “Nature Geoscience” jurnalında dərc olunub.

Araşdırmada deyilir ki, ərimiş təbəqə səthdən təxminən 160 kilometr aralıda yerləşir və astenosferin bir hissəsidir, plitələrin tektonikası üçün vacibdir. Çünki bu, tektonik plitələrin mantiya boyunca hərəkət etməsinə imkan verən nisbətən yumşaq sərhəd təşkil edir.

Bununla belə, tədqiqatçılar müəyyən ediblər ki, ərimiş təbəqənin mantiya süxurlarının axınına heç də nəzərəçarpacaq təsiri yoxdur. Əksinə, elm adamları deyirlər ki, kəşf mantiyada istilik və süxurların konveksiyasının plitələrin hərəkətinə dominant təsir göstərdiyini təsdiqləyir.

Tədqiqat komandasının üzvlərindən biri nəşrə deyib:

“Əriyən bir şey haqqında düşünəndə, intuitiv olaraq ərintinin materialın özlülüyündə böyük rol oynamalı olduğunu düşünürük. Amma biz tapdıq ki, ərimə prosesinin kifayət qədər yüksək olduğu yerlərdə də onun mantiya axınına təsiri çox azdır”.

Tədqiqata görə, mantiyada istilik və süxurların konveksiyası plitələrin hərəkətində dominant rola malikdir. Yerin daxili hissəsi əsasən möhkəm olsa da, uzun müddət ərzində süxurları yerindən oynaya və bal kimi axa bilər.

Elm adamlarının fikrincə, ərimiş təbəqənin plitə tektonikasına təsir etmədiyini göstərmək, Yerin kompüter modelləri üçün daha az mürəkkəb dəyişiklik olacağı anlamına gəlir.

“Yeni araşdırma sayəsində zəlzələlərin baş verməsi ilə bağlı saxta nəzəriyyədən xilas olmaq mümkün oldu. Bu tədqiqat vacibdir, çünki astenosferin xüsusiyyətlərini və onun istiləşməsinin səbəblərini anlamaq plitələrin tektonikasını başa düşmək üçün əsasdır”, - tədqiqatın həmmüəllifi, seysmoloq və Braun Universitetinin professoru Karen Fişer deyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər