23 Aprel 00:42
1 931
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropada istiləşmənin dərəcəsi getdikcə yüksəlir. İstiləşmə o həddə çatıb ki, artıq insan orqanizmi bunun öhdəsindən gələ bilmir və ya gəlməkdə çətinlik çəkir. Belə hallar getdikcə artacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Avropa Birliyinin Kopernik İqlim Monitorinq Xidməti və Ümumdünya Meteorologiya Təşkilatı məlumat yayıb.

Elm adamları keçən il qeydə alınan ekstremal hallara diqqət çəkirlər. Söhbət xüsusilə iyul istisindən gedir. O dövrdə Cənubi Avropanın 41 faizi həddindən artıq istilik stresinin təsiri altında idi. İlk dəfədir Avropanın bu qədər böyük ərazisində yüksək temperatur qeydə alınırdı.

Anomal istilər açıq havada işləyən insanlar, yaşlılar və ürək-damar xəstəlikləri və diabet kimi xəstəlikləri olan insanlar üçün xüsusi sağlamlıq təhlükəsi yaradır.

Məsələn, ötən ilin iyulunda İtaliyanın bəzi bölgələrində ölüm halları adi hallardan 7 faiz çox olub. Ümumiyyətlə, elm adamlarının hesablamalarına görə, son 20 ildə Avropada istidən ölüm halları təxminən 30 faiz artıb.

2023 rekordlar qeydə alınmağa başlayandan bəri dünyada ən isti il ​​olub. Avropa isə temperaturun ən sürətlə yüksəldiyi qitədir.

İstilər daşqınlar da daxil olmaqla, ekstremal hava şəraitinə də təsir edib. Bunun səbəbi, daha isti atmosferin daha çox nəm saxlaya bilməsi və daha güclü leysanlara səbəb olmasıdır. Belə ki, ötən il təkcə Sloveniyada 1.5 milyon insan daşqınlardan zərər çəkib.

Yunanıstan AB-də ən böyük meşə yanğınını yaşadı, Alp buzlaqları 2022-2023-cü illərdə öz həcminin 10 faizini itirdi.

“2023-cü il hadisələrinin bəziləri intensivliyi, sürəti, miqyası və müddətinə görə elmi ictimaiyyəti təəccübləndirdi”, - Kopernik İqlim Dəyişikliyi Xidmətinin direktoru Karlo Buontempo deyib.

2023-cü ildə normadan yüksək temperatur müxtəlif ölkələrdə, o cümlədən ənənəvi olaraq əsas turizm məkanlarından biri olan İtaliya, İspaniya, Yunanıstan və Türkiyədə meşə yanğınlarına səbəb olub.

Mütəxəssislər deyirlər ki, kondisionerlər davamlı həll yolu deyil. Dünya Bankının 2019-cu ildə dərc etdiyi hesabata görə, kondisionerlər və soyuducular da daxil olmaqla, adi soyutma cihazları artıq bütün qlobal istixana qazı emissiyalarının 10 faizini təşkil edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər