16 Aprel 16:50
4 139
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teotiuakan (“Tanrılar şəhəri” kimi tərcümə olunur) özünün çiçəklənmə dövründə - 250-600-cü illərdə 100-200 min əhalisi olan planetin ən böyük şəhərlərindən biri idi. Yeni araşdırmanın müəllifləri belə qənaətə gəliblər ki, həm şəhərin inkişafı, həm də tənəzzülünə güclü zəlzələlər səbəb olub.

Teleqraf.com xəbər verir ki, öz qüdrətinin zirvəsində olanda “Tanrılar şəhəri” 22 kvadrat kilometr ərazini əhatə edib.

Şəhərin mərkəzində dörd nəhəng piramida ilə əhatələnən Citadel adlanan meydan vardı. Mərkəzi hissədə qanadlı ilan tanrısının Ketsalkoatl məbədi yerləşirdi.

Tarixçilər hələ də bu möhtəşəm şəhərin niyə VI əsrin ortalarında tənəzzülə uğradığını və bir əsrin içində tamamilə viran qaldığını dəqiq anlaya bilmirlər. Arxeoloji tapıntılar kütləvi aclıq, yanğınlar və dağıntılara işarə edir, amma bunlar fərziyyələrdir. Populyar iddia düşmən hücumu və kütləvi üsyanlarla bağlıdır. Dövrümüzün tədqiqatçılarına görə, şəhərin yüksəliş və enişinə dağıdıcı zəlzələlər səbəb olub.

İlk meqazəlzələ 100-150-ci illərdə baş verib, gücü təxminən 8-9 bal olaraq hesablanıb. Tədqiqatçılar hesab edirlər ki, bu, başqa şəhərlərdən olan insanları Teotiuakana köçməyə məcbur etmiş və onun çiçəklənmə dövrünü başlamışdı.

Həmçinin, geoloqların fikrincə, belə güclü təkanlar o vaxtlar hələ gənc şəhərin sakinlərini zəlzələyə davamlı binalar tikmək texnikasını mənimsəməyə məcbur etmişdi. Şəhərin ən məşhur məbədləri də zəlzələyə davamlı şəkildə tikilmişdi.

Növbəti dağıdıcı zəlzələ 225-275-ci illərdə baş verib. Silsilə silkələnmələr nəhəng piramidaları bir az zədələyə bilmişdi, amma məhv etməmişdi. Ancaq 400-525-ci illərdə baş verən növbəti zəlzələ şəhər binalarının ciddi şəkildə dağılmasına səbəb oldu.

Tədqiqatçılar iddia edirlər ki, yaşayış binaları dağılan zaman məbədlərin salamat qalması şəhər əhalisini qəzəbləndirə bilər. Bəlkə də bu, ilk iğtişaşlara səbəb olub.

“Tanrılar şəhəri”nin varlığının son nöqtəsi təxminən 600-cü ildə baş verən zəlzələ ilə qoyuldu. Bununla bağlı azsaylı arxeoloji məlumatlar ciddi bir fəlakətdən xəbər verir. Bunlar xüsusən də Ketsalkoatl məbədinin qərb pilləkənlərinin tamamilə dağıdılması ilə bağlıdır.

Tədqiqatçıların fikrincə, sosial gərginlik və ərzaq böhranı fonunda zəlzələ üsyana səbəb ola, bu da öz növbəsində xarici düşmənlərə şəhərin hücuma müdafiəsiz olduğunu göstərə bilərdi. Beləliklə, yeni fərziyyə əvvəlkilərlə ziddiyyət təşkil etmir, əksinə onu tamamlayır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər