Nadir Şah savaş üçün doğulmuşdu. Onun həyatı savaşlar içərisində keçmişdi.
Teleqraf.com xəbər verir ki, bunu AMEA-nın əməkdaşı, dosent Zaur Əliyev deyib.
Onun sözlərinə görə,Nadir şahın oğullarından biri bir dəfə ona deyir ki, sənə qılıncla qalib gələcəm: “Nadir şah gülərək qayıdır ki, götür, bizi ayağıma batır. Oğlu bizi onun ayağına vurur, qalın iynənin ucu dəriyə batanda əyilir.
Nadir şah gülür:
“Oğul, ömrü at üstündə savaşda keçən kişinin bədəninə qılınc batmaz. Mən bir ayağımla gedib Hindistanı tutdum, iki ayaqla getsəm bütün dünyanı tutaram. Oğlum, qorxusu olan insanlar bizdən həmişə aşağıdadırlar”.
Məsələn, Nadir şah oğlu Nəsrullah xanı Hindistan şahzadəsilə evləndirəndə Moğol adətinə uyğun olaraq oğlan yeddi arxa dönəninin kimlərdən ibarət olduğunu bir-bir saymalı və öz əsl-nəcabətini göstərməliydi. İşi belə görən Nadir demişdi:
“Deyin ki, qılınc oğlu, qılınc nəvəsi, yeddi arxa dönəni də qılınc olan Nadir şahın oğludur”.
Sarayda ziyafət verilən zaman mollalardan biri cənnətdən danışır. Nadir şah bunu eşidir və ondan soruşur:
“Orada ki belə şeylər var... Bəs düşmən üzərində qələbə necə, olurmu?”
Molla cavab verir: “Şah, xeyr”.
Nadir şah gülərək deyir: “Daha bunun nə ləzzəti, oranın nəyini tərifləyirsiniz?”
Nadir şah sarayda və orduda türk dilində danışardı. Səfərləri boyu məğlub etdiyi bütün ərazilərdə başçılarla ana dilində söhbət edərdi. Halbuki fars və ərəb dillərini də bilirdi. 6 milyon kvadrat kilometr ərazisi olan bir dövlətə başçılıq edirdi.
19 iyun Türk imperatoru Nadir şahın sui-qəsd nəticəsində öldürülməsi günüdür.
Onun qətl anı bu cür baş verdi. Nadir şah yuxudan oyandı. Bu vaxt sui-qəsdçilər xəncərlə çadırı cırıb, içəri girdilər. Nadir şah Saleh xanı görən kimi söydü:
– Bişərəf! - və onun üstünə atıldı. Çöldəki nökərlər də çadırın cırılmış yerindən ağalarının dalınca içəri girdilər. Çadır əlləri qılınclı, xəncərli adamlarla doldu. Bu zaman Nadir şahın ayağı çadırın orta dirəyinə bağlanmış ipə ilişdi və yerə yıxıldı. Qılıncına söykənib ayağa qalxsa da, zərbə endirməyə macal tapmadı.
O, heç ağzını da aça bilmədi. Çünki Saleh xan Qırxlı içəri girən kimi yuxudan təzəcə oyanmış şahın kürəyinə möhkəm qılınc zərbəsi endirə bilmişdi.
Məhəmməd xan Qacar əlindəki qılıncı Nadir şahın başına endirdi və bununla da, demək olar ki, məsələ həll olundu. Nadir şah güclü adam idi. Əgər bu qılınc zərbəsi olmasaydı, o, üç-dörd nəfərə çətin ki, can verərdi.
Qoçu bəy qılıncla Nadir şahın sağ qolunu doğradı. Qan içində olan şah: “Məni niyə öldürürsünüz? Həyatımı bağışlayın, nəyim varsa sizə bağışlaram”, - deyə bildi.
Bu vaxt sui-qəsdçilər artıq müqavimət göstərməyən Nadir şahın üstünə düşüb, ona ard-arda qılınc zərbələri endirməyə başladılar. Nəhayət, Nadir şah yıxılıb, yerdə hərəkətsiz qaldı. Nə Qoçu bəy Əfşar, nə də Saleh xan Qırxlı artıq ölmüş Nadir şahın başını kəsməyə cəsarət etdilər. Axırda Musa bəyin nökəri gəlib, qılıncla cansız başı bədənindən ayırdı.
Hər şey qaranlıq bir otaqda sona çatdı...
Onun qətlinə aparan yol isə Nadir şah Əfşarın 1736-cı ilin sentyabrında Rusiyaya əhəmiyyət vermədən, onun iştirakı olmadan Osmanlı ilə sülh müqaviləsi bağlaması idi. Bununla da Nadir şah iki türk dövləti arasında süni şəkildə siyasi maneə kimi qızışdırılan sünnilik və şiəlik məzhəblərini aradan qaldırmaq istəyirdi. Elə bu arzusu da Rusiya, Fransa və Vatikanın narahat edirdi. Onun qətlinin səbəbi bu idi. Nadir şahın ən böyük arzusu sünni və şiə məzhəblərini aradan qaldıraraq türk birliyinin qurulmasına nail olmaq idi. Onun bu arzusu 1736-cı ildə keçirilən Muğan qurultayında da öz əksini tapmışdı.
Nadir şaha sui-qəsdin arxasında sarayda olan fars şiəçi mollalar idilər. Onlar Nadir şahın ətrafındakı bəzi xanları da inandıra bilmişdilər ki, Nadir şahın məzhəb ideyasını aradan qaldırılmaq istəyi zərərlidir. Özəlliklə, şiəliyin aradan qaldırılmasını dinin sonu kimi qələmə verən Fars şiəçiləri Rusiyanın dəstəyini alaraq bu qətli həyata keçirdilər.
Şahın kəsik başının Heratda olan Əli Xana aparılması üçün əsgər yola salansa da, o da yolda öldürüldü və kəsik baş üç həftə sonra Əli Xana çatdırıldı.
Nadirin ölümündən sonra imperiyada qarşıdurmalar baş qaldırdı. Artıq hər bölgə ayrılıb, özünə yeni xanlıq qururdu. 1747-ci ildə Nadir şahın faciəli qətli Azərbaycanın parçalanmasının başlanğıcı oldu.
Nadir şah ölməsəydi, indi dünya başqa cür idi!