29 May 16:15
2 916
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Cümhuriyyəti türk və islam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi olaraq qəbul olunur.

Teleqraf.com xəbər verir ki, bunu tarixçi alim Zaur Əliyev deyib.

Onun sözlərinə görə, o dövr üçün dünyada mövcud olan üç demokratik dövlət var idi: Amerika, Fransa və Azərbaycan Cümhuriyyəti:

"Qısa zamanda böyük tarixi işlərə imza atan Cümhuriyyətimizin bizə miras qoyduğu üç rəngli, ay-ulduzlu bayrağımızdır. Çox təəssüf ki, bu gün cəmiyyətdə bayrağımızın fəlsəfəsini bilmədən onun barəsində yanlış məlumatlar yazırlar. Ən təhlükəlisi isə cəmiyyəti, dövlət başçısını və rəsmləri, medianı çaşdırırlar. İddia edirlər ki, guya Azərbaycan bayrağının yaradılması ideyası Cümhuriyyət dövründə Bakının general-qubernatoru olmuş general-leytenant ser Vilyam Tomson olub. Bunu iddia edənlər də ortaya nəinki tutarlı fakt qoymurlar, heç bayrağımızın fəlsəfəsini bilmirlər.

Vilyam Tomson 1918-ci ilin sentyabrından 1919-cu ilin may ayına qədər Britaniya ordusunun Şimali İran Qüvvələrinin komandanı olub. Bu müddət ərzində həmçinin Cənubi Qafqazdakı ingilis qoşunlarına da komandanlıq edib. Onun Azərbaycan Cümhuriyyətinin daxili işlərinə qarışmaq hüququ olmayıb. 1992-ci ildə Stanford Universitetində Audrey L.Altstadtın “Azərbaycan türkləri: Rusiya hakimiyyəti altında güc və kimlik” adlı nadir sənədlər, o dövrün qeydləri üzrə nəşr edilən kitabında generalın öhdəliyi konkret göstərilir ki, o, dövlətin daxili işlərinə qarışmayacaq.

O, Britaniya Qoşun Komandanlığına və Antanta Ali Şurasına verdiyi hesabatlarda AXC-nin müstəqil yaşaya bilmə qabiliyyətinin yüksək olduğunu bildirib".

Tarixçi qeyd edib ki, Tomson Bakının general-qubernatoru olsa belə, Azərbaycan Cümhuriyyətinin bayraq məsələsinə müdaxiləsi olmayıb: "O, modern bir dövlətin türk-islam dövləti kimi dünyaya tanınmamasını istəyirdi. Cəmi bir dəfə təklifi olub ki, ilk gündə bayraq üzərində olan yaşıl rəng öndə olmasın ki, Qərb dövlətləri Azərbaycanı islam dövləti kimi tanımasın. Çünki o dövrdə Cümhuriyyətin ən böyük hədəfi Antanta dövlətləri tərəfindən müstəqilliyinin tanınması idi. Bu tanınma olsaydı, Azərbaycan işğal olunmazdı".

“Niyə ilk qəbul edilən qırmızı, ay-ulduzlu bayraq dəyişdi” sualına cavabda Zaur Əliyev deyib: "Məlumdur ki, Azərbaycan hökuməti Tiflisdən Gəncəyə köçdükdən sonra 1918-ci il iyunun 21-də qırmızı parçadan hazırlanmış, qırmızı yerlik üzərində ağ aypara və səkkizguşə ulduz təsvir edilmiş bayrağı dövlət bayrağı kimi qəbul edib. Lakin dünya Osmanlıların da istifadə etdiyi oxşar bayraqla ikinci dövləti qəbul etmək istəmirdi. Tomson bu barədə cümhuriyyətçilərə tövsiyə edirdi ki, əgər Antanta dövlətləri tərəfindən tanınmaq istəyirsinizsə və istəmirsinizsə sizi “Osmanlı intriqası ilə yaradılan dövlət” kimi qəbul etsinlər, müstəqilliyinizi dünyaya göstərəcək qərarlar verin.

Əlbəttə, bu təklifdə haqlı idi və o da istəyirdi ki, Azərbaycan müstəqil dövlət kimi tanınsın, qəbul edilsin. O dövrdə Britaniya başda olmaqla, Fransa, İtaliya, Amerika Osmanlını xatırladacaq hər şeyə qarşı idilər. I Dünya müharibəsində qarşı-qarşıya gələn iki dövlət arasında bu kimi addımlar təbii qarşılanmalı idi.

İndi Rusiya, Osmanlı və İran təsirində olan şəxslər Britaniyanı və onun generalını ittiham edirlər. Lakin unudurlar ki, məhz ilk dəfə cümhuriyyətçilərin bu addımı sayəsində ingilis komandanlığı rəsmi tanınma barədə qərar verib, bəyanatlarında “Azərbaycan Cümhuriyyəti rəyasəti” ifadəsini istifadə edib. Qeyd edim ki, 1918-ci ilin dekabrın 28-də müttəfiqlərin Bakıdakı nümayəndəsi general Tomson F.Xoyskinin sədrliyi ilə yaradılmış koalisyon hökuməti Azərbaycanda yeganə qanuni hakimiyyət kimi tanıdı.

General Tomson olmasaydı, digəri olsa idi, əslində hadisələr başqa cür inkişaf edəcəkdi. Bunu Azərbaycan hökumətinin başçısı Fətəli Xanın general Tomsonla görüşündə olan söhbət də təsdiqləyir.

Bir faktı da qeyd edim. 1919-cu il aprelin sonunda ermənilər Qarabağ general-qubernatorunun hakimiyyətini tanımaqdan imtina etmişdilər. General Tomson 1919-cu il mayın 5-də onların rəhbərlərinin Qarabağdan çıxarılması haqqında sərəncam vermiş və iyunun 5-də onlar ingilis nümayəndələrinin müşayiəti ilə Şuşadan Tiflisə sürgün edilmişdi. İyunun 6-da isə Şuşanın ermənilər yaşayan hissəsində keçirilən mitinqdə ermənilər Azərbaycan hökumətini tanıdıqlarını bildirmişdilər.

Üçrəngli bayrağın qəbulu və ideyası müstəqil dövlət olan Cümhiriyyətə məxsus idi, həm də artıq müstəqil hökumətin simvolu idi.

1918-ci ilin 4 noyabrında Əli Bəy Hüseynzadə, Məmməd Əmin Rəsulzadə və Xan Xoyski birgə üçrəngli bayraq barədə müzakirə edib qərar verirlər ki, yaşıl, qırmızı və göy rəngdə bayraq qəbul etsinlər. Bu rənglərin də seçilməsi təsadüfü deyildi. Bu, tariximizlə birbaşa bağlı olan rənglər idi.

Odur ki, 1918-ci ilin noyabrın 9-da qırmızı rəngli bayrağın yerinə Üçrəngli bayrağın yaradılması haqqında M.Ə.Rəsulzadənin və onun başçılıq etdiyi Azərbaycan Milli Şurasının təklifi ilə qərar qəbul edildi. Bayraqdakı rənglərin təsviri və düzülüşü ilə bağlı beynəlxalq güclərə izah vermək lazım idi ki, Azərbaycan Milli Şurasının sədri M.Ə.Rəsulzadə yazırdı: “Müstəqil Azərbaycanı təmsil edən o üç boyalı bayrağı Şurayi-Milli qaldırmışdır, türk hürriyyəti, islam mədəniyyəti və müasir Avropa iqtidari-əhraranəsini təmsil edən bu üç boyalı bayraq daima başlarımızın üstündə ehtizaz edəcəkdir. Bir dəfə qaldırılmış bayraq bir daha enməyəcəkdir...”

Əslində bu məqalədə Rəsulzadə sadəcə Britaniyanın eşitmək istədiyi sözləri deyirdi.

Əlbəttə, Britaniya bəzi məsələrdə bizə düzgün yön vermişdi - müstəqil dövlət olan Azərbaycanı dünya tərəfindən qəbul edilməsi üçün".

Tarixçi onu da əlavə edib ki, Azərbaycan bayrağının nə ideya müəllifi, nə də rənglərini Britaniya seçib: "Amma qəbul olunan bayrağımızın dünyada tanınmasına dəstək veriblər. 1919-cu ildə Britaniya qoşunlarının Bakını tərk etməsinin isə səbəbi dövlətimizin müstəqil olması və müstəqil idarə edilməsi idi. Azərbaycan hökumətinin nümayəndələri Qafqazdakı müttəfiq qoşunlarının komandanı general V.Tomsonla danışıqlar zamanı Azərbaycanın beynəlxalq sülh konfransında iştirakına təminat almışdılar. Bunu da unutmaq lazım deyil".


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər