18 May 12:08
1 809
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elm adamları Süd Yolu qalaktikasında anomal infraqırmızı şüalanma nümayiş etdirən 7 ulduz kəşf etdikləri iddiasındadırlar, bu da çoxdan proqnozlaşdırılan yerdənkənar enerji texnologiyasının əlamətlərini göstərir.

Teleqraf.com “Independent”ə istinadla xəbər verir ki, bunlar yalnız son dərəcə texnoloji cəhətdən inkişaf etmiş sivilizasiyalar tərəfindən tikilə biləcək və ulduzlardan enerji almaq üçün nəzərdə tutulmuş “Dayson kürələri” (və ya "Dayson sferası") adlanan meqastrukturlardır.

Yunan od və metallurgiya tanrısının adını daşıyan “Hefest” adlı layihə tədqiqatçılara yerdənkənar enerji istehsalının əlamətlərini axtarmaq üçün yeni üsul kəşf etməyə imkan verib. Elm adamları Süd Yolunda “Dayson kürələri”nə namizədləri müəyyən etmək üçün Qaya DR3, 2MASS və WISE astronomik tədqiqatlarının məlumatlarını təhlil ediblər.

Anomal infraqırmızı şüalanma nümayiş etdirən mənbələri aşkarlamağa yönəlmiş xüsusi proqram hazırlanıb. Təxminən 5 milyon mənbədən alınan məlumatları təhlil etdikdən sonra tədqiqatçılar potensial “Dayson kürələri”nin kataloqunu tərtib ediblər. Araşdırma zamanı 5 milyondan 7-sinin “Dayson kürələri” olduğu üzə çıxarılıb.

“Dayson kürələri” modellərimizə uyğun olaraq, qeyri-müəyyən təbii mənbələrin anomal infraqırmızı şüalanma nümayiş etdirən 7 görünən M cırtdanını aşkarladıq”, - elm adamları deyirlər.

Eyni zamanda, bu mənbələrin əsl mahiyyətini üzə çıxarmaq üçün mütləq əlavə təhlillərə ehtiyac olduğu vurğulanır.

“Dayson kürələri” konsepsiyası ilk dəfə 1960-cı ildə fizik Friman Dayson tərəfindən irəli sürülüb. Bu cür meqastrukturlar nəzəri cəhətdən mümkün olsa da, sabit “Dayson kürələri” sisteminin yaradılması bəşəriyyətin mühəndislik imkanlarından kənardadır. Bunlar enerji toplayan nəhəng meqastrukturlardır. Ağıllı həyatın mövcudluğunu göstərən bu cür texnoimzaların axtarışı Yer kürəsinin hüdudlarından kənarda sivilizasiyaların mövcudluğuna dair sübutlar kəşf etməyə çalışan elm adamları üçün əsas mövzu olub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər