26 Avqust 2023 09:28
12 885
12 Punto 14 Punto 16 Punto 18 Punto

1979-cu ildə dünya tarixdə iz qoyan bir hadisənin şahidi oldu: Kəbə basqını. Bəs bu müəmmalı basqının arxasında hansı faktlar və kim dayanırdı? İslamın müqəddəs məkanına basqında məqsəd nə idi?

Teleqraf.com xəbər verir ki, 1979-cu ildə baş vermiş Kəbə basqını İslam dünyasını dərindən sarsıdan mühüm hadisədir.

Silahlı qarşıdurmalarla dolu bu dramatik dövr 1979-cu il noyabrın 20-də başlayıb, dekabrın 4-də başa çatmışdı.

Hadisənin arxasında duran isim olaraq Səudiyyə Ərəbistanı Milli Qvardiyasında xidmət etmiş Cüheyman əl-Üteyb göstərilir.

Üteyb və tərəfdarları Səudiyyə Ərəbistanı hökumətinə qarşı hərəkətə keçərək Kəbənin ətrafında silah-sursat gizlədirlər. Noyabrın 20-də səhər namazı vaxtı planlarını həyata keçirməyə başlayırlar.

Üteyb və tərəfdarları insanları girov götürərək ölkə rəhbərliyinə qarşı siyasi tələblər irəli sürür və qaynı Məhəmməd bin Abdullah əl-Qaytanini “Mehdi” elan edirlər.

Basqın zamanı Kəbədə 50-100 min müsəlman girov götürülür.

Basqından sonra Səudiyyə Ərəbistanı hökuməti vəziyyəti nəzarət altına almaq üçün dərhal hərəkətə keçir. İlkin cavab uğursuz olduqda, Fransanın “terrorla mübarizə bölməsi” işə qarışır.

Məscidin qapıları və böyük hissəsi əməliyyatla ələ keçirilsə də, son müqavimətçiyə qədər mübarizə davam edir. Minlərlə insanın ölümündən sonra basqınçılar nəhayət zərərsizləşdirilir.

Tutulanlar Səudiyyə qanunlarına uyğun olaraq mühakimə olunaraq, cəzalandırılıb. Başda Cüheyman Üteyb olmaqla 63 üsyançı Səudiyyənin 8 müxtəlif şəhərində edam edilib.

Tədqiqatçılara görə, Kəbə basqını Səudiyyə Ərəbistanının modernləşdirilməsinə böyük zərbə vurub.

2018-ci ilin martında Səudiyyə taxtının vəliəhdi, şahzadə Məhəmməd bin Salman olayın ölkəsi üçün önəminə bu sözlərlə diqqət çəkmişdi:

“1979-cu ilə qədər biz də digər Körfəz ölkələri kimi normal həyat yaşayırdıq, qadınlar maşın sürür, kinoteatrlara gedirdilər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər