Elm adamları Yer kürəsinin dərinliyində nəhəng okean kəşf ediblər.
Teleqraf.com xəbər verir ki, su hövzəsi planetimizin səthindən bir neçə yüz kilometr aşağıda yerləşir.
Tədqiqatçılar əmindirlər ki, bu heyrətamiz kəşf Yerdəki su hövzələrinin mənşəyi haqda müasir elmi fikirləri dəyişəcək.
Araşdırmanın nəticələri ən fundamental proseslərdən biri barədə fikirləri yenidən nəzərdən keçirmək imkanı verir. Elm adamları “mavi planet”in su dövranı ilə bağlı yeni versiya irəli sürüblər. İndiyədək dominant olan nəzəriyyə su hövzələrinin müəyyən bir göy cisminin Yerlə toqquşması nəticəsində əmələ gəldiyinə dairdir. Ancaq indi elm adamları okeanların Yerin nüvəsindən səthə çıxdığına inanırlar.
ABŞ-nin Şimal-Qərb Universitetinin mütəxəssislərinin fikrincə, bu variant dünya okeanlarının parametrlərinin milyonlarla ildir niyə demək olar dəyişməz qaldığını anlamağa kömək edir.
Tədqiqatçılar uzun müddətdir itkin dərin su zonalarını axtarırlar. Missiya ABŞ-də yerləşən 2000 seysmoqrafdan istifadə etməklə uğurla tamamlanıb. 700 kilometr dərinlikdə fantastik ölçülərə malik yeraltı okean belə kəşf edilib. Okeanın ölçüləri zəlzələlərin seysmik dalğaları əsasında hesablanıb. Dalğalar planetin nəmli təbəqələrindən keçərkən yavaşlayır.