22 May 09:32
1 263
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 19-da helikopteri qəzaya uğrayan İran Prezidenti İbrahim Rəisi mayın 23-də Məşhəddə dəfn olunacaq. Dünya 50 gün sonra seçki keçirəcək İranın yeni prezidentinin kim olacağı məsələsini müzakirə edir. Ancaq İranda prezident kreslosunun “lənətləndiyinə” dair şərhlər verilir. Çünki hazırkı dini lider Əli Xameneyidən başqa prezident seçilərək vəzifəsini tamamlayıb normal təqaüdçü həyatını yaşayan lider yoxdur.

Teleqraf.com xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti yazır.

Nəşr İranın ilk prezidentindən Rəisiyədək bu ölkənin liderləri ilə bağlı maraqlı araşdıra aparıb.

Əbülhəsən Bənisədr

İranın ilk prezidenti. 1980-ci il yanvarın 25-də prezident seçilsə də, o zamankı dini lider Ruhullah Xomeyni ilə fikir ayrılığı səbəbindən 1981-ci ildə İslam İnqilab Keşikçiləri Korpusu (SEPAH) tərəfindən sarayına basqın edilib. Fransaya qaçmağa məcbur olan Bənisədr 2021-ci il oktyabrın 9-da vəfat edənə qədər mühacirətdə yaşayıb.

Məhəmməd Əlirəcayi

1981-ci il iyunun 22-də Bənisədrin parlament tərəfindən istefaya göndərilməsindən sonra (avqustun 2-də) prezident vəzifəsinə başlayıb. Cəmi 28 gün sonra - avqustun 30-da müxalif qrupların təşkil etdiyi bombalı hücumda həyatını itirib.

Əli Xameneyi

İran prezidentləri arasında problem yaşamayan yeganə liderdir. 1981-1989-cu illərdə prezident vəzifəsini icra edən Xameneyi 1989-cu ildə o zamankı dini lider Ruhullah Xomeyninin vəfatından sonra postunu təhvil alıb.

Haşimi Rəfsəncani

1989-2005-ci illərdə prezident postunu tutub. 2005-ci ildə keçirilən prezident seçkilərində Mahmud Əhmədinejada uduzub. Bundan sonra sistem daxilində müəyyən bir vəzifə tutsa da, 2017-ci ildə ürək tutmasından vəfat edib. Rəfsəncaninin ölümünü şübhəli edən 2015-ci ildə oğlu Mehdi Haşiminin rüşvət və korrupsiya ittihamları ilə həbs olunmasıdır. Qızı Faizə Haşimi Fərsancani də 2022-ci ilin sentyabrında saxlanılıb və hökumət əleyhinə nümayişlərdə iştirak etdiyinə görə 5 il ev dustaqlığına məhkum edilib.

Mahmud Əhmədinejad

Rəfsəncaniyə Xameneyi və SEPAH-ın dəstəyi ilə 2005-ci il seçkilərində qalib gələrək prezident olub. Amma vəzifədə olduğu müddətdə Xameneyi ilə arasında ciddi fikir ayrılıqları yaranıb. 2011-ci ildən bəri bəzi yaxınları və qohumları korrupsiya ittihamı ilə həbs edilib. 2024-cü ilin fevralında “təhlükəsizlik səbəbi” ilə xaricə çıxışına qadağa qoyulub. 2021-ci il seçkilərində yenidən prezidentliyə namizəd olmaq istəsə də, Konstitusiya Şurası namizədliyinə veto qoyub. Ev dustaqlığına məhkum edilə biləcəyi iddia edilir.

Həsən Ruhani

2013-cü ildə Əhmədinejaddan sonra prezident seçilən islahatçı lider. 2015-ci ildə qardaşı Hüseyn Feridunun maliyyə cinayətlərinə görə həbs edilməsindən sonra hakimiyyətin sərt üzü ilə tanış olub. Səlahiyyət müddəti başa çatdıqdan sonra siyasi baxımdan təsirsiz fiqura çevrilib.

İbrahim Rəisi

Xameneyidən sonra dini rəhbər seçiləcəyi düşünülən Rəisi mayın 19-da helikopter qəzasında həlak olub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər